Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında son vaxtlar artan ərzaq oğurluğu halları və bunun mövcud sosial-iqtisadi durumla bağlılığına diqqət çəkib:
“Təbii ki, ərzaq oğurluğunun artması ilə
sosial-iqtisadi durumun ağırlaşması arasında bağlılıq var. Bildiyiniz kimi, 21
fevral qərarından sonra, yəni manatın devalvasiyasından sonra Azərbaycanda gedən
ciddi sosial-iqtisadi proseslər bir növ açığa çıxdı. Sosial-iqtisadi durum açıq
şəkildə görünməyə başladı. Mütəxəssislər də, siyasətçilər də dəfələrlə bu barədə
bildiriblər ki, yay aylarından başlayaraq sosial-iqtisadi problemlərin daha
aydın formada üzə çıxma prosesi başlayacaq. Amma görünən odur ki, proseslər
bizim proqnozlaşdırdığımızdan da sürətli gedir. Təbii ki, sosial-iqtisadi vəziyyətin
ağırlaşması, bir tərəfdən dünya bazarında neftin qiymətinin düşməsi, digər tərəfdən
manatın devalvasiyası heç şübhəsiz ki, özü ilə bərabər iş yerlərinin ixtisarını
gətirəcək. Manatın dəyərdən düşməsi ilə infilyasiya prosesi də sürətlənəcəkdir.
Alıcılıq qabiliyyətinin daha da aşağı düşməsi müşahidə ediləcək. Proseslər ərzağa
xərclənən, ailələrin ərzağa ayırdığı maliyyə vəsaitinin də aşağı düşməsinə səbəb
olacaq. İnsanlar artıq öz ərzaq ehtiyacını ödəyə bilməyəcək. Bu, gözlənilən bir
prosesdir və təbii ki, ağırlaşmaqda olan sosial-iqtisadi vəziyyət kriminogen
durumun da ağırlaşmasına səbəb olacaq”.
S.Əkbərin
sözlərinə görə, əslində digər növ oğurluqların miqdarında da müəyyən artım
müşahidə edilməkdədir:
“Təkcə
ərzaq oğurluğu deyil, basqınların, digər növ oğurluqların da sayı artıb. Ərzaq
oğurluğunun artması isə mənəvi-əxlaqi baxımdan da xoşagəlməzdir. Azərbaycanın
bu qədər yeraltı-yerüstü sərvəti, maliyyə ehtiyatı olduğu bir halda aparılan
yarıtmaz siyasət nəticəsində bu gün Azərbaycan qadını mağazadan öz ailəsi,
uşaqları üçün ərzaq oğurlamaq zorunda qalıbsa, bu, mövcud vəziyyətin nə dərəcədə
acınacaqlı olduğunu göstərir. Mənə elə gəlir ki, bu cür halların sayı getdikcə
artacaqdır”.
AZDP sədrinin
bildirdiyinə görə, hakimiyyət məlum tendensiyanı önləmək üçün təcili tədbirlər
həyata keçirməli, ciddi addımıar atmalıdır:
“Xatırlayırsınızsa,
AzDP ölkədə yaranmış sosial-iqtisadi və maliyyə-iqtisadi vəziyyətlə bağlı böyük
təkliflər paketi ilə çıxış etmişdir. Mənə elə gəlir ki, bu təkliflərin vaxt
itirilmədən nəzərə alınması və ölkədə yaranan ağır sosial-iqtisadi vəziyyət
fonunda əhalinin sosial baxımdan qorunması üün əlavə tədbirlər görüılməsi
lazımdır. Ilk növbədə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi
baxımından ciddi addımlar atılmalıdır”.
Seymur Əliyev