Tanınmış ictimai-siyasi xadim, hüquq müdafiəçisi Oqtay Gülalıyev facebook səhifəsində övladı Əli Gülalıyevin məhkəmə prosesi ilə bağlı maraqlı status paylaşıb. Moderator.az həmin statusu oxucuların diqqətinə çatdırır:
“...
Bu gün Apelliyasiya Məhkəməsində azyaşlı övladım Əli ilə bağlı Xətai rayon məhkəməsinin
ədalətsiz qərarından verilmiş apelliyasiya şikayətinə baxıldı. Hakim Vüqar Məmmədovun
sədrliyi ilə keçirilən ötən prosesdə cinayət işi ilə bağlı ilkin istintaqın düzgün
aparılmadığını, Xətai rayon məhkəməsinin dəlil və subutları araşdırmadan bir tərəfli
və qərəzli şəkildə hökm çıxardığını əsas gətirərək Apelliyasiya məhkəməsindən
qismən məhkəmə istintaqının aparılması barədə verdiyimiz vəsatət qəbul
olunmamışdı.
Bu günki prosesdə isə birinci instansiya məhkəməsinin
protokollarında bilərəkdən ciddi nöqsanlara və saxtakarlıqlara yol verildiyi
üçün eyni halın Apelliyasiya məhkəməsində də təkrarlanmaması üçün məhkəmə
proseslərində video çəkilişin aparılmasının təmin edilməsi barədə oldu. Hakim
bu vəsatətimizi qəbul etmədi.
Növbəti vəsatətimiz həm birinci instansiya məhkəməsində,
həm də Apelliyasiya məhkəməsində "zərərçəkən" iştirak etmədiyi üçün məhkəmə
prosesinin onun iştirakı ilə aparılması barədə oldu. Hakim bu vəsatətimizi də qəbul
etməyərək prosesdə onun iştirakına ehtiyac olmadığını bildirdi.
Daha bir vəsatətimiz istintaqda qorxudulub hədə-
qorxu gələrək, öncədən hazırlanmış hazır protokollara qol çəkdirilmiş şahidlərin
iştirakının təmin olunması barədə oldu. Məhkəmə bu vəsatətimizi də qəbul etmədi.
Ən nəhayət sonuncu vəsatətimiz hadisə yerində
quraşdırılmış hadisənin baş verdiyi zamanda müşahidə kamerasının yaddaşında
lentə alınmış video görüntülərə baxış keçirilməsi barədə oldu. Bu vəsatətimizi
də qəbul etməyəcəyi təqdirdə ədalətsiziliyin və saxtakarlığın pik həddə, siyasi
sifarişin açıq- aşkar faş olacağını hiss edən hakim prosesi 11 marta qədər təxirə
saldı.
Təsəvvür edirsinizmi, məhkəmə heç bir şahidi
dinləmədən, "zərərçəkən"- in özünü görmədən və "şikayəti"-nə
qulaq asmadan, baş verdiyi iddia olunan hadisə ilə bağlı əsas və yeganə tutarlı
faktı- video görüntüyə baxmadan, az yaşlı məktəbli uşaqlardan polis bölməsində
valideynlərinin iştirakı olmadan zorla alınmış ifadələri incələmədən, eləcə də
digər subut və dəlilləri araşdırmadan məhkəməni yekunlaşdırıb, tələm- tələsik qərar
vermək istəyirdi.
... Doğrusu etiraf edim ki, mən Azərbaycanda məhkəmələrin
bu qədər aciz, rəzil və yazıq durumda olduğunu bilmirdim. Söhbət onların
övladım Əli ilə bağlı çıxartdığı və çıxaracağı saxta qərarlardan getmir. Söhbət
yüzlərlə, minlərlə, on minlərlə vətəndaşımızın haqqında çıxarılan ədalətsiz qərarlardan
gedir. Bir də söhbət ondan gedir ki, Azərbaycanda məhkəmələr o qədər
aşağılanıb, hörmətdən, nüfuzdan salınıb cılızlaşdırılıb ki, artıq məhkəmələrə
inam qalmayıb. Sifarişlərlə qərar qəbul edən məhkəmələr icra qurumlarının ən
kiçik bölmələrinə çevrilib.
... Mən inanıram ki, avtoritar rejimlərə xas
olan məhkəmələrimizin sifarişə və ələ baxan durumu ötüb keçəcək. Azərbaycan məhkəmələrində
haqqın öz yerini tutacağı, ədalətin zəfər çalacağı gün uzaqda deyil. O gün mütləq
gələcək. Heç kim inamını itirməsin. Azərbaycan insanının həqiqi ədaləti məhkəmələrdə
axtaracağı və tapacağı gün uzaqda deyil.
Biz hamımız bir yerdə ölkəmizdə ədalətli,
demokratik bir cəmiyyətin qurulmasına nail olacayıq. Onda məhkəmələrimizin
sifarişlə işləməsinə, saxta, ədalətsiz qərarlar qəbul etməsinə ehtiyac
qalmayacaq! Çünki ədalətli məhkəmələr ədalətli cəmiyyətlərdə olar...”