Genetik qozbellik
Millət vəkili Siyavuş Novruzovun cəmiyyətimizdə geniş yayılan yaltaqlıq mərəzini sərt tənqid etməsi, bunu bəzi şəxslərin genetikası ilə əlaqələndirməsi cəmiyyətdə birmənalı qarşılanmadı və qarşılana da bilməzdi. Ən azından ona görə ki, əskrəyyətin qənaətincə, bu gün cəmiyyətin yaltaqlıq notu üzərində köçlənməsinin başlıca səbəbi mövcud hakimiyyət, onun yürütdüyü siyasətdir.
Şübhəsiz, hər bir cəmiyyətin
mənəvi mühitinin formalaşmasında hakimiyyətin əsaslı rola malik olduğu
inkaredilməzdir. Məhz hakimiyyətin həyata keçirdiyi siayasət, cəmiyyət həyatına
gətirdiyi norma və dəyərlər ictimai əxlaq və düşüncənin əsas istiqamətini müəyyən
edir. Lakin bu da bir həqiqətdir ki, cəmiyyətin mənəvi mühitində uzun müddət
üçün kök salan yaxşı və pis bütün keyfiyyətlər xalqın genetikası, onun
xarakteri ilə bağlıdır. Hansı ki, bu genetikada, onun dərinliklərində gizlənən,
min illərin uzaqlığından süzülüb gələn xüsusiyyətlər əlverişli şəraitdə dərhal
üzə çıxaraq özünü göstərir, öz mövcudluğunu xəbər verir, bəzən isə bu
mövcduluğu danılmaz bir fakta çevirir.
Bəli, yaltaqlıq da digər
mənəvi çatızmazlıqlar kimi anadangəlmə və genetikdir. Bunu son 20 ildə sürətlə
çiçəklənən “yaltaqlıq vəbası”nın təhlili daha aydın göstərir. Bu gün yaltaqlıq
bəlli bir qisim istisna olmaqla bütün xalqın yaşam normasına çevrilib. Yaltaqlıq
ictimai şüurada elə bir səviyyədə kök salıb ki, bu gün onsuz nəinki vəzifə pillələrində
irəliləmək, maddi firavanlığa nail olmaq, hətta gündəlik çörək pulu qazanmaq,
fiziki mövcudiyyəti qoruyub saxlamaq mümkünsüzdür.
Zamanımızda yaltaqlıq
vicdan və istedaddan qat-qat artıq önəm kəsb edir və ən yüksək səviyyədə kütləviləşib.
Bu isə o deməkdir ki, yaltaqlıq bizim genetikamızda, xislətimizdə,
yaradılışımızdadır. Çünki xalqın genetikasında olmayan bir şeyin bu qədər kütləviləşməsi,
bu qədər uzunmüddətli olması, heç bir narahatlıq və ikrah doğurmaması
mümkünsüzdür.
Məsələn, çeçen xalqının azadlıqsevər,
cəsur, dürüst bir xalq olduğu bütün dünyaya məlumdur. Lakin bu gün çeçen xalqı
içərisində Rusiyaya nökərçilik etməkdən şərəf duyan Ramzan Kadırov kimi
yaltaqlar da yox deyil. Fəqət bununla belə çeçen xalqı bu gün öz daxili düşmənlərinə,
“milli xainlərinə” qarşı həm silahlı, həm də qeyri-zorakı üsullarla mübarizəni
davam etdirir. Sınaraq, əyilərək yaşamaq bu xalqın genetikasına yaddır. Heç bir
zorakılıq bunu onun genetikasına sintez edə bilməz. Məhz buna görə də Şimali
Qafqazda çeçen silahının səsi susmaq bilmir. Deməli, yaltaqlıq çeçen xalqı üçün
ümumi genetik dəyər hesab edilə bilməz. Azərbaycanda da yaltaqlığa nifrət edən,
hər zaman həqiqəti dilə gətirən cəsur insanlar az olmayıb və bu gün də var.
Ziya Bünyadovdan tutmuş bugünkü mübarizə adamlarına qədər bir çox şəxsi bu
kateqoriyaya aid etmək mümkündür. Lakin bu azlıq əksəriyyət deyil və bir neçə
onillikdir ki, azlıq olaraq qalmaqdadır.
Bütün bunlar göstərir ki,
biz həqiqətən də genetik baxımdan qozbel, mənəvi baxımdan yarımçıq insanlarıq.
Məhz bu səbəbdən də mövcud hakimiyyətin bağrımızda əkdiyi yaltaqlıq ağacı
daxilimizdən su içərək az qala bir qərinədir ki, durmadan çiçək açmaqdadır. Biz
əyilə-əyilə ucalmağa, əyilə-əyilə yaşamağa, əyilə-əyilə ölməyə adət eləmişik.
Biz heç vaxt sərv ağacı kimi düzünə yaşaya, düzünə yüksələ bilmirik. Biz
ucalmaq üçün hökmən əyilməliyik. Bizim əksər qabaqcılların zirvəyə qalxış hekayəsi
ziqzaqlı yüksəli trayektoriyasını xatırladır. Bu hekayələrdə mübarizədən, fədakarlıqdan,
mətinlikdən daha çox yaltaqlıq, ləyaqətsizlik var.
Biz bəlkə də dünyada
yeganə xalqıq ki, yaltaqlıq edərək qabağa gedən şəxsi “fərasətli adam” statusu
ilə başqalarına örnək göstəririk. Biz nə qədər şax və qürurla addımlamağa
çalışsaq da, öz mənəvi qozbelliyimizi gizlədə bilmirik. Nəinki gizlədə bilmir, buna
cəhd belə eləmirik. Çünki bu, fiziki qozbellikdən fərqli olaraq, bizim firavan
yaşamımız üçün faydalı, hətta zəruri qozbellikdir. Və bu səbəbdən də biz öz şikəstliyimizlə
fəxr edirik.
Odur ki, bu gün cəmiyyətin
əxlaq normasına çevrilən yaltaqlığın tərəqqisinə görə məsuliyyəti hakimiyyətin
üzərinə qoymaq, buna görə hakimiyyəti ittiham etmək düzgün deyil. Çünki heç bir
zorakı hakimiyyət, heç bir amansız rejim dürüst insanı, dürüst xalqı yaltaq
olmağa, simasız olmağa məcbur edə bilməz. Və kimsə, hansısa xalq özündə mənəvi
qozbellik aşkar edirsə, ilk növbədə problemi özündə, öz genetikasında
axtarmalı, öncə özünü ittiham etməlidir.
Çünki hakimiyyət sadəcə
şumlanmış, əkin üçün yararlı vəziyyətə gətirilən zəmidir və bu zəmidə cücərən hər
bitki malik olduğu bütün xüsusiyyətlərinə görə zəmiyə yox, öz toxumuna
borcludur.
Seymur Əliyev
e-mail: [email protected]
"Moderator.az" MMC
Zülfüqar Hüseynzadə
Tel: 0502711225, Whatsapp: 0507440247