Diktatorlar da demokratlar kimidir. Onları birləşdirən ümumi əlamətləri olsa da, fərqli xüsusiyyətləri, özünəməxsusluqları da az deyil. Və bəzən elə diktatorlar olur ki, onlar demokratlardan heç də az sevilmirlər. Necə ki, Stalin öz dövrünün ən amansız diktatorlarından biri olsa da, onun başında dayandığı dövləti alman faşizmi ilə müharibədən qalib çıxarması, SSRİ-nin beynəlxalq aləmdəki nüfuzunu birəbeş artırması, sözün həqiqi mənasında sadə vətəndaşların maraqlarına xidmət etməsi, xalqı məmurların deyil, məmurları xalqın xidmətçisinə çevirməsi və s. milyonlarla insanın oan rəğbətini təmin etmişdi. Bu baxımdan çağdaş dövrün “hörmətəlayiq” diktatorlarından biri də Belarus prezidenti Aleksandr Lukaşenkodur.
Lukaşenkonun
digər diktatorlardan özəlliyi onun səmimiliyidir. Bu səmimiliyin hansı miqyasda
olduğu Belarus prezidentinin ötən həftədəki açıqlamasında daha aydın görünür. Belə
ki, barəsində səslənən “Avropanın sonuncu diktatoru” ifadəsinə münasibət bildirən
Lukaşenko bu ifadədən nəinki qəzəblənib, əksinə, diktator
olduğunu etiraf edib. Lukaşenkonun etiraz etdiyi yeganə məqam “diktator” yox, “sonuncu diktator” ifadəsi olub. Belarus
prezidenti bildirib ki, o, diktator olsa da, heç də sonuncu deyil və əslində
indi dünyada ondan “daha betər” diktatorlar mövcuddur.
Bəli,
bir tək bu açıqlama Lukaşenkonun nə qədər səmimi və realist olduğunu isbatlamaq
baxımından yetərlidir.
O,
diktatordur. Lakin öz kimliyini inkar etmir. O, qaniçəndir, lakin əllərindəki qanı boya deyə təqdim
etmir. O, vampirdir və bu görkəmin hər kəs üçün hürküdücü olduğunu bilir. Lakin
maskalanmır. O, xalqı heçə sayır, lakin yalandan xalqı özünə baştacı hesab
etdiyini elan etmir. O, xalqın bütün sərvətini mənimsəyir. Fəqət bunu gizlətmir.
O, dövlət büdcəsini aşkar şəkildə talayir, lakin xəlvət şəkildə oğurlamır. Bir
sözlə, o olduğu kimi görünür, göründüyü kimi də olur. Nə qədər amansız və xoşagəlməz
olsa da onun sadəcə bir üzü, bir sifəti var.
Halbuki,
bu gün özünü dünyaya demokrat adı ilə sırıyan bir çox ölkə başçıları var ki, onlar
sadəcə diktator deyil, həm də hədsiz riyakardırlar. Onlar xalqı aclıq və safalətə
məhkum edir, lakin sözdə xalqın buğda
yeyib cənnətdən çıxdığını iddia edirlər. Onlar haqq bağıran hər kəsi zindanlara
qapadır, eyni zamanda ölkədə söz azadlığının at oynatdığını iddia edirlər.
Onlar xalqdan oğurladıqları pullar hesabına digər ölkələrdə özlərinə “Min bir
gecə” nağıllarında olduğu kimi dəbdəbəli qəsrlər, saraylar inşa edir, fəqət insanları
bu imarətlərin illüziya olduğuna inandırmağa çalışırlar. Onlar məmurların sadə
vətəndaşları gecə-gündüz minib-çapmasına şərait yaradır, fəqət həyasızcasına məmurların
xalqın xidmətində dayandığını bildirirlər. Onların oksigeni rüşvət və
korrupsiya olsa da, rüşvətə qarşı mübarizə apardıqlarını söyləyir, rüşvətlə əlaqələrini
inkar edirlər. Bir sözlə, onlar sadəcə demokrat donunda zühur edən diktatorlar
deyil, həm də hər cür kimlikdən məhrum simasızlardır.
Və bu
cür “demokratlarla” müqayisədə Lukaşenkonun necə böyük şəxsiyyət, onun kimi
diktatorların ayağından öpməyin necə böyük ibadət olduğu daha aydın dərk
olunur.
Ümumiyyətlə,
şərə, yoxsa xeyrə, haqqa, yoxsa nahaqqa, ədalətə, yoxsa ədalətsizliyə xidmət
etməsindən asılı olmayaraq özünü özünə və ictimaiyyətə əslində olduğu kimi təqdim
edən, əməllərini inkar etməyən, zülm və cinayətlərini heç bir məcburiyyət və təzyiq
olmadan etiraf edən istənilən şəxs ehtirama layiqdir və onun dürüstlüyü
qarşısında yalnız baş əymək lazımdır. Bu baxımdan Lukaşenkonun Belarus
xalqından öz dürüstlüyü qarşısında ehtiram gözləmək haqqı var və əgər Belarus
xalqı da lazımınca dürstdürsə, hökmən bu səmimiyyətin qarşılığını verəcəkdir.
Seymur
Əliyev
e-mail: [email protected]