Bir neçə saat bundan öncə Azərbaycan banklarında hesab açan vətəndaşların ABŞ-da olub-olmadıqları, habelə oradakı fəaliyyətləri ilə bağlı yazılı sorğu-suala tutulması və müvafiq blankı imzalamasından xəbər vermişdik. (//moderator.az/index.php?xeber=77017 ). Qeyd etmişdik ki, ABŞ- a vergi borcu olan azərbaycanlıların müəyyən edilməsi məqsədi ilə aparılan bu sorğu əlavə prosedur kimi həm bank əməkdaşları, həm də müştərilərin narazılığına səbəb olur.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən tanınmış iqtisadçı eksbert Samir Əliyev belə bir
prosedurun ölkə banklarında tətbiqini təsdiqləyib. S.Əliyevin sözlərinə görə, məlum
prosedurun arxasında bankların öz təşəbbüsü deyil, hökumətin üzərinə götürdüyü
konkret öhdəliklər dayanır:
“Bu bir proqramdır və
FATCA adlanır. Bu, ABŞ-a məxsus bir proqramdır və məqsəd vergi qaçaqmalçılarını
üzə çıxartmaqdır. Azərbaycan bu sistemə qoşulub. Buna qoşulmaqla hökumət olaraq
öz üzərinə öhdəlik götürüb. Bu öhdəlik isə ondan ibarətdir ki, bu barədə əldə
etdiyi məlumatları Amerikaya verəcək. Buna görə də bu gün həmin sistemə
qoşulanların bu barədə lazımi informasiyanı verməsi məcburi xarakter daşıyır”.
Məlum prosedurun vətəndaş
hüquqlarının pozulması kimi dəyərləndirilməsinə gəlincə, S.Əliyev banklarda
daha ciddi pozuntuların müşahidə edildiyinə diqqət çəkdi:
“Ola bilsin ki, buna müəyyən
qədər vətəndaşların hüquqlarının pozulması kimi yanaşmaq olar. Burada söhbət əlavə
sənədin imzalanmasından gedir. Hesab açmaq və ya hesabını dəyişmək istəyənlər
üçün bu məcburi xarakter daşıyır. Mən bunu tam olaraq hüquqların pozulması kimi
dəyərləndirməzdim. Çünki bizdə bank sektorunda vətəndaşların hüquqları o dərəcədə
kobud pozulur ki, bunu o cür pozuntularla müqayisə etmək doğru olmaz. Bir daha
qeyd edirəm ki, bu, hökumətin götürdüyü öhdəlikdir. Bu, bankın tələbi, bankın təşəbbüsü
deyil. Buna görə də bunu bankların günahı kimi dəyərlndirmək düzgün olmazdı. Dünyanın
əksər ölkələri, o cümlədən inkişaf etmiş ölkələri də bu sistemə qoşulub. Əgər
bu sistem inkişaf etmiş Qərb ölkələrində də tətbiq edilirsə, bunun Azəbaycanda
tətbiqi də problem hesab edilməməlidir. Bir sözlə, bunu faciə kimi qəbul etməyin
tərəfdarı deyiləm”.
Seymur Əliyev