Moderator.az tanınmış şair-publisist Nurədin İsmayılın yeni şeirini oxuculara təqim edir.
Göy üzü təmiz, nurlu,
Yer üzü niyə bu qədər
çamurlu?
Nəzərmi dəydi yerin,
yaraşıqlı hüsnünə,
Əli qanlı insanmı
xəncər sapladı köksünə?
Bağrından püskürən
vulkanlar nə,
Gül üzünə axıdılan
nahaq qanlar nə?
Nə yerdi bu, nə yer
üzüdür,
qaralıb dərddən,
sifətinə çopur-çopur
ləkələr çöküb,
Quzğunlara yemdi sanki,
bağırsağını çölə töküb.
Toz basıb üzünü, siləni
yox,
Dərdi nədir, biləni yox.
Kimdi bəşərin qəsdinə
duran,
Qiyamət olmamış,
yerin, yerdə həşrini
quran?
Nə yerdi bu, nə yer üzüdür,
adamının azı tox,
çoxu ac qalır,
Göydən əli üzülən insan,
göyün qisasını yerdən
alır.
Yağmurlar yuyub, arıdır,
günəş aydınladır,
ay, pərvanəsi olub
başına dolanır,
küləklər yanağını
sığallayır,
göylər, içinə çəkir dərdini,
getmir üzündən qarası
yerin,
tapılmır dərdinin çarası
yerin.
Tanrının üzümü döndü
bəndədən,
Nur ələnmişdi, bilmədik,
çıraqları söndü, nədən?
Yoxsa, adəm övladı xilaf
çıxdı
ilkin əhdinə,
Yoxsa, şeytan Həvvanı,
yenə salıb nəfsin kəməndinə?
Nə yerdi bu, nə yer üzüdür,
Atəşlər yandıran
cəhənnəmin lap özüdür.
Başından basır,
gözünü oyuq-oyuq oyurlar,
Göyünü topa tutur,
dağını yarır, meşəsini
qırır,
soyub qabığını,
özünü, çılpaq qoyurlar.
Nə yerdi bu, nə yer
üzüdür,
iti dara çəkir,
pişiyi boyladırlar
yağlı siçan tələsinə,
Öküzü diri-diri yandırır,
şiri qatırlar ölüm qəfəsinə.
Daş yağdırır adam
adamın başına,
Olmaya, Allah bezib yerdən,
buraxıb yeri, başdı başına.
Nurəddin İsmayıl