Bundan sonra “Türk Hava Yolları” və "Anadolu Jet" şirkətləri ölkədaxili uçuşlarda şəhid ailələrinə 20%-lik endirim edəcək. Bununla bağlı şirkətin qəbul etdiyi qərarda vurğulanır ki, endirim şəhid olanların həyat yoldaşları, valideynləri və evli olmayan, 25 yaşı tamam olmayan övladlarına şamil olunacaq.
Maraqlıdır, Azərbaycanda
da şəhid ailələri ilə bağlı oxşar güzəştlərin tətbiqinə ehtiyac varmı? Bu cür
güzəştlərin tətbiqi şəhid ailələrinə maddı dəstək olmaqla yanaşı, cəmiyyətdə hərbi-vətənpərvərlik
ruhunun yüksəlməsi, gənclərə müharibə veteranı və şəhidlərə ehtiram hissinin
aşılanması baxımından məqsədəuyğun olmazmı?
Bununla bağlı Moderator.az
və “Hürriyyət” qəzetinə açıqlama verən QAT sədri Akif Nağı oxşar güzəştlərin Azərbaycanda
tətbiqinə tərəfdar olduğunu və bunu bir çox baxımdan zəruri hesab etdiyini
vurğuladı:
“Bizim torpaqlarımız
işğal altındadır. Hər bir əməl, hər bir addım insanların içərisində qələbəyə, zəfərə
inam yartmağa hesablanmalıdır. Bunu hər addımda hökmən nəzərə almaq lazımdır. O
cümlədən də müharibə veteranlarına, müharibə əlillərinə, şəhid ailələrinə
xüsusi diqqət göstərilməlidir. Bu yöndə ciddi tədbirlər həyata keçirilməlidir.
Doğrudur, müəyyən addımlar atılır. Lakin bunlar pərakəndə addımlardır. Bu yöndə
verilən qərarların bir çoxu yerinə yetirilmir.
Türkiyədə həyata keçirilən
bu yenilik şəhid ailələrinə olan diqqətin göstəricisidir. Təbii ki, şəhid ailəsi
gündə harasa uçan deyil. Amma bu cür güzəştlər cəmiyyətdə müsbət əhval-ruhiyyə yaradır.
Bu, şəhid ailələrinə də mənəvi dəstəkdir. Buna görə də hesab edirəm ki, bu və
buna bənzər addımların atılması təqdirəlayiq olardı. Hesab edirəm ki, Azərbaycan
bu məsələdə Türkiyənin praktikasından geniş şəkildə istifadə etməlidir”.
Seymur Əliyev