Məlum olduğu kimi, bu ilin 9 may tarixində Rusiyanın paytaxtı Moskva şəhərində faşizm üzərindəki qələbənin 70-ci ildönümü münasibəti ilə keçiriləcək paradda Azərbaycan əsgərləri də iştirak edəcək. Lakin Qarabağın işğalında və Xocalı soyqırımının törədilməsində bilavasitə iştirak edən, qondarma erməni soyqırımını tanıyan Rusiyada təşkil ediləcək paradda Azərbaycan hərbçilərinin rus və erməni hərbçilərlə birlikdə iştirakı ictimai-siyasi xadimlər tərəfindən heç də birmənalı qarşılanmır.
Məsələ ilə bağlı
Moderator.az-a açıqlama verən millət vəkili Fazil Mustafa Azərbaycanın sözügedən
tədbirdə rəsmi şəkildə iştirakını vacib hesab etsə də, Azərbaycan əsgərinin bu
paradda iştirakını məqbul hesab etmədiyini vurğuladı:
“Mən Azərbaycan əsgərinin
bu paradda iştirakının əleyhinəyəm. Lakin Rusiya ilə münasibətlər baxımından Azərbaycanın
rəsmi şəkildə bu tədbirdə iştirakı gərəklidir. Sadəcə, Azərbaycan hərbçilərinin
bu paradda iştirakı zənnimcə, qeyri-məqbuldur.
Kollektiv Təhlükəsizlik
Şurası var, hansı ki, Azərbaycan bu qurumun üzvü deyil. 9 may tarixində bu
quruma üzv olan dövlətlərin hərbçiləri də məlum paradda iştirak edəcək. Bu təşkilat
vasitəsi ilə də Azərbaycana daim təcavüz siqnalları gəlir. Bu baxımdan hesab
edirəm ki, Azərbaycan əsgərləri bu qüvvələrlə bir yerdə hərbi paradda iştirak etməməlidir”.
Seymur Əliyev