Rusiya prezidenti Vladimir Putin Avrasiya İttifaqının vahid valyutasının yaradılması ilə bağlı sərəncam imzalayıb. Lakin Putinin bu sərəncamı nəinki Avrasiya İttifaqına təhlükə mənbəyi kimi baxan ölkələr, eləcə də qurumda təmsil olunan bəzi dövlətlərin də narazılığına səbəb olub. Erməni müxalifəti iddia edib ki, vahid valyutaya keçid Ermənistanın konstutisiyasına ziddir və bu dəyişikliyə getmək üçün hökmən ölkə konstitusiyası dəyişdirilməlidir. Putinin vahid valyuta ilə bağlı sərəncamı Qərb ekspertləri tərəfindən də qeyri-ciddi qəbul edilib. Əksər ekspertlər hesab edir ki, Putinin bu sərəncamı daha çox Qərb ölkələri, xüsusilə də ABŞ-a göz dağı verməyə hesablanb. Avrasiya İttifaqında təmsil olunan dövlətlərin lazımi iqtisadi gücə malik olmadığına diqqət çəkən mütəxəssislər, yaradılacaq valyutanın rəqabətə davamlı olmasını mümkünsüz hesab edir.
Maraqlıdır,
Avrasiya İttifaqının vahid valyutaya keçməsi bu qurumun iqtisadi-siyasi mövqelərini
gücləndirə bilərmi? Doğrudanmı, Avrasiya İttifaqının iqtisadi-maliyyə gücü yeni
yaranacaq valyutanın rəqabətə davamlılığını təmin etmək, onun dünya valyuta
bazarındakı mövqeyini gücləndirmək üçün yetərlidir?
Məsələ
ilə bağlı Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlama verən politoloq
Qabil Hüseynli vahid valyutanın yaradılmasının mümkünlüyünə toxunsa da, bu
valyutanın yaşaması üçün onun rəqabətə davamlılığının təmin edilməsinin vacib
olduğunu vurğuladı:
“Prinsip
etibari ilə vahid valyutanın yaradılması mümkündür. Lakin
bu, o zaman lazımi effekt verir ki, bunun arxasında müəyyən əmtəə kütləsi
dayansın. Eyni zamanda, həmin valyuta dünya bazarında rəqabət qabiliyyətinə
malik olsun. Avrasiya İttifaqına məxsus yaradılan valyutanın rəqabətə davamlı olması
üçün onun həm də elmtutumlu yeni texnologiyanı özündə ehtiva edəm məhsul
istehsalına malik olması lazımdır ki, bu da həmin qurumda təmsil olunan dövlətlər
üçün keçərsizdir. Istər Rusiya, istərə də Qazaxıstan və Belorusiya olsun, bu
dövlətlər dünyada rəqabət qabiliyyətinə malik məhsullar istehsal etmirlər. Əksəriyyəti
xammal istehsalı və bu xammalın dünya bazarına çıxarılması ilə məşğul olan ölkələrdir.
Rusiyanın özü də bura daxildir. Ermənistan və Qırğızıstandan isə ümumiyyətlə
danışmaq mümkün deyil. Bu ölkələrdə istehsal adına heç nə yoxdur. Belə bir şəraitdə
yeni yaradılacaq valyuta kursu, onun digər dünya valyutaları ilə rəqabəti şübhə
doğurur”.
Dünya
bazarında məzənnələrin mütəmadi surətdə dəyişdiyinə diqqət çəkən ekspert hesab
edir ki, bu prosesə davam gətirmək üçün həmin ölkələrin güclü iqtisadiyyata
sahib olması şərtdir: “Dünya bazarında məzənnələr və qiymətlər çox sürətlə dəyişir.
Sürətlə dəyişmənin arxasında isə güclü iqtisadiyyat
dayanmırsa, həmin valyutalar ya sürətlə infilyasiyaya uğrayaraq dəyər itirir,
ya da ümumiyyətlə rəqabət gücünə malik olmurlar. Bütün bunları nəzərə alaraq
söyləmək olar ki, Avrasiya İttifaqının valyutasının rəqabətə davam gətirəcəyi o
qədər də inandırıcı görünmür”. Q.Hüseynli baş verənlərin arxasında Putin
hakimiyyətinin ABŞ iqtisadiyyatına və maliyyə sisteminə meydan oxumaq arzusunun
da dayandığını vurğuladı:
“Putin
çoxdan dollara meydan oxuyan valyutanın yaranmasına cəhd edirdi. Əvvəl
Çin yuanını bura cəlb eləmək istədi. Öncə Çin razı olsa da, sonradan görünür bu
razılıq qərara çevrilə bilmədi. Indi isə rublun, dəngənin, dramın, belarus
rublunun və Qırğızıstan somunun ittifaqından ibarət bir valyuta yaradılır. Hər
şeyi sərf-nəzər etdikdə, dünya iqtisaiyyatındakı dəngə və balansları nəzərdən
keçirdikdə, Rusiya iqtisadiyyatı və bu iqtisadiyyatla sıx bağlı olan Avrasiya
İttifaqına daxil olan ölkələrin iqtisadiyyatına nəzər saldıqda, nikbinlik üçün
elə də əsas tapmaq çətin olur. Bu yaxınlarda Qazaxıstan öz daxili bazarını
qorumaq üçün Rusiyadan bəzi məhsulların ölkəyə daxil olmasını qadağan edib. Yəqin
ki, bu qadağa bu gün də qüvvədədir. Bütün bunlar göstərir ki, hətta Avrasiya
İttifaqına daxil olan ölkələrin öz aralarında belə azad ticarət sahəsində müəyyən
problemlər yaşanmaqdadır. Bundan əvvəl isə Rusiya Belarusiyadan kənd təsərrüfatı
məhsullarının idxalına qadağa qoymuşdu”.
Q.Hüseynli
son vaxtlar Rusiya və Ermənistan arasında müşahidə edilən siyasi gərginliyə də
diqqət çəkdi:
“Astana görüşü ərəfəsində Nalbəndyan belə bir
fikir səsləndirdi ki, onun ölkəsi Avropa Birliyinə müraciət edərək ondan
assosiativ üzvlüyü yeniləməyi xahiş edəcək. Burda bir az şantaj
elementi olsa da, hər halda belə görünür ki, Ermənistanın özü də Moskva ilə
siyasi intriqalara başlayıb. Yəqin ki, bu da Moskvanın İrəvana göstərdiyi
münasibətlə bağlıdır. Çünki Avrasiya İttifaqının iclasına nə Ermənistan, nə də
Qırğızıstan dəvət edilməyib. Qalan üç ölkə isə təsisçi adı ilə hər şeyi özləri
həll etməyə çalışır. Əlbəttə, bu məsələdə öncüllüyə can atan Rusiyadır. Buna
görə də, hesab edirəm ki, baş verənlər münasibətlərin çətin formalaşdığını göstərir.
Iqtisadiyyatı tənzimləyəcək maliyyə sistemləri ilə bağlı da çətinliklər var.
Bir sözlə, gözəl arzular var. Amma bu arzuların praktikada öz təcəssümünü
tapıb-tapmayacağı məsələsində konkret fikirlər söyləmək çətindir”.
Seymur Əliyev