Roma papasının qondarma erməni soyqırımı ilə bağlı açıqlaması və bunun ardınca Avropa Parlamentinin məlum soyqırımla bağlı qərarı Türkiyə və Azərbaycanda böyük təpgi ilə qarşılanmaqdadır. İki gün bundan öncə Avstriyanın da qondarma erməni soyqırımını tanıması və Almaniya parlamentinin də bu yöndə qərar qəbul edəcəyi ilə bağlı yayılan xəbərlər erməni yalanının Qərbi fəth etdiyini göstərməkdədir.
Maraqlıdır, qondarma erməni
soyqırımının dünya dövlətləri tərəfindən tanınması Azərbaycan və Türkiyəyə nə vəd
edir? Doğrudanmı ermənilərin bu uğurunun arxasında sadəcə erməni diasporu və
erməni diplomatiyası dayanır?
Bununla bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən tarixçi-pedaqoq Soltan Süleymanov ermənilərin öz uydurduqları yalanın əsirinə çevrildiyini, bununla yanaşı dünyanı fəth edən bu yalanın Türkiyə və Azərbaycan üçün ağır nəticələr doğura biləcəyini vurğuladı:
“Ermənilər uydurduqları qondarma soyqırım ilə bağlı
yalanın əsirinə çevriliblər. Onlar 100 ildir ki, bu yalana özlərini o qədər
aludə ediblər ki, artıq özləri də müəllifi olduqları bu yalanın həqiqət
olduğuna inanmaq istəyirlər. Halbuki, tarix 1915-ci il olayları ilə bağlı tamam
başqa faktları, başqa reallıqları ortaya qoyur. Yalnız Türkiyədəki arxiv
materialları deyil, Rusiya və Avropa arxivlərindəki sənədlər də 1915-ci il
olayları fonunda hər hansı erməni soyqırımının yaşanmadığını, əksinə ermənilərin
özünün dinc türk əhalisinə qarşı qətliyamlar həyata keçirdiyini təsdiqləyir.
Lakin təbbi ki, bu gün erməni yalanının Avropa və dünyada sürətlə yayıldığını nəzərə
alsaq, bu tendensiyanın türk toplumu, xüsusilə də Türkiyə və Azərbaycan üçün
yaxşı heç nə vəd etmədiyi də etiraf olunmalıdır. Dünyanın erməni yalanını həqiqət
kimi qəbul etməsi Qarabağ probleminin ədalətli həllinə mane olmaqla yanaşı,
Türkiyəni ciddi problemlə üz-üzə qoya bilər. Bu problemin mahiyyəti isə ermənilərin
irəli sürdükləri təzminat və torpaq iddiası ilə bağlıdır. Hansı ki, bu iddia
dünyanın qondarma erməni soyqırımını tanımasından sonra hüquq müstəvisinə daşına
bilər. Belə olan halda Türkiyə üçün vəziyyətdən çıxış yolu tapmaq indikindən
qat-qat ağır olacaq”.
Seymur Əliyev