“Azərbaycan hakimiyyəti Avropa Olimpiadasına nə qədər pul xərcləyəcəyinin rəsmi statistikasını açıqlamalıdır. Vətəndaşlarımızın xarici mətbuatdan xəbər tutduğu məlumatları öncədən bilmək hüququ var. Zira, israf olunan bu vəsait Azərbaycan xalqına aiddir və onun hara, hansı səbəblə xərcləndiyini bilməliyik”.
Bunu Ədalət Partiyasının sədr müavini Heydər Oğuz xarici media qurumlarında Avropa Olimpiadasının bütün xərclərini ev sahibi olan ölkənin öz öhdəsinə götürdüyü barədə xəbərləri şərh edərkən deyib.
Moderator.az-a açıqlamasında “beynəlxalq tədbirlərə çəkilən xərclərin az qala
dövlət sirri kimi gizli tutulması və sonradan xaricdən yayılan informasiyalar
sayəsində həqiqətlərin ortaya çıxması cəmiyyətimizdə xoş olmayan əhval-ruhiyə
yaradır”- deyən şair-publisist onu da qeyd etdi ki, bu sahədə şəffaflığın təmin
olunmaması ictimai rəyimizin xarici medianın təsiri altında qalmasına yol açır:
“Xüsusilə “ərəb bahar”larının xarici KİV-lər tərəfindən təlatümə gətirilməsi bizim
başbilənlərimizə dərs olmalı və onlar media siyasətlərini yenidən gözdən keçirməli, xərclənən hər quruşun hesabatını vermək mədəniyyətinə
yiyələnməlidirlər. Hansısa beynəlxalq tədbirə sərf olunan vəsait ümummilli
mənafeyə xidmət edirsə, bu, niyə camaatdan gizli tutulmalıdır? Yox, əgər izafi xərclərdirsə,
ilin-günün bu vaxtında kisəmizin ağzını belə geniş açmağımızın anlamı nədir?”
Beynəlxalq tədbirlərin Azərbaycanın
dünyaya tanıdılmasında mühüm rol oynadığı fikriylə razılaşan şair-publisist
hökumətə son zamanlar ölkə iqtisadiyyatının getdikcə daraldığını unutmamağı da
məsləhət gördü: “Ölkələrin idarəçiliyi üçün birinci və ikinci dərəcəli məsələlər
var. Siyasi xarakterindən asılı olmayaraq bütün dövlətlər üçün xalqın rifah səviyyəsi
bir nömrəli məsələdir. Öz mədəniyyətini, milli dəyərlərini tanıtmaq isə
ikinci dərəcəli məsələlər kataqoriyasına aiddir. Rifahi yüksək olmayan xalq əlindəki
vəsaiti hansısa yarışa sərf edərsə onu bəlkə yenə tanıyarlar. Amma bu tanınma yaxşı
xüsusiyyətə görə olmaz. Belə israfçı ölkəyə heç bir yerdə ciddi baxılmaz, onun
yalançı təriflərə aludəçiliyini istimar edərlər”.
Hazırda Azərbaycan iqtisadiyyatının böyük
ölçüdə asılı olduğu neftin dünya bazarında qiymətdən düşdüyünü və bunun Azərbaycan
iqtisadiyyatında devalivasiyaya səbəb olduğunu deyən Heydər Oğuz bir gündə 35 faiz kasıblaşan vətəndaşların boğazından kəsilən pulun hansısa beynəlxalq
yarışa yönəldilməsini anlaya bilmir: “Bu, öz sərvətini göyə sovurmaqdır. Öz ailə üzvlərini ac-susuz qoyub bahalı idman yarışına gedən
qonşunuza necə baxarsınızsa Azərbaycana da dünya dövlətləri o cür yanaşacaqlar.
Belə tanınmaq kimə lazımdır?”
Avropa Olimpiadasına çəkəcəyimiz xərclərin xeyli çox olduğuna diqqət çəkən Ədalət yetkilisi bunları dedi: “Yarışda 5000 atletin iştirak edəcəyi və onların hər biri üçün hardasa 39000 dollar xərclənəcəyi gözlənilir. Bu, kifayət qədər böyük rəqəmdir. Belə çıxır ki, hardasa 200 milyon dollar idmançıların yalnız iştirakına sərf olunacaq. Üstəlik, yarış üçün yaradılan infrastruktura yəqin ki, bundan dəfələrlə çox vəsait ayrılıb".
Azərbaycan iqtisadiyyatının kövrək zəmin üzərində oturduğunu iddia edən müsahibimiz buna örnək olaraq son zamanlar baş verən devalivasiyanı misal göstərdi: "Devalivasiyanın səbəbləri haqqında danışan ölkə başçısı deyirdi ki, manatı sabit saxlamaq üçün 500 milyon dollar həcmində xarici valyuta dövriyyəyə buraxılmışdı. İnsanlar manatın ucuzlaşacağını ehtimal edərək həmin vəsaitləri almış, bu da milli valyutamızın qiymətiinin daha kəskin düşməsinə səbəb olmuşdur. Indi hardasa həmin vəsaitin yarısı qədər pul yalnız idmançılara sərf olunacaqsa belə çıxır ki, ölkəmiz olimpiadadan ciddi iqtisadi itkiylə ayrılacaq”.
Avpora miqyaslı yarışa ev
sahibliyi etməyin hələ avropalı olmaq mənasına gəlmədiyini düşünən Heydər Oğuza
görə, hakimiyyət bunun yerinə ölkədə demokratik ənənələri bərqərar etməlidir: “Avropanı
Avropa edən idmançıları deyil, demokratiyasıdır, söz azadlığıdır. Qəzet köşklərində
qəzetdən çox, siqaret satılan ölkə yüzmilyonlarla dollarını Avropa dövlətlərinin belə məsrəfli olduğu gərəkçəsiylə imtina etdiyi yarışa xərcləyirsə, deməli o,
öz niyyətində səmimi deyil, Avropanın quldarlıq quruluşu dövründəki səviyyəsində
və qladiator döyüşləriylə əzəmətli görünmək axtarışındadır. Bunu Avropa Olimpiadasına göstərdiyimiz diqqət bir daha sübut edir.”