Moderator.az xəbər verir ki, mayın 8-də Bakı Slavyan Universitetində (BSU) Heydər Əliyev Fondunun dəstəyi ilə istehsal edilmiş “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filminin nümayişi keçirilib.
Bu
layihənin rəhbəri Arzu Əliyeva, filmin prodüseri Lui Vodevil, rejissoru Robert
Maqnerotdur.
BSU-nun rektoru, professor
Asif Hacıyev “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli
filmi haqqında məlumat verib. Onun sözlərinə görə, faşizm üzərində qələbənin 70
illiyinə həsr olunmuş filmin süjet xətti Azərbaycan
xalqının faşizm üzərində qələbədəki rolundan, eləcə də Azərbaycan neftinin
müharibə illərində strateji əhəmiyyətindən bəhs edir. A. Hacıyev layihənin
rəhbəri Arzu Əliyevaya dərin minnətdarlığını bildirib. II Dünya Müharibəsində
Azərbaycan xalqının ön və arxa cəbhədə göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışıb.
Retor çıxışında 1992-cil
ilin 8 mayında erməni qəsbkarları tərəfindən zəbt edilən Şuşanın işğal tarixindən
söhbət açıb: ”Əminəm ki, Şuşanın azad ediləcəyi gün uzaq deyil. Çünki Azərbaycanın
güclü ordusu var. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin
siyasi kursu sayəsində hazırda Azərbaycan öz mövqeyini dünya arenasında möhkəmləndirən
dövlətdir”.
Filmin nümayişindən sonra BSU-nun
Jurnalistika nəzəriyyəsi kafedrasının müdiri, dosent Etibar Babayev, Azərbaycan
tarixi və ictimai elmlər kafedrasının dosenti Mahal Qacarlı, Tərcümə fakültəsinin
II kurs tələbəsi Hüseynli Əfsanə film haqqında təəssüratlarını mərasim
iştirakçıları ilə bölüşüblər. Çıxışçılar bildiriblər ki, bu tarixi sənədli filmə
gənclərimizin tamaşa etməsi onların milli ruhda formalaşmasına müsbət təsir
göstərəcək və vətənpərvərlik tərbiyəsində mühim rol oynayacaqdır.
Aytəkin Qardaşova