Millət vəkili Fazil Mustafa facebook səhifəsində “altılıq” ölkələri ilə İran arasında uranın zənginləşdirilməsi mövzusunda əldə edilən anlaşmaya münasibət bildirib. Moderator.az millət vəkilinin məlum təhlilini oxucuların diqqətinə çatdırır:
“ABŞ və müttəfiqlərindən
ibarət "altılıq"la İranın uranın zənginləşdirilməsi mövzusunda
anlaşmasının soyuq başla təhlilinə ehtiyac var. Obama özünün İran siyasətini
fiaskodan qurtardı, guya bu razılaşma ilə İranı yenidən dünya sisteminə
inteqrasiya etdi, əslində isə İranı daha gücləndirəcək bir addım atdı.
Sanksiyalar götürülür, İran iqtisadiyatı dirçəlməyə başlayır, nüvə
texnologiyasına sərf olunan vəsaitin böyük bir qismi başqa sahələrin inkişafına
yönəldilir və bölgədə də güc mərkəzi olaraq sərbəstlik
imkanları çoxalır. Rusiya ilə münasibətləri zəifləyə bilər və bəlkə də bu
anlaşmanın əsas hədəflərindən biri də budur. Bizim üçün faydalı tərəfi
qonşuluqda müharibə risqinin azalması, Qərbin Azərbaycan üzərindən İrana qarşı
təzyiq siyasətinin ortadan qalxmasıdır. Qonşuda sabirlik və iqtisadi dirçəliş
olarsa, bunun ən çox faydası bizə dəyə bilər. Ancaq Qərblə yaxınlaşmadan sonra,
ABŞ-la əvvəlki illərdəki gizli anlaşmaya görə İranın Ermənistana daha çox
iqtisadi dəstək verməsini gözləməliyik. Bu isə bizim üçün arzuolunan deyil. O
zaman bizim İsraillə əlaqələrimizin daha da gücləndirilməsi zərurəti
yaranacaqdır. Çünki İrana verilən bu imkanlardan ən çox narahat olan ölkə heç
şübhəsiz ki, İsraildir.
Bütün hallarda İran bu anlaşmanın udan tərəfidir,
çünki indiki şərtlərdə nəyisə yerinə yetirib-yetirməməkdən daha artıq, 10 illik
bir monitorinq möhləti almaq bu ölkəyə hava-su
kimi lazım idi. 10 il monitorinq içində manevrlər
etmək və sanksiyalardan xilas olmaq İran üçün əvəzolunmaz bir hədiyyə sayıla
bilər”.