Millət vəkili Musa Quliyev saytımıza müsahibəsində İTV istisna olmaqla digər telekanalların qonşu ölkələrin telekanallarından geri qaldığını, miskin təsir bağışladığını bildirib.
Maraqlıdır,
Azərbaycan telekanallarının qonşu ölkələrdəki telekanalalrla müqayisədə zəif
olduğu, o qədər də xoş təsir bağışlamadığı doğrudurmu? Əgər belədirsə, o zaman
bunun arxasında hansı səbəblər dayanır?
Bununla
bağlı Moderator.az-ın sualını cavablandıran Milli Televiziya və Radio Şurasının ekspertiza,
proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov
son illər milli telekanallarda nəzərəçarpacaq dərəcədə inkişafın mövcud
olduğunu vurğuladı:
"Hörmətli millət vəkili Musa müəllim
öz təəssüratlarını bölüşüb. Dəyərləndirmə ona məxsusdur.
Hesab edirəm ki, bəli, bu gün bəzi özəl milli telekanallarımız Rusiya və Türkiyənin
bir sıra yayımçıları ilə müqayisədə müəyyən qədər zəif təsir bağışlaya bilər. Amma
nəzərə almaq lazımdır ki, həmin ölkə telekanallarının yayım arealı, maddi
imkanları, reklam bazarı da bizim kanallarınkından genişdir. Lakin yerli teleməkanda
inkişaf tendensiyası da var. Bu, danılmazdır. Həm kəmiyyət, həm keyfiyyət cəhətdən. Məsələn, əvvəl efirin
böyük hissəsi xarici materiallar idisə, indi yerli və kanalların şəxsi
istehsalı artıb. Bir
sıra seriallar çəkilib ki, reytinqləri heç də pis deyil. Efirdə
qanunvericiliyin tələblərinə riayət olunması da bəzi istisnalarla,
oturaqlaşıb.Amma görüləcək işlər də az deyil".
Seymur
Əliyev