Moderator.az xəbər verir ki, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tanınmış pedaqoq və tarixçi Dilavər Əzimli azərbaycanlı güləşçi Həsən Əliyevin yarımfinalda erməni idmançısı Miqran Arutyunyana məğlub olmasına görə səsləndirilən qınaqlara kəskin etiraz edib. D.Əzimli idmanın siyasiləşdirilməsinə qarşı çıxıb və ermənilərə hansısa yarışda deyil, Qarabağ məsələsində qalib gəlməyin zəruriliyini vurğulayıb:
“Azərbaycan
idmançısının erməniyə uduzmasını az qala faciəyə çeviriblər. Bu nə düşüncədir
bu millətə aşılayırlar? Bu mənada Mirzə Xəzərin statusunu bəyənirəm. İdman
və musiqidə millət anlayışı yoxdur. Biz ermənilər üzərində o zaman bayram edə
bilərik ki, Qarabağımızı geri qaytara bilək. Azərbaycan idmançısını ittiham edənlər
elə hərəkət edirlər ki, sanki Qarabağı ermənilərə o, verib.
Ayıbdır, cənablar! Özünüzə gəlin. Bu düşüncədən uzaq olun.
Bizim idmançı ermənini udsaydı nə olacaqdı? Bu qol gücüdür. Hünəriniz var, siz ortaya çıxıb
ermənini yıxın. İdmanı siyasiləşdirmək olmaz. Telekanallarımızda lüt müğənnilər millətə qeyrət dərsi keçir, ona
dinmirlər. İdmançımız erməniyə məğlub olur, ona qarşı hücuma keçirlər. Bəlkə
unutmusunuz o zamanları ki, erməni qızı almaq uğrunda Bakıda növbəyə düzülürdülər.
Çünki erməni qızı almaq vəzifə vəd edirdi. Çoxlarımızda erməni məhəbbəti o qədər
yüksək idi ki, millətimizə yuxarıdan aşağı baxırdıq.
Dostlar, bir daha səsələnirəm, idmanın bu məsələyə
dəxli yoxdur. Biz Qarabağı
uduzduq. O zaman sevinərik ki, onu geri qaytaraq.
Əziz idmançı qardaşım, fikir etmə və sənə qarşı
hücuma keçən səviyyəsizlərə də fikir vermə. Elə bil ki, erməniyə deyil, kiməsə də uduzmusan. İdmanın
qaydası belədir. Görünür ki, hazırlığında nə isə çatışmır. Hamı bilməsə də, şəxsən
mən bilirəm. Çünki yaxın qohumlarımdan idmançılar vardır. Onlara hazırlıq mərhələsində
ayrılan pullar kimlərsə tərəfindən yeyilir. Onlar da bəzən yaxşı hazırlaşa
bilmirlər. Yəni, toplanış məntəqəsində bir ay əvəzinə on gün qalırlar. Çünki
digər günlərin pulları yeyilir. Bu da sonradan, yəni mötəbər yarışlarda özünü
göstərir. Çox istərdim ki, uduzan idmaçımızı qınayanlar, "diputatlar"
bu məsələyə də diqqət ayırardılar”.