Moderator.az tanınmış ictimai-siyasi xadim Səxavət Əlisoyun “Çağdaş siyasi lider və siyasi mübarizə” sərlövhəli analitik məqaləsini təqdim edir:
“Siyasi
lider hər hansı bir təşkilatın və ya qrupun üzvü olaraq şəxsi keyfiyyətləri sayəsində
siyasi proseslərdə aparıcı rol oynayan şəxsdir. Başqa sözlə,
siyasi lider siyasi səhnədə baş rolun ifaçısıdır və o cəmiyyətin diqqətini özünə
yönəldə bilir. Siyasi lider:
1. Dərin ağıla və məntiqə, siyasi intusiyaya
sahib olmalı;
2.
İntellekt sahiblərindən ibarət komanda formalaşdırmaq qabiliyyəti sərgiləməli;
3. Fövqəladə
vəziyyətlərdə siyasi iradə ortaya qoymağı bacarmalı;
4. Cəmiyyətə
sosial qrupların maraqlarına cavab verən aydın proqram təqdim etməli;
5. Rəhbər
olduğu komandada əsla tərəf tutmamalı;
6. Bütün
qərarların kollegial surətdə qəbulunu gerçəkləşdirməli;
7. Təşkilatçılıq
istedadına, nitq qabiliyyətinə malik olmalı;
8.
Populizmdən uzaq, mənəviyyata, səmimiyyətə və intellektə söykənən ardıcıl
siyasi xətt yürütməli, yalan danışmamalı, sahib olduğu siyasi gücə adekvat hərəkət
etməli;
9.
Davarnış, danışıq, qiyafət, gigiyenik və sair mədəniyyətlərə yiyələnməli;
10. Şəffaf
maliyyə hesabatlarını nümayiş etdirməli.
Göründüyü
kimi siyasi liderlik üçün mühüm şərtlər labüddür və bu şərtlərdən hər hansı
birinə riayət olunmadıqda təkcə siyasi liderin deyil, bütövlükdə siyasi təşkilatın
nüfuzuna ciddi zərbə dəyir.
Bu gün Azərbaycanda
fəaliyyət göstərən siyasi partiyalara və onların liderlərinə diqqət yetirin və
liderlərin yuxarıdakı şərtlərin yüzdə neçəsinə cavab vermədiyini özünüz müəyyən
edin.
Kimsəyə
sirr deyil ki, siyasi liderlərin çoxu rəhbəri olduğu siyasi quruma özünün şəxsi
təsərrüffatı kimi baxır, təşkilatın taktika və strategiyasını təkbaşına müəyyən
edir və hətta partiyalararası münasibətlər belə şəxsi münasibətlər fonunda
qurulur. Siyasi partiyalarda şəffaf maliyyə mühitinin olmamasında,
avtoritarizmin formalaşmasında, saxtakarlığın və riyakarlığın çiçəklənməsində ən
başlıca rolu siyasi lider oynayır.
Məhz
belə liderlər üçün liderlik şərtləri heç bir əhəmiyyət kəsb etmir və elə o səbəbdəndir
ki, cəmiyyətdə siyasi partiyaların nüfuzu gündən-günə azalmaqdadır.
Son 20
ildə müxalif partiyaların heç bir uğur əldə edə bilməməsində özünü əvəzolunmaz
lider sayanların böyük günahı var.
Çağdaş
siyasi lider yalnız hüquqi müstəvidə mübarizə aparmalıdır. Rəngli,
rəngsiz bütün inqilabların millət və dövlət üçün nə qədər faciəli olduğunu isbatlaqmağa
lüzum görmürəm.
Son
beş ildə baş verən inqilablar nəticəsində nə qədər dövlətin viran qaldığından,
milyonlarla insanın səfalət içində yaşadığından xəbəriniz var.
Bu gün
nə Koroğlu və Babəkin qılıncı, nə Robin Qudun oxu, nə də Kalaşnikovun avtomat-pulemyotum
ilə siyasi mübarizə aparmağın zamanı deyil. Sivil dünya yalnız
sivil siyasi mübarizəyə dəstək verir. Bu ən məqbul yoldur. Nədən ki, qanla
hakimiyyətə gələnin bir gün də qanla hakiməyyətdən getməyi var...
Bu yol
uzun bir yoldur və 70 il feodal düşüncəyə alışdırılmış hər hansı bir xalqın
gerçək demokratiyaya qovuşması üçün uzun sürən mübarizə tələb olunur. Bu
mübarizə yarım əsr, lap belə bir əsr də davam edə bilər və sonda mütləq qələbə
olur. Əsas odur ki, mübarizənin önündə liderlik keyfiyyətlərinə malik liderlər
dayansın”.