Həbsxanadakı cənnət
Penitensiar Xidmətin rəis müavini general
Hüseyn Əlixanov hüquq müdafiəçisi Leyla Yunusun saxlanma şəraitindən bəhs edərkən
maraqlı fikirlər səsləndirib. General bildirib ki, bu gün Azərbaycan həbsxanalarında
dustaqlara o qədər yaxşı baxırlar ki, bu, həmin dustaqları yenidən cinayətə
sövq edə, həbsxanaya qayıtmasına sitimul verə bilər.
Bəli, nə qədər qəribə olsa da, H.Əlixanov necəliyi
şərhsiz də hər kəsə bəlli olan həbsxanaları əsl cənnət kimi vəsf etməkdədir.
H.Əlixanovun dediklərinə inansaq, bu gün ən yaxşı istirahət mərkəzləri belə
bütün parametrlər üzrə ölkə həbsxanalarına böyük fərqlə uduzmaqda, ciddi şəkildə
geri qalmaqdadır. İş o yerə çatıb ki, Penitensiar Xidmətin generalı bu cür
baxımın dustaqları həmişəlik həbsxanaya bağlaya biləcəyindən duyduğu narahatlığı
ictimaiyyətlə bölüşməyi lazım bilir.
Bəli, H.Əlixanovun açıqlaması ilə tanış olan hər
kəsin içində bir anlıq da olsa dustaq olmaq, həbsxanadakı cənnətlə tanış olmaq
istəyi oyanır. İnsana elə gəlir ki, bu gün yaşadığımız dünyada həsəd aparılması
gərəkən yeganə kateqoriya ölkə həbsxanalarındakı dustaqlardır. O dustaqlar ki,
onların arasında siyasi məhbuslar, müxalifət düşərgəsinin nümayəndələri də yetərincədir.
Əslində H.Əlixanovun məlum açıqlaması
çoxlarına qəribə görünsə də, bu açıqlama bir çox problemlərin həllinə yardımçı
olmaqla yanaşı, bəzi müammaların cavabı kimi qiymətləndirilə bilər.
Məsələn, H.Əlixanovun açıqlamasından sonra bir
çoxları kimi məndə də belə bir yəqinlik yarandı ki, sən demə müxalifət təmsilçilərinin
uzun illərdir ki, həbsxana yolunu su yoluna döndərməsinə səbəb həbsxanalardakı
cənnət, bu cənnətin insanı vəcdə gətirən gözəlliyi olub. Tikanlı məftillər
arasında gizlənən bu cənnəti görmək üçün silah qaçaqmalçılığından tutmuş
narkotik alverinə qədər hər cür pisliyə bulaşan, hətta xarici ölkə agenturasına
belə həvəslə işləyən müxalifət nümayəndələri vaxtaşırı sakini olduqları cənnətdən
daha çox yararlanmaq üçün əfv ərizəsi belə yazmır, bununla da həbsxanada
qalmağın onların marağına cavab verdiyini təsdiqləyrilər. Bu azmış kimi onları
cənnətə qonaq etdikləri üçün təşəkkür etməli olduqları hakimiyyətin ünvanına sərt
tənqidlər və qorxunc ittihamlar səsləndirən müxalifət nümayəndələri,
xeyirxahlıq qarşılığında minnətdarlıq etmək kimi elelementar mədəniyyətə belə
sahib olmadıqlarını isbatlamaqdadır.
H.Əlixanovun açıqlaması aşkar şəkildə göstərdi
ki, həbsxanaya düşmək müxalifətin öz arzu və istəyindən qaynaqlanır və bunun
hakimiyyətin repressiya siyasəti kimi dəyərləndirilməsi nəinki əsassız, həm də
nankorluqdur.
H.Əlixanovun həbsxanalarımızdakı xoşbəxt
yaşamla bağlı fikirləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
qarşısındakı bir sıra problemlərin həlli baxımındna da açar rolu oynaya bilər.
Məsələn, adıçəkilən nazirlik sosial durumu ağır olan ailələri sosial müavinətlə
təmin etmək əvəzinə həbsxanalarda yerləşdirə bilər ki, bu da problemin birdəfəlik
və daha köklü həlli sayıla bilər. Təbii fəlakətlər və ya bundan heç də az zərərli
olmayan məmur tamahkarlığı nəticəsində evsiz qalan şəxslərin mənzil problemini
də onları həbsxanalara yerləşdirməklə həll etmək mümkündür.
Bundan başqa, vətən qarşısında əlahiddə xidmətlərə
malik şəxsləri, milli qəhrəmanları, dünya və olimpiya çempionlarını, fəxri
adlar və medallarla təltif edilən ziyalı və məmurları, incəsənət və mədəniyyət
xadimlərini də hörmət və ehtiram əlaməti olaraq bu həbsxanalara qısa və ya uzun
müddətə qonaq etmək olar. Bu, onların gələcək fəaliyyəti üçün sitimul verməklə
yanaşı, dövlətin onlara qayğısının da ən bariz nümunəsi olar. Milli
valyutamızın xaricə daşınmasının qarşısını almaq üçün məmur kontingenti və
onların harınlamış nəvə-nəticələrinin də Baham adaları, Qərb və uzaq Amerika
ölkələrinə səfərlərinə qadağa qoymaq, onları öz istirahətlərini Azərbaycan həbsxanalarında
keçirməyə həvəsləndirmək də iqtisadi baxımdan olduqca səmərəli ola bilər.
Bu baxımdan H.Əlixanovun həbsxanalarımızdakı cənnətlə
bağlı açıqlaması mövcud problemlərin həlli baxımından müstəsna əhəmiyyət kəsb
edir. Yəqin ki, hakimiyyət ən azından ümummilli maraqlar naminə bu açıqlamadakı
fikirləri hərtərəfli təhlil edəcək, bu mülahzələrdən mümkün qədər
yararlanacaqdır.
Madam ki, ABŞ, Fransa, Almaniya kimi sivil ölkələrin
belə terror hücumları və təbii fəlakətlər fonunda getdikcə cəhənnəmə çevrildiyi
dünyada qeybə çəkilən cənnət məhz bizim ölkəmizdə - həbsxanalarımızda peyda
olub, bundan hökmən yararlanmaq lazımdır. Bunun əksi demək olar ki, hər gün
ABŞ-a belə səxavətlə məsləhət və tövsiyyələr verən hökumətimiz üçün
bağışlanılmaz bir səhv olardı.
Seymur Əliyev
e-mail: [email protected]
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247