Bugünlərdə respublika prokurorunun I müavini Rüstəm Usubovun Sumqayıt hadisələrinin əsas iştirakçısı Qriqoryan haqqında səsləndirdiyi fikirlər bəzi vətəndaşlarda əsl şok effekti yaradıb. Belə ki, Qriqoryanın yerinin 27 ildən sonra müəyyən edildiyini bildirən R.Usubov, onun izinə "Odnoklassniki" sosial şəbəkəsində rast gəlindiyini bildirib. Hörmətli Usubov qeyd edib ki, araşdırmalar erməni təxribatçısının Moskva yaxınlığında yaşadığını göstərir. Bütün bunların ardınca Qriqaoryanı məsuliyətə cəlb edilməsi üçün gərəkən addımların atılacağına diqqət çəkən Usubov, bununla da prokurorluq orqanlarının "çalışqanlığını" nəzərə çatdırıb. Əslində R.Usubovun öz açıqlaması ilə yaratdığı ictimai şokun mahiyyəti də məhz bununla bağlıdır. Peşəkar prokurorluq işçisi hələ reallaşmayan, hazırlıq mərhələsində olan bir əməliyyatla bağlı ən zəruri məlumatları KİV-in iştirak etdiyi bir toplantıda prokurorluğun uğuru kimi sayıb-tökür və ardınca bu məlumatlara əsasən Qriqoryanın tapılıb məsuliyyətə cəlb ediləcəyini vurğulayır. Halbuki, "Odnoklassniki" şəbəkəsində şübhələri özünə çəkən şəxs həqiqətən də Qriqoryan olsa belə, artıq R.Usubovun açıqlamasından sonra onun azı daha 27 il qeyiblərə qarışacağı şübhəsizdir. Çünki nəinki Qriqoryan kimi təhlükəli, xüsusi təlim keçmiş təcrübəli cinayətkar, hətta adi toyuq oğrusu belə deşifrə olunduğunu bilə-bilə oturub həbs olunacağını gözləməz.
Bəli, nə qədər qəribə
görünsə də, bu gün Qriqoryanın həbsi birmənalı şəkildə sözügedən qatilin alicənablığına,
daha doğrusu maymağlığına bağlıdır. R.Usubovun "biz gəlirik"
açıqlamasından sonra Qriqoryan ya öz təhlükəsizliyinin qayğısına qalaraq
qaçmalı, ya da Azərbaycan prokurorluğunun 27 illik zəhmətinə rəhm edib yenə
eyni ünvanda yaşamalı, səbirsizliklə həbs ediləcəyi günü gözləməlidir. Çünki
mövcud şərtlər daxilində onu həbs etmək üçün başqa bir ümid yoxdur.
R.Usubovun öz açıqlaması
ilə gətirib bu nöqtəyə çıxartdığı vəziyyət məşhur bir lətifəni yada salır.
Deyirlər, guya dünyanın hansısa ölkəsində öz hədsiz sadəlövhlüyü və avamlığı ilə
diqqət çəkən bir kənd var imiş. Hansı ki, bu kəndin sakinlərinin az qala
ağılsızlıq həddində olan avamlığı bütün qonşu kənd və qəsəbələrə də məlum imiş.
Bir gün həmin məşhur kənddə oğurluq hadisəsi baş verir. Belə ki, kəndin bir
sakini başqa bir sakinin evinə girir və əlinə keçən əşyaları aparmaq istəyərkən
ev sahibi tərəfindən yaxalanır. Tutduğu oğrunun ayaqlarını bağlayıb evin
ortasına uzadan ev sahibi bir neçə kənd uzaqda yerləşən polis şöbəsinə gedir. Baş
verənləri polisə nəql edən ev sahibinin oğrunun sadəcə ayaqlarını bağlaması
polisin diqqətini çəkir. Polis ev sahibindən niyə oğrunun əllərini də
bağlamadığını soruşur. Ev sahibi isə oğrunun
əllərini bağlamağın ağlına gəlmədiyini bildirir. Polis rəisi ev sahibinə
evə qayıtmağı tövsiyyə edir və bildirir ki, daha polisin ora getməyi mənasızdır,
çünki əli açıq olan oğrunun ayaqlarındakı kəndiri açıb qaçdığı şübhəsizdir. Bu
zaman həmin kəndin "özəlliyini" nəzərə alan digər bir polis əməkdaşı rəisə
evə getməyi məsləhət görür və bildirir ki, əgər oğru o kəndin sakinidirsə, o
zaman açıq qalan əlləri ilə ayaqlarındakı kəndiri açıb getmək onun da ağlına gəlməyəcək.
Beləcə, polis əməkdaşları həmin evə yollanırlar və mənzilə daxil olan zaman bəlli
olur ki, oğru həqiqətən də evdədir və açıq əllərini yanlarına uzadaraq polisin
gəlməyini gözləyir.
Bu gün Qriqoryanın həbsi üçün
onun düşüncə tərzinin məhz bu cür çalışması vacibdir. Çünki bu peşəkarlıqla onu
başqa cür həbs edə bilməyəcəyimiz ortadadır.
Əslində, R.Usubovun məlum
açıqlaması həm də Sumqayıt işi məsələsindəki 27 illik uğursuzluğun sirri kimi də
izah oluna bilər. Bəlkə də, bütün məsələlərə məhz bu məntiqlə yanaşıldığı üçün
şübhəlilərin hələ də qanun qarşısında cavab verməsi təmin edilməyib.
R.Usubovun öz məşhur
çıxışında əməliyyat-istintaq sirrini açıb-açmadığı, buna görə məsuliyyət
daşımalı olub-olmadığı məsələsi isə hüquqşünaslar tərəfindən araşdırılması gərəkən
bir məsələdir. Baxmayaraq ki, məsələnin əsas mahiyyəti qeyri-hüquqşünas dərrakəsi
ilə də kifayət qədər aydın dərk olunur və təəssüf ki, bu qavrayış R.Usbovu heç
də haqlı çıxartmır.
Seymur Əliyev
e-mail:
[email protected]