Məlum olduğu kimi, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev AMEA prezidenti Akif Əlizadəyə teleqram göndərərək istefa ərizəsini geri götürdüyünü, əmək fəaliyyətini davam etdirmək istədiyini bildirib.
Maraqlıdır,
Əmək Məcəlləsində öz istefa ərizəsindən imtina edən şəxslərlə bağlı məsələ necə
tənzimlənir? Onların yenidən işə qayıtmaqla bağlı müraciətləri yerinə yetirilməlidirmi?
Bununla bağlı hansı istisnalar mövcuddur?
Məsələ
ilə bağlı Moderator.az-ın sualını cavablandıran hüquqşünas Nicat Gözəlov
akademik T.Hacıyevin işə çıxmasında heç bir problem olmadığını bildirib.
Hüquqşünasın qənaətincə, mövcud qanunvericilik T.Hacıyevin öz vəzifəsinin
icrasını davam etdirməyə icazə verir və bu, onun hüququdur:
“Əmək Məcəlləsinin 69-cu maddəsinin 6-cı hissəsində
məzuniyyətə gedərkən yazılan ərizələrdən danışılır. İşçi yaza bilər ki, mən məzuniyyət
hüququmdan istifadə etməmişəm, məzuniyyət hüququmdan istifadə etməklə məzuniyyət
müddətim bitəndən sonra da işə çıxmayacam. Lakin daha sonra ərizə verən şəxs məzuniyyət
müddəti bitən günə qədər yenidən işə qayıtmaqla bağlı ərizə versə, avtomatik
olaraq birinci ərizə qüvvədən düşür. Ikinci ərizə yalnız bir halda qəbul edilməyə
bilər. Bu o halda ola bilər ki, işə götsürən onun ərizəsini aldığı gündən ikinci
ərizəni aldığı günə qədər başqa bir şəxsi onun yerinə vakant vəzifəyə götürsün
və bununla bağlı əvvəlki işçiyə, konkret halda Tofiq müəllimə poçt vasitəsi ilə
rəsmi olaraq məlumat versin. Orada göstərsin ki, artıq vəzifəyə yeni şəxs
götürülüb. Belə olan halda ikinci ərizənin qüvvəsi olmur. Amma belə bir
bildiriş, xəbərdarlıq daxil olmayıbsa, ikinci ərizə əsasında birinci ərizəyə
avtomatik olaraq xitam verilir və həmin şəxs məzuniyyət günü bitəndən sonra işə
çıxmaqda haqlıdır”.
N.Gözəlovun fikrincə,
T.Hacıyevin öz vəzifəsinin icrasını davam etdirməsi üçün hansısa əlavə addım və
prosedura müraciət etməsinə gərək yoxdur: “69-cu maddənin 6-cı bəndi həmin maddənin
4-cü bəndinə istinad edir. Əmək müqaviləsi ilə bağlı məsələdən bəhs olunur. Biri
var ki, işçi işləyə-işləyə əmək müqqviləsini ləğv etməklə bağlı ərizə verə, bir
də var məzuniyyətə gedərkən belə bir ərizə versin. Hər bir halda
qanunvericilikdə deyilir ki, başqa işçinin işə götürülməsi ilə əlaqədar ərizə
verən şəxsin işdən çıxarılması ilə bağlı əmr yoxdursa, işçi öz işinin icrasına
davam edə bilər. Yəni Tofiq müəllim də öz işinin icrasına davam edə bilər. Buna
görə əlavə hansısa prosedur həyata keçirməsinə ehtiyac yoxdur. İkinci ərizə
birinci ərizəyə dərhal xitam verir. Ona görə də onun işə çıxmağında heç bir
problem yoxdur”.
N.Gözəlovun sözlərinə görə,
bu cür hallarda ikinci ərizənin tələbi dərhal yerinə yetirilməlidir: “Qanunvericilikdə
yazmır ki, ikinci ərizə verilən zaman ona baxıla və ya baxılmaya bilər. Qanunvericilik
müəyyən edir ki, ikinci ərizə daxil olan kimi o, yerinə yetirilməlidir. Bu,
imperativ normadır. Onun geriyə yolu yoxdur. İkinci ərizəni verən şəxs
avtomatik olaraq işə çıxır. Yəni “işçi istəsə işə çıxardar, istəməsə yox” deyilən
bir şey yoxdur. Bəzi təşkilatlarda bu cür hal baş verəndə rəhbərlik bildirir
ki, “yerinə adam götürmüşəm və buna görə də sən fəaliyyətini davam etdirə bilməzsən”.
Əmək qanunvericiliyində göstərilir ki, işə götürən təzə işə götürdüyü şəxs barəsində
24 saat ərzində müvafiq icra orqanına, Vergilər Nazirliyinə məlumat verməlidir.
Bu, elektron formada verilir. Yəni lazım gələrsə, kiminsə yerinə kiminsə işə
götürülməsi elektron baza vasitəsi ilə yoxlanıla bilər”.
Seymur Əliyev