Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) gözlənildiyi kimi istehsalı azaltmayınca, bir barel qara qızılın qiyməti təxminən 2 dollar daha düşərək son dörd ilin ən aşağı səviyyəsinə gerilədi.
Moferator.az xarici
mətbuata əsaslanaraq xəbər verir ki, Küveytin Neft naziri Əli Saleh əl-Ömərin
dünən Vyanada keçirilən OPEC toplantısının ardından verdiyi açıqlama bir çox
neft istehsal edən ölkələrin keyfinə soğan doğrayıb. Nazir açıqlamasında neft
istehsalının həcmində hər hansı bir dəyişikliyə gedilməcəyini söyləyib. Açıqlamadan
dərhal sonra “Brent” markalı neftin barel qiyməti 74.75 dollara düşüb. Xatırladaq
ki, bu rəqəm 2010-cu ilin sentyabrından bəri qeydə alınan ən aşağı səviyyədir.
OPEC-in
toplantısında neft kartelinin bir sonrakı zirvəsinin 2015-ci ildə iyun ayında
keçirilməsi qərarlaşdırılıb. Bu isə neft istehsal edən bir sıra ölkələr üçün
qorxunc tarix deməkdir. Əsasən təbii sərvətlərinin ixracıyla dolanan və neft
rezervləri kifayət qədər olmayan Rusiya, Azərbaycan, Venezuella və s. kimi ölkələr
qiymətlərin kəskin düşməsindən nigarançılıq keçirirlər. Dünya neftinin hardasa 40%-indən artığını istehsal edən OPEC ölkələri isə qiymətlərin aşağı düşməsini
istehsalı artırmaqla kompensasiya edə bilərlər.
Ekspertlərinin proqnozları öz gözlərini məhdud
“qara qızıl” rezervlərinə dikmiş ölkələr üçün heç də ürək açan deyil. Təxminlərə
görə, istehsal həcmi indiki səviyyədə saxlanılsa bir sonrakı zirvə
toplantısına, yəni gələn ilin iyun ayına qədər bir barel “qara qızıl”ın qiyməti
35 dollara düşəcək.