İranla “altılıq” dövlətləri arasında əldə edilən tarixi razılaşma bütün dünyada olduğu kimi Azərbaycanda da böyük maraqla qarşılanıb. Baş verənlərə münasibət bildirən bəzi iqtisadi-siyasi ekspertlər bu razılaşmanın Azərbaycanın da maraqlarına cavab verdiyi qənaətindədir. Lakin İranın iqtisadi inkişafı üçün geniş perspektivlər açan sözügedən razılaşmanın həm də İran neftinin dünya bazarında daha geniş şəkildə çıxışına şərait yaradacağı da istina edilmir ki, bu da Azərbaycan nefti üçün müəyyən problemlər yarada bilər.
Maraqlıdır,
İranla altılıq dövlətləri arasındakı razılaşmanın Azərbaycan üçün mümkün təsirləri
nədən ibarətdir? İranla Qərbin dil tapması Azərbaycana müsbət təsir edəcəkmi? Doğrudanmı, Azərbaycan
İran-Qərb anlaşmasından udur?
Məsələ
ilə bağlı Moderator.az-ın sualını cavablandıran görkəmli beynəlxalq şərhçi Mirzə
Xəzər İran-“altılıq” razılaşmasının Azərbaycan üçün həm müsbət, həm də mənfi təsirlərə
səbəb olacağını bildirib:
“İranla
altı dövlət arasında imzalanmış sazişin Azərbaycana həm müsbət, həm də mənfi təsiri
olacaq. Müsbətdən başlayaq. İran nüvə silahına nail olmaq istəyirdi.
Tehranın bu niyyəti Amerika Birləşmiş Ştatlarını və İsraili narahat edirdi. Nüvə
ixtilafı söz davasından həqiqi hərbi qarşıdurmaya çevrilmək üzrə idi. İsrail
İranın nüvə qurğularını havadan bombardman edəcəyini, İran da bunun cavabında
İsrailin bütün şəhərlərini yerlə-yeksan edəcəyini bildirirdi. Bu hədə-qorxular
gerçəkləşsəydi, birinci qurban İran, ikincisi İsrail, üçüncüsü isə, qəribə səslənsə
də, Azərbaycan ola bilərdi. Niyə? Çünki, ABŞ və İsrailin İrana zərbə endirmək
üçün Azərbaycan ərazisindən platsdarm kimi istifadə edəcəyi istisna edilmirdi.
İranla altı dövlət arasında imzalanmış saziş hərbi münaqişə ehtimalını aradan
qaldırır və Azərbaycanın çətin dilemma ilə üzləşməyəcəyini göstərir. Bu
baxımdan imzalanmış saziş Azərbaycana müsbət təsir edəcək. Amma İran ilə Azərbaycan
arasında ən böyük maneə Bakı ilə Tel Əviv arasında strateji ittifaqdır. İran
atom silahından əl çəkdi, amma İsrailə qarşı sözdə "od püskürməkdən" əl
çəkməyəcək. Aydındır ki, Azərbaycan da İsrail ilə ittifaqdan imtina etməyəcək və
Heydər Əliyevin təməlini qoyduğu siyasi xəttən sapmayacaq. İranın tələbinə
boyun əymək müstəqilliyin mühüm hissəsini itirmək deməkdir. Azərbaycan-İsrail
münasibətləri 22 ildir Tehran-Bakı münasibətlərində diplomatik münaqişənin təməlində
durur. Yadımdadır. 1998-ci il fevralın 1-də Bakıda olarkən mərhum Heydər
Əliyevlə iki saata yaxın görüşüm oldu. Söhbət əsnasında Heydər Əliyev, 1997-ci
ilin sonunda Tehrana səfəri zamanı İran tərəfinin ondan İsrail ilə diplomatik əlaqələri
kəsməyi tələb etdiyini və onun bu tələbi rədd etdiyini yada salaraq qeyd etdi
ki, bu söz atışması ən yüksək tonda cərəyan edirdi.
Əsas məsələyə qayıdaq. İranla altılıq dövlətləri arasında
razılaşma və bunun nəticəsində Qərbin iqtisadi və siyasi sanksiyalarının ləğvi
İran neftinin dünya bazarına axmasına və nəticə etibarilə Azərbaycanın Avropa
üçün neft və qaz mənbəyi kimi rolunun kiçilməsinə gətirib çıxarda bilər. Azərbaycanın
Avropanın əsas neft və qaz tədarükçüsü olaraq əhəmiyyətini itirməsi işğal
edilmiş Qarabağ torpaqlarının qaytarılması məsələsini də gündəlikdən silə biləcəyini
iddia etmək yanlış olmazdı. Təsadüfi deyildir ki, altılıq dövlətləri ilə saziş
imzalandıqdan iki gün sonra İlham Əliyevin göstərişi ilə xarici işlər naziri
Elmar Məmmədyarovun Moskvaya səfər etdi. Rəsmi məlumatlarda yalnız Qarabağ məsələsinin
müzakirə olunduğu qeyd edilsə də, başqa məsələlərin, o cümlədən altılıq-İran
sazişinin də müzakirə mövzusu olduğunu söyləmək olar. Əlavə edək ki, İrana
qarşı iqtisadi sanksiyalar ləğv edilərsə, Xəzər neftinin İran ərazisindən Fars
Körfəzinə boru ilə daşınması planı da reallaşa bilər. Bunun da Azərbaycana müsbət
təsir edəcəyini söyləmək səhv olardı. Burada söhbət təkcə Azərbaycan neftindən
getmir, Qazaxstan və Türkmənistan nefti də mövzubəhs ola bilər. Məlumdur ki,
indiyədək TransXəzər neft kəmərinin Azərbaycandan keçməsi ehtimalı müzakirə
olunurdu. Planlar dəyişə bilər... Bütün bunlara baxmayaraq, şübhə yoxdur ki,
İran ilə Qərbin barışması, sanksiyaların ləğvi İran ilə Azərbaycan arasında
iqtisadi əməkdaşlığın genişlənməsinə gətirib çıxardacaqdır”.
Seymur
Əliyev