Bu il tanınmış şair Məmməd Tahirin 60 yaşı tamam olur. Gözəl şeirlərilə oxucularının könlünü riqqətə gətirən şairin yubileyiylə bağlı bir sıra ədəbiyyatşunaslar xoş sözlər deyir, təbrik mesajları yayınlayırlar. AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu da şairi ilk təbrik edənlərdəndir. Alimin qələmə aldığı Səmimi və kövrək duyğuların tərənnümçüsü” adlı məqaləsini Moderator.az oxucularına təqdim edirik:
İmzalar içində imzası, kitablar sırasında kitabları olan şair Məmməd
Tahirlə çox da böyük olmayan bir kənddə (Kəngərli-Xok) doğulmuş, eyni məktəbdə
oxumuşuq. Sadəcə olaraq, birimiz kəndin bu başında, birimiz isə o başında
böyüyüb başa çatmışıq. Bir də ki, bizi bir-birimizdən ayıran yaş fərqi olub: Mən
10-cu sinifdə oxuyanda Məmməd məktəbə təzəcə qədəm qoymağa başlayıb. Qəribə də
olsa, birbaşa tanışlığımız isə Bakıda, özü də metronun “Neftçilər”
stansiyasında baş tutub. Bir dəfə həmin stansiyada olarkən qarabuğdayı sifətli
cavan bir oğlan mənə yaxınlaşaraq: - Siz Möhsün müəllimsiniz? ”“ deyə soruşub və
müsbət cavab aldıqdan sonra gözləri gülüb, ürəkdən sevinibdir (elə mən də həmin
hisləri keçirmişəm). Sonra isə şeirlərinin dərc olunduğu “Azərbaycan”
jurnalının bir sayını təqdim edib məmə və özü haqqında azacıq danışıb. Bu xoş təsadüf
təxminən 10 il öncə olubdur. O vaxtdan Məmmədlə arabir görüşür, söhbətləşir,
kitab mübadiləsi edirik. Mən hansısa bir monoqrafiyamı ona, o isə yeni şeir
kitabını mənə bağışlayır...
Məmməd Tahirin şeirləri ilk növbədə səmimi və təbii, kövrək və ilıq
duyğuların sadə və axıcı bir dillə, həm də yüksək poetik bir biçimdə bədii ifadəsi
ilə diqqəti çəkir. Həcmcə çox da böyük olmayan Məmməd Tahirin yüksək
obrazlılığı ilə seçilən şeirlərinin hər birində özünəməxsus deyim tərzi, ifadə
orijinallığı, dərin məna tutumu qabarıq şəkildə özünü göstərir, oxucunu həm
düşündürür, həm qəlbinə bir sərinlik çiləyir, həm də ona xoş ovqat, gözəl əhvali-ruhiyyə
bağışlayır. Aşağıdakı kiçik nümunədə olduğu kimi:
Qollarım sinəm üstə,
Oyuncaq kağız gəmi,
Daşıyır hər gün sənə
Gözümdən düşən nəmi,
Ay doğur, gecə keçir,
Söz düşür varaq üstə.
Mən səni düşünürəm,
Yenə, ay boyu bəstə.
(“Səni
düşünürəm”)
Məmməd Tahirin çoxsaylı və rəngarəng şeirlərinin baş mövzusunu, ana xəttini
sevən qəlbin ürək çırpıntılarını: ağrını da acını da, nisgili də, qəmi də, kədəri
də, sevinci də, fərəhi də obrazlı şəkildə ifadə edən saf və səmimi sevgi
duyğuları təşkil edir. Bu qəbildən olan şeirlər, şairin sayca yeddinci olan
“Bir azdan günəş doğacaq” adlı kitabında elə ilk bölümdə - “Məni bu sevgi
isidir” başlığı altında yer almışdır. Qeyd edim ki, poeziyanın, xüsusilə də
lirikanın əbədi və əzəli mövzusuna çevrilən, solmaq nə olduğunu bilməyən, təravətini
heç zaman itirməyən məhəbbət mövzusu Məmməd Tahirin şeirlərində özəl çalarları,
təbii boyaları ilə yadda qalır, buna görə də əsla təkrar təsiri bağışlamır və
insanda yalnız müsbət emosiyalara yol açır. Yenə kiçik bir nümunəyə diqqət
yetirək:
Sən durub gülümsəyirsən,
Bir payız yağışı altda,
Mən
Bir qadın baxışı altda
Sıxsan suyum tökülər,
Əl atsan yaxa yerinə,
Duyğularım sökülər
(“Bir payız
yağışı”)
Və ya:
Sən içim, sən çölüm, sən ölüm, dirim,
Bu cənnət dünyada sonuncu yerim,
Sən mənim yarımçıq qalan şeirim,
Səni düşünürəm.
(“Səni düşünürəm”)
Məmməd Tahirin lirikasında şairin milli ruha söykənən, mənəvi dəyərlər
üzərində köklənən fikirlərinin bədii ifadəsini özündə əks etdirən, insanı bəzən
kövrəldən, lakin ona daha çox ümid hisləri bəxş edən şeirləri də aparıcı yer
tutur. Şairin bu qəbildən olan şeirlərinin bir hissəsi islam dəyərlərinə, doğma
dilimizə, digər bir qismi isə ən ağrılı-acılı yerimiz olan Qarabağa, qaçqınlıq
və köçkünlük dərdlərinə həsr olunmuşdur:
Arzuların çilik-çilik,
Ümidlərin param-param.
Əsirlikdə qalan kəndim,
Gözlə, bir gün qayıdaram.
(“Bir
qaçqın havası”)
Bu baxımdan şairin böyük ürək ağrısı ilə qələmə aldığı “Qara bağ” şeiri
xüsusilə diqqətçəkicidir. Bu şeir, həqiqətən də, hər birimizin qəlbimizə
rahatlıq verməyən, gecələr yuxularımızı ərşə çəkən anlarda keçirdiyimiz
duyğularımızın poetik ifadəsi, vicdanımızın səsi təsirini bağışlayır:
Gecələr
İçimə yağan qara bax,
Qara
İçimdə yara
Qarabağ.
Sızıltısı
Baş qatmağa qoymur.
Bu dərd o qədər böyük ki,
Kölgəmə sığmır.
Bu yük
O qədər böyük yük ki,
Ölkəmə sığmır.
Məmməd Tahirin şeirləri mövzu-məzmun rəngarəngliyi ilə yanaşı, forma əlvanlığı
ilə də seçilir. Onun şeirləri içərisində qoşma və gəraylıları üstünlük təşkil
etsə də, müxtəlif formalarda qələmə alınanları, sərbəst şeir şəklində olanları
da az deyil...
Səmimi və qayğıkeş, bir insan, milli ruhlu bir ziyalı kimi tanıdığım,
elimizin, kəndimizin söz boğçasını yaşadan, ona yeni ruh verən Məmməd Tahirin
bu günlərdə 60 yaşı tamam olur. Yüksək istedad sahibi şair dostum, qardaşım Məmməd
ömrünün yetkinlik çağına təzəcə qədəm qoyur.
Bu kiçik yazımla ellimi, fəxrimi, səmimi və kövrək duyğuların tərənnümçüsü,
tanınmış şair Məmməd Tahiri 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona möhkəm cansağlığı, könül xoşluğu və yeni-yeni yaradıcılıq uğurları diləyirəm.
Möhsün NAÄžISOYLU
AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru,
professor, Azərbaycan Yazıçılar
Birliyinin üzvü