Yəməndəki olaylar ”“ husilərin qiyamı, İranın terrorçulara dəstəyi, ərəb ölkələrinin proseslərə hərbi müdaxiləsi və s. bütün dünyada ciddi narahatlıqla müşahidə edilməkdədir. Yəmən olayları ilə bağlı fərqli ekspertlər tərəfindən fərqli açıqlamalar verilməkdədir ki, bu da onsuz da mürəkkəb olan situasiyanın doğru anlaşılmasına, proseslərin əsl mahiyyətini dərk etməyə imkan vermir.
Yəməndə
nə baş verir? Proseslərin arxasında dayanan maraqlı qüvvələr hansılardır? Husilərin
birdən-birə meydana çıxması və mərkəzi hökumətə qarşı ciddi dirəniş göstərməsi
təsadüfdirmi?
İctimai
Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq-araşdırmaçı İlqar Altay Moderator.az
saytı və “Hürriyyət” qəetinə açıqlamasında bu və bu kimi məsələlərlə bağlı
maraqlı fikirlər səsləndirib.
“Yəmən tarixən radikal
ekstremist islamçı qruplaşmaların və liderlərin məskənidir”
İ.Altay
öncə Yəmənin tarixi simasına, keçdiyi inkişaf yoluna nəzər salıb: “Ümumiyyətlə,
Yəmənin tarixinə nəzər salsaq, bu ölkə dünyada ən qədim insan məskənlərindən
birisidir. Tarixçi alimlərin iddialarına görə hətta, ilk insanlar Afrika qitəsindən
ilk olaraq Yəmənə keçid ediblər. Orada özlərinə platforma quraraq, sonradan
Asiya, Avropa və dünyanın digər bir sıra bölgələrinə artım etmişlər.
Yəmən
həm də ərəb dünyasının ən ziddiyyədli, təzadlı bölgəsidir. Bu da Yəmən xalqının
hə dəyişkən, qeyri-stabil və həm də ifrat radikal, üsyankar xarakterindən irəli
gəlir. Bu həm də toplumun müxtəlif ideya və təriqətlərə səmimi və hətta,
fanatizm qədər meylliyindən irəli gəlir. Bu səbəbdəndir ki, bu ölkədə ta qədimdən
bütpərəstlik, iudaizm, xristianlıq və müsəlmanlığa qədər, demək olar ki, bütün
dinlər meydan götürüb. Hətta, bu günkü islam dini mütləqliyində belə, bu ölkədə
bu dinin şiə və sünni qolunun çox müxtəlif təriqətlərinə qulluq edən iri
toplumlar müxtəlifliyi mövcuddur. Bura həm də ən radikal ekstremist islamçı
qruplaşmaların və liderlərin məskənidir. Nəzərə alaq ki, dünyanı lərzəyə gətirən
Ben Laden və sair, məşhur terrorçular da Yəməndə yetişiblər”.
Ekspertin
sözlərinə görə, Yəmən həm də davalı inqilablar və dəyişən hakimiyyətlər ölkəsi
kimi diqqət çəkir: “Yəmən həm də, ictimai-siyasi baxımdan daima qarşıdurma və üsyanlar,
inqilab və hakimiyyət çevrilişləri ölkəsidir. Bu məkanda dövlət quruluşuna görə
dini monarxiya sistemindən tutmuş, parlamentar kapitalizm və kommunist sovetpərəst
rejiminə qədər bütün hakimiyyət növləri də sınaqdan çıxmışdır. Məhz Yəmən
xalqının bu təzadlı, rəngarəng təbiətindən istifadə edərək, dünyanın müxtəlif
güc mərkəzləri bu ölkəni əsrlərlə öz maraqlarının dartışma və qarşıdurma
meydanına çeviriblər. Xüsusilə, Hind okeanından Aralıq dənizi və Avropaya gedən
fövqəlvacib dəniz keçidi üzərində yerləşməsinə görə ABŞ və müttəfiqləri üçün Yəmən
strateji maraq kəsb edib”.
“Yəməndə sünni və şiə məzhəbli
ideya sahibləri arasında böyük ziddiyyətlər var”
İ.Altayın
bildirdiyinə görə, haırda Yəməndə İslam dininin fərqli məzhəbləri arasında
ciddi ziddiyyətlər mövcuddur: “Bu gün ərəb dünyasında islam dininin sünni və şiə
məzhəbli ideya sahibləri arasında böyük ziddiyyətlər var. Təbii ki, belə bir ziddiyyət,
məzhəb savaşı Yəmən kimi qarşıdurma məkanından yan ötüşməzdi. Necə ki, 2011-ci
ildəki "Ərəb baharı" Yəməndən ötüşmədi və ölkənin qnununi
prezidentini götürüb apardı. Bu gün, dayanıqsız Yəmən növbəti dəfə məzhəb və təriqətlərin,
onların arxasında dayanan qüvvələr və dövlətlərin təsiri ilə çalxalanır.
