Millət vəkili Fərəc Quliyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında 1990-cı ilin 20 Yanvar faciəsinin müqəssirlərinin hələ də məsuliyyətə cəlb edilməməsi ilə bağlı məsələyə münasibət bildirib. Millət vəkili ən azından tarixi ədalət naminə bunun vacib olduğunu vurğulayıb:
“Mənə elə
gəlir ki, 20 Yanvar faciəsi öz qiymətini alıbdır. Bu, yalnız bir faciə deyil,
bu həm də bir qəhrəmanlıq eposudur. Azərbaycan xalqı 20 Yanvar faciəsindən
sonra müstəqillik aktını imzalamaq mərhələsinə keçdi. Hər bir xalqın həyatında
bu cür hadisələr, bu cür savaşlar baş verir, bizdə də baş verdi. Amma əlbəttə
ki, burada həm böyük imperiyanın məmurlarının cinayətləri, həm də Azərbaycanda
onlara yarınan məmurların cinayətləri var idi. Görünür, subyektiv səbəblərdən
bu məsələyə toxunulmadı. O vaxt rus imperiyasının nəhəngliyi və onun təzyiqlərinin
davam edəcəyindən ehtiyatlanmaq siyasəti yürüdüldü. Amma hesab edirəm ki,
indiki Rusiya ilə 20 Yanvarı törədən Rusiya fərqli dönəmləri yaşayan dövlətlərdir.
Rus xalqı da istəyər ki, rus tarixində qara ləkə kimi qalanların adlarını
versinlər. Necə ki, faşist Almaniyasında baş verənlərin indiki Almaniyaya aidiyyatı
yoxdur. Alman xalqı ləyaqətli bir formada o zaman baş verənləri qınamağı
bacarır. Amma görünür bu məsələlərə bir qədər barmaqarası baxıldı. Mən də onun
tərəfdarıyam ki, tarix üçün, gələcək nəsillər üçün, habelə profilaktiki məqsəd
üçün bu hadisədə əli olan cinayətkarlar cəzalandırılsın”.
Seymur Əliyev