Rusiyanın məşhur hərbi eksperti Aleksandr Sobyanin Azərbaycan və Türkiyə strateji müttəfiqliyi ilə bağlı maraqlı fikirlər səsləndirib. A.Sobyanin qeyd edib ki, Türkiyə NATO üzvü olduğu üçün Azərbaycanla strateji müttəfiqlik həyata keçirmək üçün bütün alyans üzvlərinin razılığını almalıdır.
Maraqlıdır, doğrudanmı NATO Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə maneədir? Həqiqətənmi alyans üzvlərinin razılığı olmadan Türkiyə Azərbaycanla strateji müttəfiq ola bilməz?
Bununla bağlı Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadə bu cür fikirlərin heç bir əsasa malik olmadığını vurğuladı:
“NATO avroatlantik məkandakı dövlətlərin qarşılıqlı müdafiə müqaviləsidir. Əgər hər hansı bir ölkə ilə əməkdaşlıq ümumi müdafeyə mane olmursa, belə bir əməkdaşlıq üçün hansısa ölkənin razılığını almaq lazım deyil. Hər bir ölkənin özünün müvafiq xarici siyasəti var. NATO-nun aparıcı ölkəsi olan Amerika İraqa girəndə digər üzv ölkələr ”“ Türkiyə, Fransa, Almaniya İraqa girmədi.
NATO Azərbaycanla sıx əlaqələr qurmaqda maraqlıdır. Əgər Türkiyə Azərbaycanla strataji müttəfiqliyə cəhd etsə, o zaman NATO Türkiyənin bu səylərini dəstəkləyər. Rus hərbi ekspertinin fikirləri çiy söhbətdir və reallıqla əlaqəsi yoxdur”.
Seymur Əliyev