Moderator.az xəbər verir ki, bu gün Qarabağ Blokunun ADP-nin Qərargahında Sərdar Cəlaloğlunun sədrliyi ilə növbəti iclası keçirilib. İclasda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi məsələlər əsas müzakirə obyekti olub. Blok üzvləri ilk növbədə ABŞ Dövlət Departamentinin sözçüsünün Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbus probleminin gündəmdə qalması və vətəndaş cəmiyyəti institutlarına qarşı repressiyaların davam etməsi ilə bağlı bəyanatına münasibət bildirib. Blok üzvləri insan haqlarının pozulması ilə bağlı ABŞ rəsmisinin verdiyi bəyanatın Azərbaycan reallıqlarını düzgün əks etdirdiyini bildirib və hakimiyyəti ölkədə yaşanan siyasi məhbus problemini aradan qaldırmağa, demokratiya və insan haqlarının qorunması istiqamətində islahatlar aparmağa, vətəndaş cəmiyyəti institutlarına qarşı həbs və repressiyalara son qoymağa çağırıb, həmçinin beynəlxalq iradlara müqavimət praktikasından əl çəkərək, iradlardan nəticə çıxarmağa, insan haqları ilə bağlı üzərinə götürdüyü beynəlxalq öhdəlikləri vicdanla yerinə yetuirməyə səsləyib.
Blok
üzvləri Qaraçuxur ərazisində yerləşən məscidin PKK yandaşları tərəfindən
partladılmsı faktından ciddi narahat olduğunu bildirib və bu faktın arxasında
duran qüvvələrin əsas məqsədinin Azərbaycanda dini zəmində münaqişə törətmək,
ölkədə vətəndaş qarşıdurması yaratmaqla stabilliyi pozmaq cəhdinin durduğunu
qeyd edib və hakimiyyət strukturlarını bu cür təxribatların qarşısını almaq
üçün önləyici tədbirlər görməyə, beynəlxalq terror şəbəkələrinə cəlb edilən şəxsləri
vaxtında zərərsizləşdirməyə və məzhəb çəkişməsinə yol açan pozucu ünsürlər barədə
qəti ölçü götürməyə çağırıb.
Blok
üzvləri ölkədə keçirilən bələdiyyə seçkilərinin növbəti mərhələsi barədə də
fikir mübadiləsi aparıb. Bələdiyyə üzvlüyünə namizədlərin qeydə alınması mərhələsinin
arxada qalmasına baxmayaraq yerlərdə müxalif yönlü namizədlərə namizədliklərinin
qeydə alınıb-alınmaması barədə heç bir qərarın verilməməsi, onlara qarşı namizədliklərini
geri götürmələri barədə təzyiqlərin olunması, hətta rüşvət təklif olunması və
s. halları müzakirə edən toplantı iştirakçıları bu faktları ölkə və beynəlxalq
hüquq normalarına zidd olduğunu bildirib və bələdiyyə seçkilərinin arxada qalan
mərhələsini qeyri-demokratik, azad və ədalətli olmayan bir mərhələ kimi dəyərləndirərək,
bu faktorların istər ölkə, istərsə də beynəlxalq ictimaiyyətə seçkilərin nəticələrini
ciddi şəkildə şübhə altına almağa əsas verəcəyini qeyd edib.
Qarabağ
Bloku Avropa Birliyinin Ukraynanın şərqində separatçı və qondarma
respublikalarda keçirilmiş seçkilərin nəticələrinin tanımaması, onları qanunsuz
hesab etməsi, separatçıların liderlərinin Avropaya girişinə qadağa qoyması,
onların Avropada olan bank hesablarının dondurulması ilə bağlı qərarını müzakirə
edərək belə bir qərarın verilməsini alqışlayıb, eyni zamanda Avropa Birliyini və
digər beynəlxalq qurumları postsovet məkanında mövcud olan bütün separatçı
rejimlərə qarşı anoloji mövqedən yanaşmağa çağırıb.