Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında cari ildə demokratik islahatların reallaşacağına inamını ifadə edib:
“Həm beynəlxalq aləmdə, həm də ölkədə yaranan
vəziyyəti nəzərə alsaq, belə bir ehtimalı mümkün hesab etmək olar. 2015-ci
il həm geopolitik vəziyyət, həm də ölkədaxili vəziyyət baxımından Azərbaycan
üçün, hakimiyyət və cəmiyyət üçün gərgin keçəcək. Bu baxımdan Azərbaycanda
islahatlara nə qədər tez başlanılsa, bir o qədər yaxşı olar. Azərbaycan cəmiyyətindən
gözləntilər getdikcə artır. Buna görə də hakimiyyət də artan gözləntiləri nəzərə
almalıdır və müxalifətlə dialoqa başlamalıdır. Bu dialoq üçün zəmin hazırlamaq
üçün isə siyasi məhbus məsələsi qəti şəkildə həll edilməlidir. Nəzərə alsaq ki,
qarşıda ilk Avropa Olimpiya Oyunlarının keçirilməsi gəlir, habelə parlament
seçkiləri gəlir, o zaman iddia etmək olar ki, bu dəyişiklik zərurətini hakimiyyət
də dərk etməmiş deyil”.
Seymur
Əliyev