Tanınmış türk aktrisası Müjdə Arın Azərbaycanda saxta diplom problemini Türkiyənin “Hürriyyət” qəzetinə müsahibəsində dilə gətirməsi ölkəmizdə ciddi müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən millət vəkili Qənirə Paşayeva facebook səhifəsində M.Arı sərt şəkildə tənqid edərək onu Azərbaycandan üzr istəməyə çağırıb. Millət vəkili M.Arın bu açıqlamasını onun Azərbaycana dil uzatması kimi dəyərləndirib.
Q.Paşayevanın bir millət vəkili, ictimai-siyasi xadim olaraq Azərbaycan və ümumilikdə türk dünyası qarısındakı xidmətləri danılmazdır və heç şübhəsiz onun bu xidmətləri əbədiyyətə qədər hər zaman minnətdarlıq hissi ilə yad ediləcəkdir. Lakin hörmətli millət vəkilinin M.Ar məsələsindəki mövqeyi əsla və əsla məntiqli hesab edilə bilməz.
Öncə onu qeyd edək ki, Azərbaycanda saxta diplom problemi ilə bağlı ən sərt fikirlər təhsil naziri Mikayıl Cabbarova məxsusdur. Məhz M.Cabbarov orta məktəblərdə iki minə yaxın müəllimin saxta diplom əsasında fəaliyyət göstərdiyini vurğulayıb, bununla bağlı öz narahatlığını ifadə edib. (//www.azadliq.org/content/article/26519014.html ).
Odur ki, Q.Paşayevanın məntiqi ilə yanaşsaq, öncə M.Cabbarov saxta diplomla bağlı açıqlamasına görə Azərbaycan xalqından üzr istəməli, daha sonra bu gerçəyi öz müsahibə və açıqlamalarında vurğulayan onlarla, yüzlərlə müəllim-professor heyəti eyni proseduru təkrarlamalıdır.
İkincisi, M.Arın açıqlamasını Azərbaycana dil uzatmaq kimi dəyərləndirmək, buna görə onu üzr istəməyə səsləmək də o qədər cəlbedici fikir sayıla bilməz. Ən azından ona görə ki, bugünə qədər dünyanın ən məşhur, sayılıb-seçilən beynəlxalq təşkilatları, nüfuzlu nəşrləri Azərbaycanda insan haqlarının vəziyyətindən tutmuş rüşvət və korrupsiyanən tüğyan etməsinə qədər bir çox problemi gündəmə gətirib ki, Azərbaycan tərəfi bu qurumların heç birindən üzr istəmək cəsarəti sərgiləməyib. Ona görə yox ki, bu ideya kimsənin ağlına gəlməyib. Ona görə ki, bu qəbildən olan beynəlxalq təşkilatlara, tanınmış siyasilərə qarşı belə bir iddia irəli sürməyin hansısa səmərə verəcəyinə inam olmayıb və bu gün də mövcud deyil. M.Ara gəlincə, təbii ki, Türkiyəli aktirisa nə AŞPA, nə də ABŞ Dövlət Departamenti deyil və ona qarşı tətbiq ediləcək siyasi-ictimai təzyiq beynəlxalq təşkilatlara yönəlik təzyiqlə müqayisədə daha ciddi effekt verə bilər. Biz M.Ara təzyiq göstərə, bəlkə də onu üzr istəməyə belə vadar edə bilərik. Lakin bizim M.Arın dilindən səslənən həqiqətə qalib gəlməyimiz, bu gerçəyi üstələməyimiz imkansızdır.
Nə qədər ağır da olsa, etiraf etməliyik ki, M.Arın saxta diplom iddiası həqiqətdir və bununla bağlı Azərbaycanın hüquq-mühafizə orqanlarında qaldırılan cinayət işlərinin uzun-uzadı statistikası bu həqiqətin hüquqi isbatı sayıla bilər.
Üçüncüsü, hörmətli millət vəkili M.Arın səviyyəsini dırnaq arasında göstərməklə onun Azərbaycan təhsili haqqındakı fikirlərinə qeyri-ciddi anlam verməyə çalışır. Halbuki, müzakirə predmeti olan məsələ M.Arın səviyyəsi deyil, onun Azərbaycan təhsili haqqında səsləndirdiyi fikirlər, bu fikirlərin nə dərəcədə həqiqət olub-olmamasıdır. Hansı ki, yuxarıda qeyd etdiyim kimi, bu problemin mövcudluğu Təhsil Nazirliyi səviyyəsində etiraf olunub. Bundan başqa, “sözü kimin dediyinə deyil, nə dediyinə diqqət yetirin” məsəli də M.Arın açıqlamasını səviyyəsindən önə çəkir. Odur ki, M.Arın səviyyəsinə diqqət çəkməklə onun iddiasını kölgə salmaq düzgün deyil və əsla ədalətli hesab oluna bilməz. Bundan başqa, M.Arı dolayısı ilə də olsa səviyyəsiz adlandırmağın özü məhkəmə predmeti ola biləcək bir məsələdir və əgər türk aktrisa günü sabah bu ifadəyə görə bizdən üzr tələb edərsə, bu tələbində daha məntiqli görünəcək.
Və nəhayət dördüncüsü, şübhəsiz, hansısa problemi etiraf etmək, onu ən uğursuz formada gündəmə gətirmək belə, o problemin mövcudluğunu inkar etməkdən, pərdələməkdən daha təqdirəlayiq bir iş, dövlət və xalq qarşısında daha böyük xidmətdir. Çünki hər hansı problemi görməzdən gəlmək hələ o problemin mövcud olmadığı demək deyil. Problemlər onlarla mübarizə aparılarkən həll olunar, onlara göz yummaqla deyil. Odur ki, M.Arın və ya onun timsalında Azərbaycanla bağlı hansısa problemi gündəmə gətirən insanları ittiham etməyə deyil, bizi dünyada gülüş və lağ hədəfinə çevirən problemlərimizin həllinə səy göstərməliyik. Çünki bunsuz yalnız M.Ar deyil, bütün Türkiyə belə bizdən üzr istəsə, bu, bizim problemi həll etməyəcəkdir. Necə ki, hansısa eybəcərliyin aynadakı əksi ayna ilə deyil, orda əksini tapan problemlə bağlıdır. Bu mənada aynanı sındırmaq çıxış yolu deyil və heç bir zaman da olmadı.
Seymur Əliyev
e-mail: seymur_dq04@mail.ru