Ötən gün 7 erməni hərbçisinin öldürülməsi, 3 Azərbaycan əsgərinin şəhid olmasına Türkiyə mətbuatında geniş yer verilib.
Axar.az xəbər verir ki, Türkiyənin "Taymtürk" saytı Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatlarına əsaslanaraq cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə Rauf Vəliyev, Neman Əhmədzadə və Zöhrab Mustafazadənin şəhid olduğunu bildirib. Həmçinin qeyd edilib ki, Azərbaycan ordusu düşmənin cəbhədə fəallaşmaq cəhdinin qarşısını alıb.
Erməni hərbi bölmələrinin ön səngərlərinə, mövqelərinə, eləcə də müəyyən edilmiş koordinatda onun müdafiəsinin dərinliyindəki canlı qüvvəsi və döyüş texnikasının toplanma məntəqəsinə endirilən zərbələrindən sonra qarşı tərəfin 7 hərbi qulluqçusu məhv edilib, çoxlu sayda yaralısı var.
Türkiyə mediası sonda qeyd edib ki, cəbhə xəttində üç gün əvvəl çıxan qarşıdurmada da Ermənistan ordusundan 4, Azərbaycan ordusundan 1 əsgər həyatını itirib.
q