Bu son
dövrlərə qədər Yəməndə sünni ərəb dünyasının dəstəyi ilə hakimiyyətdə üstünlük
sünni vahhabi məzhəbli sələfilərdə olub. 2011-ci il inqilabından sonrakı bu
hakimiyyət daima Səudiyyə Ərəbistanı tərəfdən dəstəklənib. Təbii ki, bu dövlət
daima öz şimal qonşusu Səudiyyə Ərəbistanı və uygun ərəb koalisiyasının, oradan
da Qərbin, ABŞ-ın maraqlarını ifadə edib.
Bu dəfə
Yəməndə Husilər adlanan şiə məzhəbli hərəkat hərəkətə keçib və artıq öz sözünü
də deyib. Prezidenti, hökuməti devirib. Ölkə paytaxtını və iri şəhərləri ələ
keçirib. Müvəqqəti keçid konstitusiyası yaradıb, parlamenti buraxıb və yenisini
yaradır. Prezident qaçıb və demək olar ki, ölkə bu hərəkatın nəzarətindədir.
Husilər Hərəkatının banisi yəmən mənşəli Hüseyn Husi vaxtilə İranda təhsil
alıb. Livan və Suriya şiələri ilə əlaqəli olub, radikal "Hizbulla" hərəkatının
yaradıcılarındandır. 2004-cü ildən, Hüseyn Husi öldürüləndən sonra hərəkata
Əbdulməlik Əl-Husi rəhbərlik etməyə başlayıb. O dövrdən, vaxtaşırı Yəmən ordusu
ilə Husilər arasında daimi qarşıdurmalar yaşanırdı”.
“Husi hərəkatına İranın dəstəyi
birmənalıdır”
Ekspertin
qənaətincə, husilərin İran tərəfindən dəstəkləndiyi inkaredilməzdir: “Şübhəsiz
ki, şiə məzhəbli Hüsilər hərəkatının sünni ərəb dövlətlərinin əhatəsində yerləşən
Yəməndə hakimiyyəti ələ götürmək dərəcəsində inkişafının arxasında İran İslam
Respublikası dayanır. İran hakimiyyəti rəhbərliyinin əsas ideologiyası öz
inqilabını xaricə ixrac etmək, islam dünyasında mümkün qədər çox sayda şiə məzhəbli
dövlət quruluşları yaranışını təşkil etməkdir.
Ancaq
İranın himayə etdiyi, illərlə gizlənib hakimiyyət pusqusunda duran Husilərin
son bir ildə cürətlənib hərəkətə keçməsi başqa bir güclü amildən irəli gəlir. Bu,
Rusiya amilidir. Düşünürəm ki, İrana da, həmin hərəkata da bu cürət və qətiyyət
Moskvadan, Rusiya "KQB"-si tərəfdən gəlib. Yoxsa, İran güclü ərəb
dünyasını qıcıqlandıracaq addıma cəsarət etməzdi. Bir dəfə 2011-ci ildə "ərəb
baharı" zamanı İran bu fırtınanı Bəhreyndə yaratmışdı və ərblərdən də dərhal
sərt cavab almışdı. Yəməndəki, bu hadisələrin başlangıc və gedişatı Qərb və
Rusiya arasındakı Ukrayna konflikti prosesi ilə paralellik təşkil edir. Məqsəd
Yəməndə ikinci Suriyanın yaradıb, ikinci Bəşər Əsədin hakimiyyətdə oturdulması
ilə ərəb dünyası və Qərbə qarşı daha bir geosiyasi platforma formalaşdırmaqdır”.
