Moderator.az Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, Şirvan şəhər sakinlərinin onlara qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmışdır.
Aparılmış araşdırmalar zamanı Şirvan şəhər sakini Elvira Əhmədovanın etibardan sui-istifadə edərək ayrı-ayrı şəxslərin “ASAN xidmət” mərkəzlərinə işə qəbul edilmələrini yalandan vəd edib saxta əmrlər hazırlayaraq təqdim etməklə onların 11 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq, təkrar törədildikdə), 178.2.4 (dələduzluq, xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.