Gəldi lütlənmə çağı, dəbdi, bütün el soyunur,
İndi qız, yaşlı qadın lüt ana bülbül soyunur.
Hər müğənni ələ almazdan əzəl mikrafonu,
Geyinir öz dədəsindən də baha incə donu.
Obaya, aləmə göstərməmək, insafmı, onu?
Yalnız əynində qalır geydiyi bir tül, soyunur,
İndi qız, yaşlı qadın lüt ana bülbül soyunur.
Kimi lütlənməyə çağdaş mədəniyyətdi deyir,
Kimi göstərdiyim üzvüm quru bir ətdi deyir,
Kimi Haqqın mənə bəxş etdiyi nemətdi deyir
Kök, arıq, gövdəli qız, incə, qalın bel soyunur,
İndi qız, yaşlı qadın lüt ana bülbül soyunur.
Başı örpəkli gəlin var, geyinir diz yuxarı;
Onu gördükdə ürək varsa, baxın, siz yuxarı,
Nə qədər əlləşəsən, meyl eləməz göz yuxarı.
Bülbülün çünki önündə, sanasan, gül soyunur,
İndi qız, yaşlı qadın lüt ana bülbül soyunur.
Qışda adətdi ağaclar soyunar paltarını,
O da abrından atar üstünə ağ qış qarını.
İndi çox qızda tapammazsan ağac, kol arını.
Qızlar abrın başına əndərərək kül soyunur,
İndi qız, yaşlı qadın lüt ana bülbül soyunur.
Qəzəl
Bilməm ki, necə ayrı tutam mən gözü səndən,
Dönməz ki, kor olmuş gözün arsız üzü səndən.
Eşqinlə gözüm qan axıdar, qətlə nə hacət?
Yüz min kərə insaflıdı cəllad özü səndən.
İsmin dilimin sanki lüğət boxçası olmuş,
Hər kəlməsi səndəndir onun, hər sözü səndən
Hər duyduğun əfsanəyə gerçək kimi baxma,
Min söz deyəcəklər yüzü məndən, yüzü səndən
Sən təndəki can, candakı ruhum, nəfəsimsən,
Bəndəm sənə, nə gizlədim, ey yar, düzü səndən.
Sevda mələyi can kababı eşqinə düşmüş,
Tonqal qala, can Heydər Oğuzdan, közü səndən.