“Rusiya ərəb dünyasında çaxnaşma
yaratmağa çalışır”
İ.Altayın
fikrincə, Krım və Donbas olaylarından sonra Rusiyanın Qərblə mübarizəsi bütün
parametrlər üzrə daha prinsipial xarakter alıb: “Rusiyanın Krımı və Ukraynanın
Donbas hövzəsini işğalından sonra onun Qərblə savaşı artıq qlobal xarakter
alıb. Moskva artıq, Qərbin gücü və ona yaratdığı total sıxıntıları qarşısında hər
vasitəyə əl atır. Müxtəlif bölgələrdə özünün İran, Suriya, Şimali Koreya, Ermənistan
kimi "dost" kartlarından istifadə etməyə başlayıb. İran və şiə məzhəbli
ərəblər vasitəsilə ərəb dünyasına çaxnaşma salmağa calışır. Çünki son Ukrayna
konfliktində neft resurslu ərəb ölkələri yekdillik və qətiyyətlə ABŞ və Qərbin
tərəfini tutdu.
Putin
konfliktin başlanğıcında əminliklə çıxış edib dedi ki, Səudiyyə Ərəbistanı Qərbin
təsiri ilə heç vaxt neftin hasilatını çoxaldıb qiyməti salmaz və Rusiyanın mənafeyinə
toxunmaz. Ancaq Moskvanın çox qorxduğu bu hal baş verdi. Bu gün ABŞ birbaşa
müdaxilə etmədən, ərəb ölkələri koalisiyasının hərbi qüvvələrinin Yəmənə
müdaxiləsi vasitəsilə Rusiya və İranın niyyətini heçə endirir. Artıq Yəmənin
üsyançıların mövqeləri bombalanır və Husilərdən təmizlənməsi prosesi başlanıb.
Heç də
təsadüfi deyil ki, Rusiya XİN Lavrov Yəməndəki prosesləri Ukraynadakı meydan
inqilabı ilə müqayisə edir. Ərəb dövlətlərinin birbaşa, devrilmiş Yəmən hökumətinə
dəstəyini narazılıqla qarşılayır, Qərbin buna susmasıni ikili standart kimi
qiymətləndirir. Sözün qısası, Rusiyanın İran ustu Yəmən "fırtınası"
da boşa getdi.
Qeyd
edək ki, rus və fars şovinizminin maraqları tarixən üst-üstə düşüb. Bunun köklü
səbəbi Rusiya və İran imperiyalarının qonşu türk toplumlarını bölüşüb əsarətdə
saxlaması və Rusiya üçün İranın cənub-şərqdə geosisiyasi istinad nöqtəsi əhəmiyyəti
daşımasıdır. Bunlar rəsmi elan olunmayan sıx müttəfiqlərdir. Moskva son
onilliklərdə bütün dünya tərəfindən sıxıntıya düşmüş İranı atom istehsalı,
Suriya problemi və sair, digər vacib məsələlərdə həmişə müdafiə edib onun
ayaqda qalmasına çalışıb. Iran da təbii ki, Moskvaya öz borcunu sədaqətlə
qaytarır. 90-cı illərin əvvllərində Azərbaycanda silkələnmə, sabitliyin
pozulması və Qarabağın işğalı prosesindəki Moskva-Tehran-İrəvan üçbucağında
İran “əməyinin” məhsuldarlığı barədə faktları zaman özü mütləq ortaya qoyacaq”.
“Əgər fövqəlgüclər radikal
qruplaşmaların arxasında dayanmasaydı...”
Ekspertin
sözlərinə görə, Yəmən olayları terrorçuların əvvəlki dönəmlərdən fərqli olaraq
daha böyük hədəflərə nail olmaqda israrlı olduğunu göstərdi: “Ümumiyyətlə, Yəmən
hadisələri göstərdi ki, müxtəlif dini ekstremist qruplar əvvəlki onilliklərdə
olduğu kimi, heç də ölkə və cəmiyyətlərin bir küncündə yuva salıb, terror və
sair vasitələrlə öz təriqətlərinin varlığı uğrunda mücadilə aparmaqla kifayətlənmək
istəmirlər. Onlar artıq, müxtəlif hərəkatlar yaradıb, hərbi birləşmə və ordu
hesabına ölkələrdə hakimiyyəti ələ keçirmək barədə düşünürlər. Öz radikal dini
ekstremist ideyalarına uygun dövlət qurmaq fikrindədirlər. Talibanın, İŞİD-in,
indi isə Husilərin çıxışları bunu sübut edir.
Heç
şübhəsiz ki, konkret dövlətlərin və həm də hərbi fövqəlgüclərin bu cür
radikallar arxasında dayanması və dəstəyi olmadan Husi və İŞİD kimi dini
ekstremistlərin ölkələr, hakimiyyətlər ələ keçirməsi qədər güclənə bilməsi
mümkünsüz olardı”.
Seymur Əliyev