“Turan” İnformasiya Agentliyinin rəhbəri, media eksperti Mehman Əliyev Moderator.az-a açıqlamasında Azərbaycanın Ermənistanla informasiya savaşı apardığı ilə bağlı səslənən fikirlərə münasibət bildirib. Ekspertin fikrincə, bütün bunlar boş hay-küydən və görüntüdən başqa bir şey deyil: “Əgər dövlət həqiqətən də informasiya müharibə edirsə, o zaman bununla bağlı rəsmi sənədi olmalıdır. Onun proqramı, qaydaları olmalıdır. Bu, qanun formasında qəbul edilməlidir. Bunun rəhbərliyi olmalıdır və bilinməlidi ki, bu informasiya müharibəsinə kim rəhbərlik edir. ikincisi, biz müharibə şəraitində yaşayırıqsa, bu başqa məsələ. Müharibə şəraiti elan olunmayıb. Üçüncüsü, burdan medianın müstəqil olduğunu bəyan edib digər tərəfdən ona informasiya savaşı adı altında hansısa məhdudiyyətlər qoymaq, ona yol göstərmək olmaz və bu o deməkdir ki, ölkə mediası müstəqil deyil. Dövlət medianın işinə bu formada qarışmamalıdır. Bu, dövlətin imicinə Qarabağ məsələsində kifayət qədər mənfi təsir edir və problem yaradır. Bu, düzgün deyil”.
M.Əliyevin
qənaətincə, informasiya savaşı ilə bağlı səslənən bəyanatlar əməli işdə öz təsdiqini
tapmır:
“Əgər iş
görmək istəyirsənsə, işini gör. Səs-küy salmaq, bunu bu formada həyata keçirməyə
çalışmaq zənnimcə, doğru deyil. Informasiya savaşı ilə bağlı səslənən bəyanatlar
əməli işlə təsdiq edilmir. Mən bu işi görmürəm. Pərakəndə şəkildə kim nə isə
yazır, kim nə isə hay-küy qopardır və s. müşahidə edilən yalnız budur. Amma
bütövlükdə qeyd etdiyim kimi, məsələyə bu cür yanaşmaq düzgün deyil”.
Ekspertin
qənaətincə, ordu dövlətə yox, millətə məxsusdur və bu baxımdan xalqın ona nəzarət
etmək haqqı da var:
“Ordu Azərbaycanda
olduqca vacib institutlardan biridir. Biz dəfələrlə görmüşük ki, mediada ordu və
ordakı problemlərlə bağlı bir sıra informasiyalar gedib və bu informasiyalar öz
təsdiqini tapıb. Medianın, vətəndaş cəmiyyətlərinin prinsipcə işi ondan ibarətdir
ki, bu cür proseslərə nəzarət etsinlər. Ordu dövlətin yox, millətin ordusudur.
Millətin haqqı və ixtiyarı çatır ki, bu prosesi izləsin və qərarlar versin”.
M.Əliyevin
fikrincə, ordu ilə bağlı tənqidi məlumatların mediaya yol tapmamasının ən
optimal yolu, ordu daxilində neqativ hadisə və proseslərə yol verməmək, mövcud
problemləri həll etməkdir:
“Problemi
mediada yox, ordunun daxilində axtarmaq lazımdır. Əgər orduda qeyri-sağlam
münasibətlər varsa, korrupsiya mövcuddursa, bunları aradan qaldırmaq lazımdır. Əgər
orduda bu cür problemlər olmasa, media da bu barədə heç nə yazmaz. Bəzi məsələlər
var ki, biz bunu anlayırıq və başa düşürük ki, bunu ümumiyyətlə müzakirə eləmək
olmaz. Lakin orduda dövlətin maraqlarına, qanuna zidd hərəkətlər varsa, bunları
bilməyə cəmiyyətin haqqı var”.
Seymur Əliyev