Bugünlərdə sakini olduğumuz dünyanın ən böyük dövlətlərindən hesab olunan Çin tənbəl məmurlarla mübarizə müstəvisində maraqlı yeniliyə imza atıb. Belə ki, öz vəzifə borcunun öhdəsindən layiqincə gələ bilməyən, ona verilən tapşırıqları lazımınca icra etməyən məmurlar cəza olaraq bir həftəlik hərbi təlimlərə cəlb edilib.
Çinin atdığı bu addım
bütün dünyada, eləcə də Azərbaycanda ciddi marağa səbəb olub. Bəzi vətəndaşlar
reallıqdan kifayət qədər uzaq görünsə də, Çinin bəlli bir müddətdir ki,
sınaqdan çıxartdığı bu üsulun Azərbaycanda tətbiqi ilə bağlı fikirlər səsləndirməkdədir.
Ədalət naminə qeyd edək ki, Çin nümunəsinin Azərbaycanda tətbiqi ilə bağlı səslənən
fikirlərin hətta nəzəri baxımdan təhlili belə olduqca maraqlı nəticə və mənzərə
formalaşdırır.
Öncə onu deyək ki, Azərbaycanda
tənbəl məmurların sayı yalnız əhali nisbətinə görə deyil, ümumilikdə də Çindən
qat-qat çoxdur. Belə ki, bu vaxta qədər tənbəl məmurların islah olunması üçün
Çin hərbi düşərgəsinə cəmi 1668 nəfər göndərilib ki, bu da əhalisinin sayı bir
milyardı aşan dövlət üçün əsla yüksək göstərici hesab oluna bilməz. Azərbaycanda
isə hər 100 məmurdan 99-nun tənbəl və səriştəsiz olduğu uzun illərin təcrübəsi əsasında
özünü təsdiqləyən və dünyanın ən etibarlı təşkilatlarının belə statistikasından
daha etibarlı sayılan bir həqiqətdir. Bu baxımdan əgər Çin nümunəsi Azərbaycanda
tətbiq edilərsə, o zaman tək-tək məmurlar
istisna olmaqla, bütün məmur ordusunun cəza düşərgəsinə göndərilməsi zəruri
olacaq. Bu isə bütün ölkə ərazisi boyu yeni hərbi hissə və təlim düşərgələrinin
yaradılması deməkdir.
Azərbaycandakı məmur
elitasının önəmli bir kəsiminin həqiqi hərbi xidmətdən müxtəlif vasitələrlə
yayındığı, yaxud formal olaraq “xidmət keçdiyi”nəzərə alınarsa, o zaman bir həftəlik
hərbi təlimin belə az qala bütün şüurlu həyatını yumşaq kreslo və divanlarda
keçirən məmurlarımız üçün əsl cəhənnəm əzabı olacağı şübhəsizdir.
Çin nümunəsinin Azərbaycan
məmurlarına vura biləcəyi ən böyük zərbə isə cəza məqsədi ilə cəlb olunduqları
bir həftəlik təlimlərin ömürlük əsgərliyə çevrilmə riski ilə bağlıdır. Belə ki,
rüşvət və korrupsiya, qohumluq və tayfaçılıq prinsipləri əsasında vəzifədə qərarlaşan
məmur kontingentinin əqli səviyyəsi, bilik və
bacarığı onlara daşıdıqların vəzifənin tələblərini yerinə yetirməyə
imkan vermir. Bu isə o deməkdir ki, nəinki bir həftəlik, hətta bir illik hərbi
təlimdən sonra da onların məmur kimi fəaliyyətlərində heç bir keyfiyyət dəyişikliyi
mövcud olmayacaq. Bu isə həmin məmurların işdən qovulması və ya müəyyən faisələlərlə
bütün ömür boyu hərbi təlimlərə cəlb edilməsini qaçılmaz edəcək.
Bir sözlə, Çin nümunəsinin
Azərbaycanda tətbiqi bütün məmurları hərb səsnətinə ömürlük bağlanması, həyatlarının
bundan sonrakı dövrünü təlim meydanlarında, poliqonlarda keçirməsi deməkdir.
Lakin təbbi ki, Azərbaycanda belə bir nümunəni reallaşdırmaq nəinki faydasız, həm
də mümkünsüzdür. Ən azından ona görə ki, tənbəl, ədalətsiz məmurları cəzalandırmaq
üçün Azərbaycanda lazımi qərar və göstərişləri verən ədaləti, dürüstlüyü, şəffaflığı
ilə xalqın sevimlisinə çevrilən məmurlar yoxdur. Azərbaycanda hakimiyyət
piramidasının inşasında istifadə edilən kərpiclərin hamısı eyni sexin
istehsalıdır və bu səbəbdən də onların tərkibi aşağı-yuxarı eynidir. Bu isə o
deməkdir ki, bizə heç vaxt xalqın malını və qanını sormaq hesabına qarın yekəldən
məmurlarımızın təlim meydançasında tövşüyərək necə qaçdığını görmək səadəti nəsib
olmayacaq. Bu səbəbdən də, Çin numəsindən ala biləcəyimiz yeganə zövq bu nümunəni
xəyalən Azərbaycana daşımaq və məmurlarımızın təlim meydanlarındakı fəaliyyətini
düşüncə olaraq canlandırmaqdır.
Xəyal və
fantaziyalarınıza azadlıq verin! Əmin olun ki, bu azadlıq sizə həm gülüş, həm də
müvəqqəti də olsa mənəvi rahatlıq bəxş edəcək.
Seymur Əliyev
e-mail: [email protected]