Digər tanınmış iqtisadçı-ekspert Samir Əliyev Moderator.az saytı və “Hürriyyət” qəzetinə açıqlamasında neftin qiymətinin dünya bazarında ucuzlaşması və bunun ölkə iqtisadiyyatına, sosial həyata mümkün təsirlərini şərh edib:
“Əslində Azərbaycan iqtisadiyyatlı neftdən
asılı iqtisadiyyatdır və buna görə də neftin qiyməti iqtisadiyyata təsir göstərir.
Bu baxımdan neftin qiymətinin ucuzlaşması iqtisadiyyata mənfi təsir göstərir. Lakin
bu, daha çox nəticədir. Neft pullarının gəldiyi dönəmdə hökumət qeyri-neft
sektorunun inkişafına diqqət yetirməli idi. Lakin bu baş vermədi. Qeyri-neft
sektorunun inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edildi. Lakin reallıqda
bu istiqamətdə lazımi, ciddi addımlar atılmadı. Bu gün elə bir vəziyyət formalaşıb ki, neftin
qiymətinin ucuzlaşması iqtisadiyyata mənfi mənada təsir göstərməkdədir. Bu büdcənin
icrası ilə bağlı da mənfi təsir göstərə bilər.
Büdcədə neftin qiyməti 90 dollardan nəzərdə tutulub. Əgər neftin
ucuzlaşması davam edərsə və proqnozlaşdırıldığı kimi, neftin qiyməti 50-60
dollara qədər enərsə, o zaman çox böyük problemlər yarana bilər”.
Ekspertin
bildirdiyinə görə, məlum tendensiya arzuedilməz məcrada davam edərsə, o zaman
hökumət problemin həlli üçün bəzi addımlar atmaq məcburiyyəti qarşısında
qalacaq:
“Təbii
ki, belə olanda hökumət ilk növbədə vəziyyətdən çıxmaq üçün büdcə xərclərinin
azalması xəttini tutacaq. Necə ki, 2009-cu ildə bu müşahidə edildi. 2009-cu ildə
böhran zamanı büdcə icrası 19% kəsirlə icra olundu. Çox güman ki, bu dəfə də
büdcə xərclərini azaltmaq yolu tutulacaq. Əgər bu, vəziyyətdən çıxamaq üçün
kifayət etməzsə, o zaman Neft Fondundan transferlərin həcminin artırılması
addımı da atıla bilər. Əgər bu da yetərli olmazsa, o zaman sosial xərclərin
azaldılmasına gediləcək. Daha doğrusu, vəziyyət hökuməti buna vadar edəcək. Lakin
onu da vurğulayıram ki, bütün bunlar sadəcə ehtimaldır. Çünki hər şey dünya
bazarında neftin qiymətinin aşağı düşməsindən asılıdır”.
Seymur
Əliyev