Güney Azərbaycanda və 40 milyon türkün yaşadığı İran adlanan dövlətdə son həftə baş vermiş ən mühüm hadisələrin xronikası:
-Güney Azərbaycanda bu həftə
gündəmi Ana Dili ilə bağlı azərbaycanlıların mübarizəsi tutdu. Azərbaycanlılara
Dünya Ana Dili Günü tədbirlərinin keçirilməsinə icazə verməyən İranın molla
rejimi müxtəlif etirazlarla qarşılaşır. Rejim də öz növbəsində həmişə olduğu
kimi, bu həftə də dirənişə qarşı özünə yaraşanı etdi ”“ həbslər... Bu hadisələrlə bağlı onlarla güneyli milli-mədəni
fəallar həbs edilib ki, onlar arasında tanınmış fəal Hüseyn Əli Məhəmmədinin də
adı var. Bundan əlavə, milli fəal Behnam Şeyxi məhkəməyə, Səccad Kəraməti isə
ETTELAAT-a çağırılıb. Aydın Zakirinin
xalçayuma şirkəti qapadılıb. Demək olar
ki, bütün fəalların ailələrinə qarşı təziqlər artıb.
Bütün bunların fonunda isə Sənəndəc Azad İslam Universitetinin rektoru Məhəmməd
Qurban Kiyani jurnalistlərə
açıqlamasında bu təhsil ocağında kürd dili və ədəbiyyatının tədrisinə
hazırlıqdan danışıb. Türk dilinin bütün təhsil
ocaqlarında qadağan olunduğu İranda kürd dili və ədəbiyyatının tədris olunacağı
xəbəri bu dövlətdə nə qədər gözlənilən olsa da, 40 milyondan cox Türkün də buna
bənzər bir haqqının olması uğrunda dirənişin yeni bir dalğasının yaranmasına səbəb
oldu. Azərbaycan türkcəsinin rəsmiləşməsi tələbi ilə tələbələr imzatoplama
kompaniyasına başladılar. Eyni zamanda Təbriz
Şəhər Şurasının Riyasət Heyətinin üzvü Rəsul Dərsxan jurnalistlərlə görüşdə Azərbaycan
türkcəsinin tədrisi ilə bağlı yeni fikirlər bildirib: “Təbrizin Şəhər Şurası mədəniyyət
evləri vasitəsi ilə türk dilində tədrisə başlaya bilər. Üçüncü və dördüncü Şəhər
Şurası bir neçə dəfə Aşıq Musiqisi Festivalı keçirtdi, lakin bu yetərli deyil. Azərbaycanın
mədəniyyəti ilə bağlı başqa işlər də görülməlidir.”
İranda
Türk dilinə qarşı yürüdülən terrora qarşı etirazlar ən müxtəlif formalarda həyata
keçirilir. Sadaladıqlarımızdan əlavə həm
də Güney Azərbaycanın şəhərlərində binaların üzərinə Ana Dili ilə bağlı şüarlar
asılır.
-Türk
dilinə qarşı molla rejimində olan xof mollaları hər cür vandalizmə məcbur edir.
Daha bir vandal olay bu həftə Şərqi Azərbaycan vilayətində baş verib. Farslar tərəfindən
adı dəyişdirilərək "Məlikan" qoyulan Məlikkəndi şəhərində təqribən
bir ay öncə vəfat etmiş Hacı Əzizə Rüstəmyan adlı türk xanımının üzərində türkcə
yazılar, o cümlədən Quran ayəsinin ana dilimizə tərcüməsi və bir şer parçası
olan məzar daşı fars-molla rejimi tərəfindən gecə ikən dəyişdirilmiş, məzarın
üzərində farsca yazılı başqa bir abidə qoyulmuş, bu barədə mərhumənin
yaxınlarına məlumat belə verilməmişdir. Bu hadisə yerli sakinlərin qəzəbinə səbəb
olub.
