Türkiyədə təhsil alan üç azərbaycanlı tələbənin PKK-ya qoşulması Azərbaycanda ciddi rezonansa səbəb olub. Bu, xaricdə təhsil alan digər azərbaycanlı tələbələr üzərində nəzarət məsələsini də gündəmə gətirib.
Maraqlıdır, xaricdə
oxuyan gənclərimiz üzərində Azərbaycan tərəfi hansısa formada nəzarət tətbiq
etməlidirmi? Belə bir nəzarətin yoxluğu arzuedilməz olayların artmasına, gəclərimizin
terror qruplaşmalarına qoşulması nəticəsində itirilməsinə səbəb ola bilərmi?
Bununla bağlı
Moderator.az-a açıqlama verən sabiq MTN əməkdaşı, təhlükəsizlik məsələləri üzər
ekspert İlham İsmayıl total nəzarətin mümkünsüz olduğunu vurğuladı:
“Xaricdə təhsil alan hər
bir azərbaycanlının üzərində total şəkildə nəzarət tətbiq etmək
qeyri-mümkündür. Amma təbii ki, qeyri-qanuni, Azərbaycanın maraqlarına zidd
olan hər hansı bir hərəkət olanda, bu istiqamətdə ciddi addımlar atmaq
lazımdır. Lakin hər kəs üzərində davamlı nəzarət mümkün deyil.
Bununla yanaşı hesab edirəm
ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrlə müəyyən görüşlər keçirmək, müəyyən
ideoloji iş aparmaq olar. Əlaqədar qurumlar bunu edə bilərlər. Dünya bu gün elə
qloballaşıb ki, sosial şəbəkələr elə geniş yayılıb ki, neqativ halların
qarşısını tam almaq, vəziyyətə tam nəzarət etmək mümkün deyil. Lakin görünən odur ki, hardasa bir boşluq var.
Bu səbəbdən də gənclərimiz Suriya döyüşlərinə qoşulur, PKK sıralarına daxil
olur.
PKK-ya qoşulmaq milli məsələdir.
Hansı ki, Suriyaya gedənlər daha çox dini ideologiya səbəbi ilə bu döyüşlərə
qoşulur. PKK-ya qoşulmaq milli məsələ olduğu üçün bu istiqamətdə xüsusilə iş
aparmaq lazımdır.
PKK-ya qoşulan azərbaycanlı
tələbələrin milli mənsubiyyəti də tam araşdırılmalıdır. Mən inanmıram ki, təmiz
azərbaycanlı, təmiz türk Türkiyəyə gedib Türkiyənin əleyhinə olan bir fəaliyyətə
qoşulsun. Mənə elə gəlir ki, bu insanlar da kürtdürlər. Onlar türk ola bilməzlər”.
Seymur Əliyev