Milli Şuranın sosial tələblərlə və qiymət artımına etiraz əlaməti olaraq 30 may 2015-ci il tarixli “Talana son!” mitinqində aktiv iştirak etdiyinə, həmin aksiyaya insanları cəlb etdiyinə və aksiya zamanı hakimiyyətin ünvanına radikal şüarlar səsləndirdiyinə görə ADP fəalı Fərhad Quliyev aksiyadan sonra dəfələrlə naməlum telefon zəngləri ilə təqib və təhdidlərə məruz qaldıqdan sonra dünən axşam saatlarında naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülüb. Belə ki, F.Quliyev Xətai rayonu ərazisində yaşadığı məhəlləyə yaxın yerdə kafelərin birində yaxın dostu ilə çay içdiyi zaman, həmin kafedə tanımadığı naməlum şəxslərin hücumuna məruz qalıb. Həmin şəxslər kafeyə daxil olaraq F.Quliyevin əyləşdiyi masaya yaxınlaşmışlar. İdmançı görkəmli şəxslər F.Quliyevdən nəyə görə müxalifətin təşkil etdiyi mitinqlərə qatıldığını, insanlar arasında mitinqlərə qatılmaqla və hakimiyyəti zorla dəyişdirilməsi ilə bağlı təbliğat apardığını və aksiya zamanı hakimiyyət əleyhinə şüarlar səsləndirdiyini soruşmuşlar. ADP fəalı F.Quliyev mitinqə qatılmaq və orada şüarlar səsləndirmək onun hüququ olduğunu, buna görə kiməsə hesabat verməli olmadığını, hakimiyyətin zorla dəyişdirilməsi ilə bağlı heç bir təbliğat aparmadığını bildirmiş və həmin şəxslərin kimliyini soruşmuşdur. Həmin şəxslər isə F.Quliyevi nalayiq ifadələrlə təhqir etməyə başlayıblar. Onların bu hərəkətlərinə reaksiya verən ADP fəalına qarşı həmin şəxslər hücum edərək döyməyə başlamış, F.Quliyevi, onun təmsil olunduğu təşkilatı və rəhbərliyini təhqir edərək bildiriblər ki, aksiyalara qoşulacağın halda başına oyun açacağıq, digər dostların kimi səni də şərləyib türməyə soxacağıq. Onlar həmçinin ADP fəalından mitinqlərə qoşulmamağı və təmsil olunduğu partiyadan istefa verməyi tələb ediblər. Baş vermiş hadisəyə kafedə olan insanlar müdaxilə etdikdə həmin şəxslər qaçaraq hadisə yerindən uzaqlaşmışlar. Həmin şəxslərin kimliyini müəyyən etmək isə mümkün olmayıb.
ADP fəalına qarşı törədilən zorakılıq sözsüz ki, hakimiyyət orqanlarının siyasi sifarişi əsasında həyata keçirilib. Çünki, ölkədə olan mövcud rejim zaman-zaman müxalifət düşərgəsinin aktiv üzvlərinə, o cümlədən ADP fəallarına qarşı bu cür iyrənc metodlardan istifadə edib. Məqsəd isə insanlarda xof yaratmaq onları siyasi fəaliyyətdən və mübarizədən çəkindirməkdir. Bu cür metodlar effekt verməyəndə isə müxalifətçi fəalların ya cibinə narkotik atır, ya evindən silah “çıxarır” ya da başqa bir qondarma və saxta ittihamla həbsə atır. Necə ki, bu gün yüzlərlə müxalifət fəalı hakimiyyətin qondarma, saxta ittihamları ilə türmələrdə çürüyür.
Avropa Şurası, Avropa Birliyi və bir sıra başqa beynəlxalq təşkilatların Azərbaycan hökumətini ölkədə siyasi islahatlara çağırdığı halda, hakimiyyətin siyasi motivli həbsləri davam etdirməsi, müxalif düşüncəli insanları davamlı olaraq təqiblərə, təzyiqlərə, zorakılıqlara və diskriminasiyaya məruz qoyması onu göstərir ki, bu rejim islah olunan deyil.