“Təhsil sahəsində fundamental islahatların magistral yolu- tələbəyə gəlir mənbəyi kimi baxmaqdan, tələbəyə,onun qayğılarına münasibətin ən yaxşı beynəlxalq standatrtlar səviyyəsinə uyğun surətdə dəyişdirilməsindən keçir”
“Bizim təklif
etdiyimiz üsul-sərmayəni istedadlı gənclərə, onların neftdən,qazdan.qızıldan min
dəfələrlə qiymətli olan beyinlərinə yönəltməyin ən perspektivli üsullarından
biridir”
İqtisadi
və Sosial innovasiyalar İnstititinin rəhbəri, millət vəkili Əli Məsimli
Moderator.az-a açıqlamasında ombudsman Elmira Süleymanovanın kirayədə qalan tələbələrə
dövlət tərəfindən kirayə pulunun ödənilməsi təklifinə münasibət bildirib. Millət
vəkili həmçinin tələbələri narahat edən bir çox məsələlər ”“ təhsil haqqı,
yataqxana ehtiyacı və s. kimi problemlər haqqında da maraqlı fikirlər səsləndirib:
“Milli Məclisin
6 mart tarixli plenar iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkili Elmira xanım Süleymanova 2014-cü il üzrə məruzəsində bir sıra maraqlı
təkliflərlə çıxış etdi.Həmin təkliflərdən biri də dövlət sifarişi əsasında ali və
orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyaclı tələbələrin
yataqxanalarda yerlə təmin edilməsi,bu mümkün olmadığı hallarda onlara mənzil
kirayəsi haqqının ödənilməsi təklifidir. Mən Milli Məclisdəki çıxışımda İnsan
Hüquqları üzrə Müvəkkilin məruzəsinə münasibət bildirərkən Elmira xanım Süleymanovnın
bu təklifini dəstəklədim və vacib məsələ olduğunu bildirdim. Əgər
biz potensialımıza uyğun rəqabət qabiliyyətli ölkəyə çevrilib,neftin, qazın
dünya bazarındakı qiymətindən asılı olmayaraq davamlı tərəqqi yoluna çıxmaq istəyiriksə,
daha çox neft amilinə əsaslanan və artıq imkanları tükənməyə başlayan iqtisadi
inkişaf modelindən insan inkişafına əsaslanan innovasiyalı inkişaf modelinə
keçməliyik.Bu isə təhsil və elmə münasibəti, bilik cəmiyyətinin tələblərinə
uyğun surətdə əsaslı surətdə dəyişdirilməsini tələb edir.Təhsil sahəsində
fundamental islahatların magistral yolu isə tələbəyə gəlir mənbəyi kimi
baxmaqdan tələbəyə,onun qayğılarına münasibətin ən yaxşı beynəlxalq
standartlar səviyyəsinə uyğun surətdə dəyişdirilməsindən keçir. Test üsulu aztəminatlı
ailələrdən çıxan istedadlı gənclərin də ali məktəblərə daxil olmasına imkan
yaradıb. Lakin ali məktəbə daxil olan həmin istedadlı gənclərin bir hissəsi
maliyyə imkansızlığı ucbatında təhsilini başa vura bilmir. Ali təhsil alanların
70 faizə qədəri ödənişli qaydada təhsil alır.Təhsil haqqları 900-4500 manat
arasında olmaqla orta hesabla 2500-3000 manat civarındadır.Digər tərəfdən isə məlum
səbəblərdən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan ehtiyaclı tələbələrin
yataqxanalarda yerlə təmin edilməsi problemi açıq qalmaqda davam edir.Bakıda
kirayə haqqı ən yaxşı halda ayda 300-400 manatdır. Bir tərəfdən təhsil haqqı,
digər tərəfdən isə kirayə haqqı ödəmək hər tələbənin ailəsinin büdcəsinin gücü
çatası məbləğ deyil. Dostu və ya rəfiqəsi ilə mənzilin bir otağını kirayə götürən
