Rusiya prezidenti Vladimir Putin bugünlərdə maraqlı açıqlama ilə çıxış edib. Belə ki, Şanxay Əməkdaşlıq Təşkilatının perspektivinə toxunan Putin, bu quruma üzv olmaq istəyən dövlətlərin adları sırasında Azərbaycanın da adını çəkib.
Putinin bu açıqlaması Azərbaycanda birmənalı qarşılanmayıb. Belə ki, siyasilərin bir çoxu bunu Azərbaycan iqtidarının ölkəni uçuruma sürükləyən gizli sövdələşmələrdən biri kimi qiymətləndirib. Bununla yanaşı baş verənləri rəsmi Bakının siyasi manevri kimi dəyərləndirənlər də az deyil.
Bəzi politoloqlar hesab edir ki, Çin və Rusiya ittifaqının məhsulu olan bu təşkilatın Azərbaycan üçün yaxşı heç nə vəd etmədiyi hakimiyyətin özünə də yaxşı bəllidir. Lakin buna baxmayaraq, hakimiyyət Rusiyanın aqressiv münasibətindən qismən də olsa sığortalanmaq üçün Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq istiqamətində addımlar atır və ya belə bir görüntü formalaşdırır.
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı “Hürriyyət” qəzetinə açıqlama verən Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq perspektivinə aydınlıq gətirib. S.Əkbər ilk öncə Azərbaycanın bu təşkilatda hansı statusla çıxış etməsi məsələsinin aydınlaşdırılmalı olduğunu vurğulayıb:
“Öncə onu dəqqiləşdirmək lazımdır ki, söhbət burada konkret olaraq nədən ”“ üzvlükdənmi, əməkdaşlıqdanmı, müşahidəçilikdənmi gedir. İlk növbədə bunu dəqiqləşdirmək lazımdır. Çünki Putin çıxışında, bu çıxışılarla bağlı müxtəlif mətbuat orqanlarında dərc olunan məqalələrdə Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin gələcəyinə dair fərqli ifadələr işlədilib. Odur ki, hökumətin rəsmi mövqeyini ifadə edən Azərbaycan XİN-i bu məsələyə aydınlıq gətirməlidir. Aydınlıq gətirməlidir ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında hansısa statusla çıxış etmək üçün bu təşkilata müraciət edibmi? Əgər edibsə, o zaman söhbət hansı statusdan gedir? Mənə elə gəlir ki, burada söhbət üzvlükdən getmir”.
Ekspertin fikrincə, hazırda Azərbaycanın həm Rusiya, həm də Qərblə bağlı müəyyən qorxu və tərəddüdləri mövcuddur:
“İndiki geopolitik şəraitdə, strateji qarşıdurma şəraitində Azərbaycanın həm Qərbdən, həm də Rusiyadan çəkindiyi aydın şəkildə görünür. Qərb Azərbaycandan ədalətli seçkilər keçirmək, islahatlar reallaşdırmaq tələb edir. Bu isə hökumətin siyasi maraqlarına cavab vermir. Rusiya Azərbaycandan Avrasiya İttifaqına, eləcə də digər iqtisadi-siyasi proyektlərə qoşulmağı tələb edir. Azərbaycan isə Rusiyanın Ukrayna və Gürcüstandakı aqressiyadan yayınmaq üçün aralıq yollar axtarışındadır. Azərbaycan bu vəziyyətdə öz maraqlarını qorumaq üçün köməkçi yollardan istifadə etmək istəyir. Ola bilsin ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında müəyyən statusla iştirak etmək niyyəti bununla bağlıdır. Lakin bir daha qeyd edirəm ki, öncə bu statusu müəyyən eləmək lazımdır. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında hansı statusla iştirak etməsi çox önəmlidir. Əgər söhbət üzvlükdən getmirsə, mən buna taktiki siyasi gediş kimi baxıram. Və mən güman edirəm ki, söhbət üzvlükdən getmir”.
