Azərbaycanda formalaşmaqda olan yeniyetməlik və gəncliyin mövcud durumu, onun əxlaqi-mənəvi baxımdan yarımçıqlığı, milli dəyər və ruhdan məhrumluğu ölkə ziyalıları tərəfindən ciddi narahatlıqla qarşılanmaqdadır. Proseslərin ciddiliyini və kütləviliyini nəzərə alan bəzi ziyalılar hesab edir ki, əgər yeniyetmə və gənc nəslin düzgün tərbiyəsi istiqamətində təcili tədbirlər görülməzsə, o zaman xalq olaraq yaxın gələcəkdə daha ciddi problemlərlə üzləşə bilərik.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev də bu sahədə vəziyyətin acınacaqlı olduğunu vurğuladı:
“Vaxt vardı ki, gənclərin formalaşması, təşəkkül tapması ölkənin, ən əsası da dövlətin prioritet verdiyi, mühüm saydığı məsələ idi. Lap erkən yaşlarından uşaqlara vətən sevgisi, kitaba, biliyə, əməyə, böyük-kiçiyə hörmət aşılanırdı.Və bütün bunlar bir sistem şəkilində bitməyən bir prosses şəkilində davam edirdi. Bu da təbii idi, axı yeni formalaşan nəsil, sözün həqiqi mənasında ölkənin gələcəyi, xalqın dəyərlər sisteminin davamçıları sayılırdı... İndi isə təəssüflər ki, qeyd etdiyim həmin müstəsna əhəmiyyətli estafetin həlqələri qırılıb. İndi oxumadan da mənsəb sahibi olmaq mümkündür,- yetər ki, sən filankəsin oğlusan, varlı ailənin uşağısan və s. İndi sən etikaya, mənəviyyata əhəmiyyət vermədən də cəmiyyətdə müəyyən hörmət qazana bilərsən. Çünki sən varlanmağı, "daşdan pul çıxarmağı" bacarırsan,- fərq etməz, sən bunu hansı yollarla, hansı mənəviyyatsızlıqlarla edə bilirsən!.. Ən pisi və gələcəyimizi qaranlığa bürüyən faktorlardan biri, bəlkə də ən birincisi budur ki, məmləkətimizdə qiymət meyyarları dəyişib. Sadə dillə desək, əgər qabaqlar oğulu ataya görə tanıyırdılarsa ("Bu, filankəsin oğludur.") indi artıq atanı oğula görə tanıyırlar.( Bu, filankəsin atasıdır.") Cəmiyyətin bu sayaq transformasiyaya uğraması- özü də çox qısa zaman kəsiyində- məncə yaxşı heç nə vəd eləmir. Dünən ataların ar bildiyi, ayıb saydığı,"camaat nə deyər", "mənə yaraşmaz" "eldən ayıbdı" və s və i.a. məsələr bugünkü gəncliyin rişxəndi ilə qarşılaşır. Və onlar artıq heç bir mədəni, mənəvi və əxlaq qadağaları vecə almadan, öz məqsədlərinə çatmağa can atırlar. Səd heyif ki, cəmiyyətin harmoniyasını qorumağa borclu olan hakimiyyət də belə ciddi məsələlərdə yaxasını kənara çəkməyə üstünlük verir.
Təbii ki, deyilənləri ucdantutma bütün yeniyetmə və gənclərə şamil etmirəm. Ancaq bir məsələ mənim üçün aşkardır: bu gün biz bir cəmiyyət olaraq, dövlət olaraq həyacan təbili çalmasaq az bir müddətdən sonra manqurtlaşmış, heç bir mental dəyəri olmayan topluma çeviriləcəyik və böyük, çox böyük bir problemlə üzbəsurət qalmağa məhkum olacağıq”.
Seymur Əliyev