“Mən kimsəyə bənzəməm. Gedərkən hər kəs gəmiləri yandırar, mənsə limanı”.
Bu, onun ölümqabağı yazdığı son qeyd idi. O, dediyini etdi.
Artıq bizim gəmilərimizin sığına biləcəyi bir liman yoxdur!
Baharda görüşünə gələcəyəm demişdin,
Getdin bahardan öncə, sözünümü unutdun?
Payızmı oğurladı ürəyini, qəlbini,
Onumu sevdi könlün, de, onamı vuruldun?
Nə “əlvida”, nə “sağ ol” ”“ getdin səssiz-sədasız,
Yox oldun sonsuzluğun qəmli üfüqlərində.
Qarışdı bu torpağa səni sevən kəslərin,
Sənə bağlı xəyalı, arzu, ümidləri də.
Nəcib, xeyirxah qəlbin susdu niyə belə tez?
Niyə erkən qapatdın sabahını bu ömrün?
Məcrasına sığmayan, kükrəyən çaydın sanki,
Hara getdi ilahi, o coşğu, o səda, ün?
Səni sevən şəxslərin sığındığı limandın,
İndi həmin limanı fəth eyləyib alovlar.
Yandırdın bu limanı, niyə düşünmədin bəs,
Limansız bu gəmilər axı hara sığınar?
Təzə güllə yeri tək, istidi yaram hələ
Soyuduqca içimdə hayqıracaq bu ağrım.
Yoxluğuna inanmaq, qəbul etməkçün bilməm
Ah mənə neçə mövsüm, ah neçə ömür lazım?
İndi başqa dünyanın sakini olsan da, bil,
Sənə bağlı nə varsa, daim bizə əzizdir.
Uyu ey gözəl insan, uyu, fəqət unutma,
Xatirən təsəllimiz, məzarın qəlbimizdir!
Seymur Əliyev
e-mail: [email protected]