Bu dünyada vətən uğrunda ölmək qisməti də var.
Bütün arzuları, xəyalları, məqsəd və planları yarımçıq qalan, həyatı 24 yaşında bir güllə ilə bitən Eldar Fətəliyev kimi.
1991-ci ildə Gədəbəyin Novoivanovka kəndində dünyaya göz açan bu insan ötən şənbə cəbhə xəttində gedən döyüşlərdə gözlərini əbədi olaraq yumdu. Yaşasaydı, bəlkə də bu adı heç kim tanımayacaqdı, amma ailəsi, həyat yoldaşı, uşaqları, işi, gündəlik qayğıları olacaqdı. Bəlkə də tanınmış olacaqdı. Nə bilmək olar?!
Nazan Fətəliyeva
“Azadlıq” radiosunun müxbiri şəhid Eldar Fətəliyevin anası Nazan Fətəliyeva ilə həmsöhbət olub.
Anasının dediklərindən: “18 yaşı tamam olanda kənddə dostlarının əksəriyyətinə hərbi çağırış bileti gəlmişdi, Eldara isə yox. Hərbi komissarlığa gedib adını yazdırmışdı ki, mən də əsgər gedirəm. Əsgərliyini bitirib gəldikdən sonra evdə saxlaya bilmirdik. Nə qədər mane olsaq da eşitmədi bizi, təzədən getdi hərbiyə”.
Eldar Fətəliyevin oğulları
Ana sözlərinə belə davam edir: “Bu yaxınlarda sevincək evə gəldi ki, ay ana, döyüşlərdə uğur qazanmışam. Sabah isə fəxri fərmanla təltif etdilər oğlumu. Mən də anayam, ürəyim dözmürdü. 6 və 3 yaşında iki oğlu vardı, ikisinə də əsgər paltarları almışdı. Deyirdi, oğullarım da mənim kimi vətənə xidmət edəcəklər”.
Eldar Fətəliyevin ailəsi
Xalası Nərgiz Süleymanova da deyir ki, o da Eldarın arxa cəbhədə qalıb işləməsini istəyib: “O, özü postlara can atırdı, deyir ki, buralar cənnətdir, xala. Biz Eldarla fəxr edirik, başımız dikdir”.
Qalib Quliyev
Eldar Fətəliyevin yeznəsi Qalib Quliyev də öz xatirələrini bölüşür: “Eldarla biz çox yaxın olmuşuq, hətta yeznə-qayın münasibətlərindən də artıq olub o mənə. Qardaş kimi idi. Heç vaxt hərbidə olduğundan peşmançılıq hissi keçirməzdi. Hərdən maraqlanardım, şəraitin necədir, post çətin deyil ki... Hər dəfə eyni cavab verirdi - Vətən anadır, anamızı qorumaq borcumuzdur! Eldar haqq dünyasına qovuşdu, Allah rəhmət etsin”.