-Bu
arada nəhayət ki, BMT-dən İrandaki milli məslə ilə bağlı molla rejiminin
yürütdüyü şovinist siyasətə münasibət gəldi. Lakin hüquqları pozulan türklərin “milli
azlıq” (?!) adlandırılması olduqca absurd bir ifadə olub. Belə ki, BMT-nin
baş katibi İranda azlıqların vəziyyəti və insan haqları durumu ilə bağlı öz
nigaranlığını bildirib. Pan Ki Mun illik hesabatında İranda insan haqlarının
kəskin pozulmasından təəssüf hissini dilə gətirib. O prezident Həsən Ruhanini
azlıqların hüquqlarına görə də tənqid edib. Hesabatın bir hissəsində deyilir
ki, “İranda qadınlar və milli-dini azlıqların hüquqları kəskin pozulur və bu
ölkədə edam saylarının artması və yetkinlik yaşına çatmayanların edam edilməsi
böyük nigaranlıq doğurur.” Ban Ki Mun əlavə edib ki, “Həsən Ruhaninin
azlıqlarla bağlı verdiyi vədlər yerinə yetirilməyib. Bu ölkədə insan haqları
fəalları və öz ana dillərində təhsili tələb edən qövmlərin aktivistləri uzun
müddətli həbslər və edam cəzaları ilə üzləşir.” Bu arada BMT, dünya
şəhərlərinin vəziyyəti ilə bağlı araşdırma aparıb və nəticəni bu təşkilatın
elektron dərgisində elan edib. Araşdırmaya görə Güney Azərbaycanın siyasi
mərkəzi Təbriz İran coğrafiyasında ən gözəl və gəlişmiş şəhər kimi seçilib.
Güney Azərbaycanın digər şəhəri Urmiya isə 7-ci şəhər elan olunub .
-İran
hakimiyyəti Güney Azərbaycanın qərbində yerləşən kəndin məktəbində baş verən
yanğın hadisəsinin acı nəticələrini hələ də aradan qaldırmayıb.
Yanğın 2012-ci il dekabrın 5-də Qərbi Azərbaycanın
Piranşəhr şəhərinin ŞinAbad kəndində qeyri-standard istilik sistemindən dolayı
baş verib. Həmin hadisədə 28 qız şagirdi yaralanmışdır. Onlardan 12-i ağır xəsarət
alıb, 2-i isə həlak olmuşdur. Həmin yanğın zamanı xəsarət alan qız uşaqları
İranın Təhsil Nazirliyi önündə toplaşaraq, nazirliyin onların dərman xərcini təminində
əməkdaşlıq etmədiyinə etiraz bildiriblər. Lakin etirazlara baxmayaraq İran rəsmiləri
yanğında xəsarət alan şagirdlərin dərman xərcini yenə təmin təmin etməyiblər.
-Fars
molla rejimin türklərə qarşı yürütdüyü mənəvi terrorun tərkibində
narkomaniyanın yayılması cəhdi xüsusi
yer alır. Rejim buna istədiyi şəkildə nail ola bilməsə də, acı nəticələr yarada
bilib. Bu səpgidə aldığımız növbəti bədbin xəbər Şərqi Azərbaycan vilayətindən
gəldi. Rəsmi məlumatda bildirilir ki, bu vilayətdə narkomaniyanın yaşı azalır!
-Dünya azərbaycanlılarının milli birlik rəmzinə
çevrilmiş “Qırmızı Qurdlar” adlnadırılan “Traktor” Futbol Komandası bu həftə
daha bir qələbəyə imza atdı. Birləşmiş
Ərəb Əmirliklərinin “Əhəhli” komandası ilə keçirilən oyun 1 ”“ 0 hesabı ilə azərbaycanlıların
sevimli takımı “Traxtur”un xeyirinə yekunlaşdı.
-Bu həftə
həbsdə olan milli-mədəni fəallardan Rəsul Rəzəvi, Fərdin Nobəxt, Mehdi Kuxiyan,
Nasir Əbdülhüseynzadə, Əmin Hacilu, Araz Xasse Təraş və İslam Əli Əkbərli azadlığa buraxıldılar.
-Bunlardan əlavə, bu həftə İranda gündəmi tutan
mövzular İran diktatoru Əli Xamneyinin ölüm ayağında olmasıyla bağlı yayılan xəbərlər,
İŞİD-ə qarşı mübarizədə İranın rolu, Qərb-İran nüvə danışıqları və İzrailin baş
naziri Benyamin Netanyahunun ABŞ səfəri zamanı İranla bağı etdiyi açıqlamalar
oldu.
Hazırladı:
Milli
Dirçəliş Hərəkatı Partiyasının İdeologiya Şöbəsi