“Rəssam! Çək bu lövhəni
Maraqlı mənzərədir:
Qul gözətçi önündə
Artıq bir neçə aydır ki, Şuşa türməsində saxlanılan Dilqəm Əsgərov və
Şahbaz Quliyevin erməni girovluğundan azad edilməsi istiqamətində aparılan
danışıqlar davam edir. Azərbaycan tərəfinin göstərdiyi bütün səylərə rəğmən hər
iki soydaşımızı girovluqda saxlamaqda davam edən rəsmi İrəvan, bununla 9
milyonluq xalqa göz dağı vermək, onu mənəvi-psixoloji baxımdan sarsıtmaq niyyətindədir.
Bu gün hər kəs erməni
girovluğundakı soydaşlarımızın azad edilməsi zərurətindən, beynəlxalq təşkilatların
bu məsələdə yetərincə dirəniş ortaya qoymamasından danışır. Halbuki, əslində azad
edilməsi gərəkən onlar yox, bizik. Çünki Dilqəm və Şahbaz işğaldakı torpaqlara
ürəklərindəki ölüm qorxusunu yenərək, ölümə meydan oxuyaraq getdilər. Biz isə hələ
də aşa bilmədiyimiz, keçə bilmədiyimiz bu qorxunun əsiriyik.
Dilqəm və Şahbaz bu gün də
əllərindəki qandallara, onları əhatə edən
qəzəbli gözlərə, kinli baxışlara rəğmən doğma torpaqlarda, doğma səma və
ulduzlar altındadır. Biz isə yenə də o torpaqlara kol-kos dalından, qəzet səhifələri
və televiziya ekranı arxasından, qorxa-qorxa, hürkə-hürə baxırıq.
Dilqəm və Şahbaz bu
torpağın doğrudan da uğurunda ölünəcək qədər qiymətli olduğunu həyatlarını riskə
qoyaraq sübut etdi. Biz isə bu dəyəri torpaq və vətən haqqındakı pafoslu nitqlərimizdə,
dərin məntiq və sanballı ifadələrlə zəngin yazılarımızda əks etdiririk. Başqa
sözlə desək, biz içimizdəki qorxunu, ruhumuzdakı cəsarətsizliyi sözün gücü və
ecazı arxasında gizlətməyə çalışırıq.
Dilqəm və Şahbaz
azadlığın fiziki anlamdan daha çox ruh və düşüncə baxımından mühüm önəm kəsb etdiyini ortaya
qoydu. Onlar sübut etdilər ki, insanın ələ qandallı olması, gecəsini-gündüzünü
zindanda keçirməsi hələ onun əsir olması demək deyil. Onlar sübut etdilər ki, əli
bağlı bir dustaq, alnında və ya kürəyində avtomat lüləsinin soyuq təmasını hiss
edən bir girov ruh və əqidə baxımından azaddırsa, o, qolundakı zəngirlər, ətrafındakı
süngülərlə də azaddır.
Dilqəm və Şahbaz nümunəsi
sübut etdi ki, bir insan və ya toplum öz qorxusuna yenikdirsə onu girov etmək
üçün əlinə qandal, ayağına zəngir vurmağa ehtiyac yoxdur. Çünki o, qandalsız, zəngirsiz
də girovdur.
Dilqəm və Şahbaz olayı
sübut etdi ki, əsl girov onlar yox, qolu qandalsız, ayağı zəngirsiz dolaşsa da
öz qorxaqlığına, miskinliyinə, çarəsizliyinə əsir olan 9 milyonluq xalqdır. O
xalq ki, o, yalnız içindəki bu qorxuya deyil, həm də onu bütün demokratik
azadlıqlardan məhrum edən mövcud idarəetmə sisteminin doğurduğu qorxuya
yenikdir və bu baxımdan ikiqat girov sayılır.
Biz Dilqəm və Şahbazın
azadlığından öncə daxilindəki qorxuya təslim olan çoxmilyonluq kütlənin
azadlığı haqqında düşünməli, ilk növbədə buna nail olmalıyıq. Biz özündə cəsarət,
ruhunda təpər tapan hər kəsin bu qorxunu yenməsinə nail olmalıyıq. Əgər xalq
azad olarsa, onu daxildən yeyib-bitirən qorxularla vidalaşarsa, o zaman yalnız
Dilqəm və Şahbaz deyil, erməni girovluğundakı yüzlərlə, minlərlə soydaşımız da
azadlığa qovuşar. Çünki bu gün erməni girovluğundakı soydaşlarımız bu xalqın
bir parçasıdır və özü azad olan bir xalq onun bir hissəsi olan insanların
girovluğuna əsla dözə, göz yuma bilməz.
Bu gün isə mövcud mənzərə
təəssüf ki, belədir: 2 hürr və 9 milyon girov.
Seymur Əliyev
e-mail: [email protected]