2 tələbənin hər biri isə ayda 130,150,200 manat kirayə haqqı ödəməlidir.Orta
aylıq əmək haqqının ayda 450 manat, büdcə təşkilatlarında çalışanların xeyli
hissəsinin maaşlarının isə 250- 400 manat arasında olduğu bir şəraitdə təbii
ki, həmin səviyyədə gəliri olan ailələrdən çıxan tələbə maliyyə sıxıntısı
ucbatından təhsilini yarımçıq qoymalı olur. Bu məsələnin yumşaldılmasının 3
yolu var: Birinci yol-tələbələr üçün yataqxanaların tikilməsidir. Hazırda
yalnız bir neçə universitet bu məsələni həll edib. Bakı Dövlət Universiteti bu
istiqamətdə beynəlxalq standartlara cavab verən “TƏLƏBƏ ŞƏHƏRCİYİ” tikmək
istiqamətində səy göstərir. Amma ali təhsil ocaqlarının hamısının bu cür tələbə
şəhərciyi yaratmaq və ya yataqxana tikmək imkanı yoxdur. Deməli, bu problem
yalnız dövlət dəstəyi ilə həll oluna bilər.Yataqxanalar tikilib, imkansız tələbələrə
pulsuz, digərlərinə isə əlverişli kirayə haqqı ilə təqdim oluna bilər.Dövlət nə
vaxtsa buna gedə bilər.Amma açığı,bu, çox yaxşı üsul olsa da,manatın kəskin
devalvasiyasının yaratdığı problemlər şəraitində dövlətin yaxın vaxtlarda buna
gedəcəyi inandırıcı görünmür. İkinci yol- dövlət tərəfində tələbələrə mənzil
kirayə haqqının ödənilməsi yoludur.Bu imkansız tələbələr üçün təmənnasız, həmin
üsulu bir qədər inkişaf etdirib digərləri üçün isə kredit şəklində ola bilər.Yenə
də eyni səbəbdən, yəni,manatın kəskin devalvasiyasının yaratdığı problemlər şəraitində
dövlətin cari ildən buna gedəcəyi inandırıcı görünmür. Üçüncü yol isə bu
problemin təhsil kreditləri mexanizmi vasitəsilə həlli yoludur.Manatın
devalvasiyasından sonra yaranmış durum şəraitində sözügedən problemin həllinin
maliyyə tutumunu azaltmaqla bu sahədəki xərcləri qarşılamağın beynəlxalq
praktikada özünü doğrultmuş forması təhsil kreditləridir.Deputat həmkarım Vahid
Əhmədovla birlikdə hazırlayıb MM-ə təqdim etdiyimiz “Təhsil kreditləri
haqqında” qanunda tələbənin həm bilavasitə təhsil haqqlarının, həm də bu məsələ
əsas təhsil xərcləri,həm də təhsillə əlaqədar digər xərclərin, yəni tələbənin təhsil
aldığı müddətdə qidalanma,mənzil, dərs ləvazimatı, nəqliyyat və s. xərclərin də
qarşılanması məsələsi təkcə kirayə problemi ilə məhdudlaşmayıb,kompleks şəkildə
öz əksini tapıb.Əgər “Təhsil kreditləri haqqında” qanun bu ilin birinci
yarısında qəbul edilib, sentyabrdan dərs başlananda tətbiq edilməyə başlasa tələbə
təhsilini başa vurduqdan iki il sonra, yəni 2022-ci ildən başlayaraq 20 il ərzində
aylıq gəlirinin 10-12 faizini həmin kreditin qaytarılmasına sərf etməklə normal
tələbə həyatı yaşaya bilər.Bizim qanuna görə həm də əlaçı tələbələr krediti
qaytarmaqdan azad olur.Belə yanaşma sərmayəni istedadlı gənclərə, onların neftdən,qazdan.qızıldan
min dəfələrlə qiymətli olan beyinlərinə yönəltməyin ən perspektivli üsullarından
biridir.Bütün bunlar təhsilin keyfiyyətinə əsaslı surətdə müsbət təsir göstərmiş
olar və gələcəyimizi işıqlı edər”.