Politoloqun sözlərinə görə, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına üzv olarsa, o zaman bunun acı nəticələri ilə üzləşməli olacaq:
“Əgər söhbət üzvlükdən gedirsə, bu Azərbaycanın geopolitoik seçimi demək olacaq, hansı ki, bu, Azərbaycana çox baha başa gələ bilər.
Şanxay Əməkdaşlıq Təşkilatı Çin və Rusiyanın ”“ iki totalitar və avtoritar rejimin öz ətrafında qala qurmaq siyasətidir. Dünyada gedən qlobal demokratikləşmə prosesindən özünüqoruma cəhdidir.
Regionda sosial-iqtisadi vəziyyətin ağırlşadığı bir vaxtda, xüsusilə də Rusiyanın sanksiyalarla üzləşdiyi, iqtisadi-sosial baxımdan çöküşə doğru getdiyi bir zamanda Azərbaycanın bu gəmiyə minməsi ölkəmizə yaxşı heç nə vəd eləmir. Bu, o qədər aydın bir həqiqətdir ki, Azərbaycan hakimiyyəti bunu görməyə bilməz”.
“Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına meyllənməsi Qərbin ölkəmizə olan təzyiqlərini azalda bilərmi” sualının cavabına gəlincə, politoloq son vaxtlar Qərbin Azərbaycanla bağlı müxtəlif reveranslar etdiyinə diqqət çəkdi:
“Əslində diqqət yetirsəniz görərsiniz ki, son zamanlar Qərb Azərbaycana ciddi şəkildə reveranslar edir. Mən son zamanlar baş verən bir sıra hadisəni ardıcıllıqla yada salmaq istərdim. Avropa İnsan Haqları Məhkəməsində “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı çıxarılan hökm tamamilə Azərbaycanın maraqlarına cavab verən, Qarabağ probleminin dinc, demokratik yolla həllinə zəmin yaradan hallardan biridir. Bunun ardınca ATƏT-in Parlament Assambleyasının qəbul etdiyi qətnamə də buna misaldır. Bu qətnamə Azay Quliyevin təklifi əsasında qəbul edildi. Bu arada qeyd etməliyəm ki, bu, çox uğurlu təklifdir. Bunun ardınca Avropa Parlamentinin də qəbul etdiyi qətnamə oldu ki, bu qətnamə də Azərbaycanın maraqlarına cavab verirdi. Bunlar Azərbaycan və Ermənistan arasındakı münasiqşəni Ukrayna, Moldova münaqişələri ilə eyni statusa qaldıran qətnamələr oldu. Bu bir tərəfdən Azərbaycanın diplomatik uğuru, digər tərəfdən Qərbin Azərbaycana qarşı diplomatik reveranslarının nümunəsi kimi qiymətləndirilməlidir”.
S.Əkbərin qənaətincə, Qərbin Azərbaycanın enerji layihələrinə verdiyi dəstəyi də diqqətdən kənarda qoymaq olmaz:
“Bunlardan az əhəmiyyətli olmayan digər bir məsələ isə Azərbaycanın enerji layihələrinə dəstəyin verilməsi oldu. Xüsusilə də TAP-a həm ABŞ-ın, həm Avropa Birliyinin, həm də Türkiyənin birmənalı dəstək verməsi “Türk axını”nın ”“ Rusiya projesinin durdurulması deməkdir. Hər iki məsələdə Azərbaycanın Rusiya ilə maraqları toqquşur. Həm konfilikt, həm də enerji məsələlərində maraqların toqquşduğunu aydın şəkildə müşahidə etmək mümkündür. Maraqların toqquşduğu bu məsələlərdə Qərb Azərbaycanın yanında yer alır. Lakin buna baxmayaraq, Azərbaycanın Qərbə qarşı isterik təbliğat aparması və Rusiyaya doğru meyillənməsi, reveranslar etməsi çox ironik görünür. Ümid edirəm ki, bütün bunlar Rusiya qarşısındakı qorxudan irəli gəlir və taktiki xarakter daşıyır”.
Seymur Əliyev