Son günlər ermənilərin ölkəmizin
əleyhinə başlatdığı “ Yazıqlıq” kampaniyasıyla bağlı çoxlu internet saytlarıni izləyir, media portallarıyla
bərabər, güc strukturlarının saytlarını, eləcə də erməni və ermənipərəst saytları nəzərdən
keçirirəm.
Dünən də elə Müdafiə
Nazirliyinin saytına baxanda diqqətimi
elan xarakterli bir yazı cəlb
etdi-“Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin keçirlməsi
haqqında məlumat idi.
Çox sevindim, həm vətəndaş olaraq, həm ana
olaraq:
“Efir məkanını zəbt edən,
insanı musiqidən iyrəndirən bayağı “sənətçi”lər və elə öz zövqalərində olan aparıcıların onları ağız dolusu təriflərindən
bezən bir vaxtımızda belə bir layihənin
həyata keçirilməsi lap yerinə düşür"-deyə düşündüm.
Gəlin açıq danışaq, hamımız
bezmişik. Amma, hamımız “El içində”, “Gündəlik Mətanətlə”, və sair və ilaxır
verilişlərə baxmaqla vaxt öldürürük. (Məndən və mənim kimi düşünən
soydaşlarımdan uzaq)
Sanki, hansısa qüvvənin əli bir vaxtlar ən samballı,
verilişləri, xanım-xatın qadın, dəyanətli,
mədəniyyətli kişi aparıcıları ilə göz oxşayan efirimizə uzanıb, millətin
zövqünü korlamaq üçün dəridən, qabıqdan çıxır.
Çoxluq narazıdır,amma hamı
izləyir, hamı Elgizi, Mətanəti gözləyir. Qəribə olan bilirsinizmi nədir?
Bu mənasız verilişlərə
sponsorluq etmək istəyənlərin də maşallah sayı, hesabı yoxdur.
Amma, durum gedək bir şirkətin,
bir iş adamının qapısına ki, əlimdə vətənpərvərlik mövzusunda bir əsər, bir
ssenari var onu çap etdirmək, və ya həmin ssenariyə film çəkmək istəyirəm
vallah, bir yox, beş dəsmal götürüb, göz yaşını Amu-Dəryaya çevirərlər.( neçə
ki, ağlayırlar)
Di gəl ki,belələri problemlər içində çabalayan insanların
düşdükləri vəziyyətdən özlərinə reytinq qazanmaq üçün şou düzəldən TV-lərə yetərincə
ciblərini açmağa xəsislik etmirlər.
Allah Musa Cəlilə rəhmət eyləsin,
necə də gözəl deyib:
"Dəmir
işlədikcə par-par parıldar.
Palçıq
ocaq üstə bişir, daşlaşır.
Kimin ki qəlbində
Vətən eşqi var,
Vətən
torpağında vətəndaşlaşır"
Amma, biz vətəndaşlaşmırıq,
manqurtlaşırıq. Kimsə məndən inciməsin. Fakt faktlığında qalır. İnkar etsək belə,
bu bizik-tariximizi, mədəniyyətimizi unutmağa çalışıb, düşmənin dəyirmanında dən
üyütməkdən ləzzət alanlar.
Söhbətimin
girişinə MN-nin yeni layihəsiylə başladım. Amma, söhbətin yönü TV məkana gəlib
çıxdı. Bu da boşuna deyil. Dediklərimin məqsədi var:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə
Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə
Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş "Vətən uğrunda!" adlı
hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal
qabiliyyətinə və hərbi- vətənpərvərlik mövzusunda mahnıları ifa etmək
bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər. Mahnı
müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən,
Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını,
eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcəkdir.
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində,
o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən
iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının
videorolikini elektron ünvana göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə
Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və
ya [email protected] elektron ünvanına göndərmək olar.
Bütün müsabiqə iştirakçılarının çıxışları
www.gim.az saytında yerləşdiriləcək və hər bir şəxs bütün ifaları izləmək, o
cümlədən bəyəndiyi ifaçıya elktron səs vermək imkanına malik olacaqdır.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində
təşkil ediləcəkdir.Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti
təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə
yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda
iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar
artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan
və Bərdə şəhərlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci
il tarixədək qeydiyyatdan keçmək vacibdir.”
Niyə müsabiqə elanından bəndi məqaləyə saldım, bilirsinizmi?
Bu müsabiqənin nə qədər önəmli olduğunun fərqinə hər birimizin varmağı
üçün,bu müsabiqəyə qatılacaq insanlara dəstək olmaq üçün. Ola bilər ki, adı çəkilən
rayonların ən ucqar kəndlərində istedadı olan, amma müsabiqəyə qatılmaq üçün
imkanı olmayanlar olacaq. O insanlar
efirlərdə “Maral, maral, maral” oxumayacaqlar, onlar “Toylar krali” və
ya “ kraliça”sı və yaxud da “Maral Tahirqızı” olmayacaqlar.
Onlar “İgid əsgər möhkəm dayan”, “Marş irəli”, “Azərbaycan əsgəri” və
usaqdan böyüyə hamımızm hərdənn dodaqaltı zümzümə etdiyimiz “Cənab leytenant”
mahnılarını ərsəyə gətirən sələflərinin varisləri olaraq əllərinə mikrafon alacaqlar.
Onlar izləyicilərə, dinləyicilərə Azərbaycanın, (hansı ki, iyirmi faiz
torpağı düşmən tapdağındadır) vətənpərvər övladları olaraq, nisgilli vətəni vəsf
edəcək musiqi əsərləri və ifalarıyla ilə
təqdim olunacaqlar.
Dəyərli nazirimiz cənab Zakir Həsənovun Müdafiə Nazirliyinə rəhbərliyə təyin
olunduğu gündən Milli Ordudakı dəyişiklik, nizam-intizam, beynəlxalq hərbi əməkdaşlıq,
NATO ilə, İkitərəfli əməkdaşlıq,MDB çərçivəsində əməkdaşlıq, ATƏT və BQXK ilə əməkdaşlıq
və digər sahələrdəki irəliləyişlər göz qabağındadır. Bütün dünya Cənubi
Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik
olduğunu artıq təsdiq edir.
Bu müsabiqə ideyası da cənab nazirin Milli Orduya olan inamın, orduya
xidmətə çağrılan və eləcə də tələbə gənclərin vətnpərvərlik ruhunun möhkəmləndirilməsinə
xidmət edən ideyalarından biridir.
Bu gün gənclərimizdə vətənpərvərlik
hissinin yüksəldilməsi, hərbi kadr potensialının artırılması yönündə belə
müsbiqələrin əhəmiyyəti böyükdür.
“Vətən vətəni sevəni sevər.”
Bəlkə də elə ona görədir ki, Vətəni sevənlərə vətənsevərlər deyirlər.
Vətənsevərlik brend mağazalarda, ən böyük market şəbəkələrində satılmır.
Vətənsevərlik içdən, ruhdan gəlməlidir.
Vətənsevərlik qrant sevməz”¦
Sənə üzümü tuturam əziz oxucu:
Torpaqlarının iyirmi faizi düşmən əlində olan bir məmləkətdə hansı
mahnılar daha çox dinlənilməlidir:
“Maral, maral, maral”, yoxsa “Cənab leytenant”?
Nə zamana kimi ki, bu suala içdən
gələn cavabı verə bilməyəcəyik, bizim şəstlə “mən Azərbaycan övladıyam” deməyə haqqımız yoxdu.
Xalidə Xalid
Araşdırmaçı-yazar