Dövlətlər də insanlar kimidir. Hər bir insan kimi hər bir dövlətin də siması var. Hansı ki, pis və ya yaxşı, xoşagələn və ya xoşagəlməz olmasından asılı olaraq, bu sima həmin dövlət haqqında elə ilk anda aydın təsəvvür yaradır. Yəni dövlətin adı səslənən kimi onun öz siyasəti əsnasında formalaşdırdığı siması yada düşür ki, bu sima qeyri-ixtiyari ya rəğbət, ya nifrət, ya da sadəcə etinasızlıq yaradır.
Bu
baxımdan Rusiyanın simasının bütün dünyada hansı təəssürat yaratdığı hər kəsə məlumdur.
Əsrlər uzunudur ki, yürütdüyü imperialist siyasəti nəticəsində onlarla dövlətin
və xalqın təməl hüquqlarına qəsd edən, onların haqlarını tapdalayan, təcavüz və
təhdidə məruz qoyan Rusiya, bu gün də sivil dünyanın varlığı üçün ən ciddi təhlükə
mənbəyi olaraq qalmaqdadır. Məhz bu səbəbdən də Rusiya sivil dünya üçün öz
cazibəsini çoxdan itirib.
Rusiya şəri
təmsil etdiyi, şərə xidmət etdiyi üçün dünyanın demokratik ölkələri onunla əlaqələri
ya kəsmiş, ya da önəmli dərəcədə məhdudlaşdırmış vəziyyətdədir. Qərb Rusiya ilə
iqtisadi əlaqələri yalnız o nisbətdə saxlayıb ki, bu nisbət Qərb üçün iqtisadi
müstəvidə təbəddülatsız keçimək üçün gərəklidir. Bir sözlə, Qərb demokratik
düşüncə tərzinə və hörmət ediləcək simaya malik olduğu üçün şərlə əməkdaşlıq hesabına
qazanc götürmək niyyətindən uzaqdır. Təbii, Qərb mələk deyil, amma aşkar şəkildə
şərlə bir sırada yer almaq qənaətindən də uzaqdır.
Azərbaycan
isə məsələyə fərqli aspektdən yanaşır. Sivil dövlətlərin Rusiyadan üz döndərdiyi,
onunla iqtisadi-siyasi və hərbi əməkdaşlığı kəsdiyi bir ərəfədə Azərbaycan öz
hazırkı simasına uyğun olaraq, Rusiya ilə ciddi yaxınlaşma xətti götürməyə
başladı. Batmağa məhkum gəmini xatırladan Rusiyanın daxili bazarına milyonlarla
vəsait qoyan, bu ölkədə daşınmaz əmlakdan tutmuş bank səhmlərinə qədər bir çox
mük və imtiyaza yiyələnən Azərbaycan, bunu özünün hədsiz uğuru kimi təqdim etməkdədir.
Rəsmi Bakının bu yöndə apardığı təbliğata inansaq, bu gün dünyada heç bir ölkə
Azərbaycan diplomatiyası qədər uzaqgörənliyə və zəkaya malik deyil və məhz buna
görə də kimsə fürsətdən istifadə edib Rusiya bazarında təmsil olunmağa, bu
böyük bazarda yer tutmağa, daha çox qazanmağa çalışmır. Başqa sözlə desək, bunu
Azərbaycandan başqa kimsə ağıl edə, Rusiya ilə bağlı mövcud situasiyanın digərləri
üçün nə qədər faydalı olduğunu dərk edə bilmir.
Təbii,
baş verənlərin ictimaiyyətə bu formada təqdim edilməsinin özü məntiqli deyil və
bu təqdimatın özü cəmiyyəti aldatmaq deməkdir. Çünki Qərb və digər sivil dövlətlər
indiki şəraitdə Rusiya ilə ona görə əməkdaşlıq etmir ki, bunun üçün gərəkli
ağla və uzaqgörənliyə malik deyil. Onlar Rusiya ilə ona görə əməkdaşlıq etmir ki,
Rusiya öz ənənəvi şər simasını bu gün daha çox, daha aşkar formada nümayiş
etdirir. Öncə Gürcüstan, ardınca Ukraynaya təcavüz edən, qərbdən şərqə doğru
mütəmadi surətdə bir çox ölkənin hava sərhəddini pozan, davamlı şəkildə əzələ
nümayiş etdirən Rusiya Qərbdə aşkar bir ikrahla qarşılanmaqdadır. Məhz bu səbəbdən
də Qərb Rusiya ilə qazanc məqsədli əməkdaşlıqdan imtina etmiş vəziyyətdədir. Qərb
çox yaxşı bilir ki, hansısa dövlətin şəri
təmsil edən Rusiya ilə əməkdaşlığı hər hansı bir şəxsin hansısa oğru, qatil,
cinayətkarla əməkdaşlığı deməkdir. Doğrudur,
cəmiyyətin yaxına buraxmadığı, hər kəsin uzaq tutmağa çalışdığı oğru və ya
qatil ilə əməkdaşlıq, ticarət maddi anlamda faydalı ola bilər. Çünki normal cəmiyyətdə
çox az adam tapılar ki, oğru ilə alqı-satqıda maraqlı olsun. Bu isə o deməkdir
ki, alıcı qıtlığından faydalanıb istənilən bir şeyi oğru və cinayətkardan bazar
qiymətindən daha ucuz almaq mümkündür. Lakin belə bir alqı-satqı namuslu adam
üçün əsla qazanc sayıla bilməz. Çünki hər bir məntiq və ləyaqət sahibi bilir
ki, oğru ilə əməkdşlığın doğru yanı yoxdur. Kimsə sırf maddi anlamda qazanclı
çıxmaq arzusu ilə öz nüfuz və ləyaqətini heçə sayıb bu əməkdaşlığa gedirsə, bu,
həmin adamın daha ağıllı və ya müdrik olduğuna dəlalət etmir. Habelə, oğru ilə əməkdaşlığı
qeyri-adi bir uğur və ya böyük səadət kimi vəsf etmək də ən azından əxlaqdan
uzaqdır.
Göründüyü
kimi, bu gün Azərbaycanın Rusiya ilə əməkdaşlığı hər hansı bir şəxsin oğru ilə əməkdaşlıqdan
heç nə ilə fərqlənmir. Bu əməkdaşlıq Azərbaycan üçün az və ya çox dərəcədə
faydalı ola bilər, fəqət bu, nəticə etibari ilə dövlətimizin simasının mənfiyə
doğru dəyişməsi deməkdir. Dünya əsla oğrunun yanında yer alan, onunla bir səfdə
dayanan şəxsi doğru qəbul edə bilməz. Eyniylə, “dostunu mənə göstər, kim
olduğunu deyim” məsələndə olduğu kimi, bizim Rusiya ilə dostluğumuz bizim
kimliyimizin göstəricisi, kimlik vəsiqəsidir. Və biz bu kimlik, bu sima ilə ən
yaxşı halda Rusiyanın yanında yer ala bilərik. Necə ki, artıq bu yolun
başlanğıcı görünməkdədir.
Seymur
Əliyev
e-mail: [email protected]