Bu gün Azərbaycan prezidenti İlham Əliyev Milli Məclisin sədri Oqtay Əsədovu "Şərəf", Füzulu rayon icra hakimiyyətinin başçısı Alı Alıyevi "Şöhrət" ordeni ilə təltif edib.
Oxucular üçün aydın olsun deyə adıçəkilən ordenlərin kimlərə və hansı xidmətlərə görə verildiyini Moderator.az təqdim edir:
Azərbaycan Respublikasının "Şərəf" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında böyük xidmətlərinə görə;
Azərbaycan Respublikasının milli dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə;
İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda müstəsna xidmətlərinə görə
Elm, mədəniyyət, ədəbiyyat, incəsənət, təhsil və səhiyyə sahələrində böyük xidmətlərinə görə.
Azərbaycan Respublikasının "Şərəf" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Azərbaycan bayrağı" ordenindən sonra taxılır.
"Şərəf" ordeni qızıldan və platindən hazırlanmış səkkizguşəli ulduz və onun üzərinə bərkidilmiş girdə lövhədən ibarətdir. Girdə lövhədə platindən düzəldilmiş xarici və qızıldan düzəldilmiş daxili dairə mövcuddur. Platindən hazırlanmış xarici dairənin yuxarı hissəsində çevrə boyunca qızıldan "Şərəf" sözü həkk olunmuşdur. Girdə lövhənin ortasında süni yaqut bərkidilmişdir. Orden halqa və ilgək vasitəsilə kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə birləşdirilmişdir. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.
Təltif dəstinə aşağıdakılar daxildir:
Boyundan asmaq üçün kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə 27 mm enində lentdən ibarət 50 mm qabarit ölçülü orden;
Paltara bərkidilmək üçün 25 mm x 50 mm ölçüdə, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden;
Paltara bərkidilmək üçün elementi olan, kənarları qoşa sarı xətli tünd qırmızı rəngdə, ölçüsü 1 mm x 15 mm olan qəlib.
1. Azərbaycan Respublikasının "Şöhrət" ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
İqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
Sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
Sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
Elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.
2. "Şöhrət" ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda "Şərəf" ordenindən sonra taxılır.
"Şöhrət" ordeni aypara şəklində, milli ornamentlərlə haşiyələnmiş dəfnə çələngləri içərisində təsvir olunmuş, şüaları yuxarıya səpələnən günəş kompozisiyasından ibarətdir. Kompozisiya qızıl suyuna çəkilmiş gümüşdəndir, üzəri mavi mina ilə örtülmüşdür, qabarit ölçüləri 32 mm x 38 mm-dir. Şüaları qövs şəklində kəsən və dəfnə budaqlarının yuxarı uclarını birləşdirən qızılı rəngli lentin üzərində "Şöhrət" sözü yazılmışdır. Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur. Orden paltara bərkidilmək üçün elementi olan, 27 mm x 47,5 mm ölçüdə göy-ağ çalarlı beşguşəli xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Ordenə paltara bərkidilmək üçün elementi olan, üzərində alov simvolu təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.