Dünən Prezident İlham Əliyev Azərbaycanda dini icmalara
maliyyə yardımı göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği
işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək
üçün Prezidentinin ehtiyat fondundan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə
2,5 milyon manat ayrılıb. Faktı mükəmməl addım olaraq qiymətləndirən
ekspert Elçin Qurbanov Moderator.az əməkdaşına bunları bildirib:
“Bu sərəncam təriqətlərarası
ziddiyyətlərin aradan qalxmasına, cəmiyyətdə diskriminasiya doğuran məzhəblərarası
münasibətlərin yaxınlaşmasına, sülh və barışığın yaradılmasına müsbət təsir
göstərə bilər. Ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği
işinin yaxşılaşdırılmasına, o cümlədən inkişafına dəstək daim dövlətin diqqət mərkəzində
olmalıdır. Şübhəsiz ki, ayrılan vəsaitin təyinatı üzrə istifadəsinə hökmən
ciddi nəzarət olmalıdır və elə istifadə edilməlidir ki, ayrıseçkilik problemləri
yaratmasın.
Dövlətin dünyəvi prinsiplərə əsaslanan konstitusiya quruluşu
vətəndaşların vicdan azadlıqlarının maneəsiz həyata keçirmələrində heç bir məhdudiyyətlər
yaratmır. Əksinə, bu hüquqların zidiyyətsiz və təhlükəsiz həyata keçirilməsini
təminat altına alır. Qanun yalnız milli, etnik, dini qarşıdurmalar yaradan, ictimai
əxlaqa zidd olan təbliğatı qadağan edir. Əgər bu kimi hallar yoxdursa təbliğat
da azaddır. Bir gerçəkliyi də qeyd etmək lazımdır ki, dini təfəkkür insanlarda
vicdan elementlərinin yaranması və formalaşması üçün ən vacib mənbədir. Dini
baxışlar yüz illərlə xalqların həyatında milli təfəkkürün, mənəvi dəyərlərin, adət
və ənənələrinin formalaşmasında önəmli rol oynayır. O da həqiqətdir ki, heç də
xristianlar müsəlmanlardan az inamlı deyillər. Dinlər xalqların mədəniyyəti və əxlaqıdır.
İmansız insan adi heyvani hisslərlə yaşayan məməlidən başqa bir şey deyil.
İnsanlar imanları ilə birgə doğulurlar. Bu təbii proqramın mövcudluğu varlığın
metofiziki özəlliklərindəndir. Əgər fərd dindən ayrı deyilsə, heç dövlət də
dindən ayrı ola bilməz. Əlbətdə ki, bütün səbəblərin önündə dayanan həqiqət dini
fundamentalizmdən fərqlənir. Amma cəmiyyətin vahidləşməsində, kütləvi xeyrin həyata
keçirilməsində, sülh və əmin-amanlığın yaradılmasında dinin rolu danılmazdır.
Din həm də əlifba kimi, insanların kamilləşməsində vacib faktordur. Bütün
hallarda bildirmək istəyirəm ki, dinlə dövlət arasında barışıq yaradan belə bir hadisə məni çox
sevindirir. İnanıram ki, bundan sonra radikal qanadlara münasibət də tərbiyə
fonunda inkişaf etdiriləcək".