Cəmiyyətdə getdikcə
İŞİD və başqa radikal dini qruplaşmalara qoşulma halları zaman keçdikcə daha da
aktuallaşır. Bir neçə dəfə bu məsələyə dair zəruri fikrlər bildirsəm də o qədər
də effektli dəyişiklik his etməmişəm. Doğrudur, DQİDK rəhbəri dəyişdirildi, amma
aidiyyətsiz adamlar iş başına gətirildi. Məndən heç kəs inciməsin, istənilən
sahəyə dair xüsusi biliyi və istedadı olmayan şəxsin həmin sahədə hansısa məhsuldar
fəaliyyətindən söhbət gedə bilməz. Hər hansı vəzifəni icra etmək naminə vəzifə
tutmaq nəticəsi ağır naməlum hədəflərə aparar. Burada mərhum dahi siyasətçi
H.Əliyevin dəyərli sözünü işlətmək lap yerinə düşür. O deyirdi; “vəzifə üçün
yaşayan insanlar bədbəxt adamlardır!” “İnsanlara rəhbərlik etmək, onlara yol
göstərmək və öyrətmək üçün gərək mənəvi haqqın olsun!”.
Həqiqətən də bu çox
dəyərli və müdrik ifadələr sanki, bizim cəmiyyətimizin əyninə biçilib. Komitə rəhbərliyinin
dəyişməsi nəyi dəyişdi? Demək olar ki, heç nəyi dəyişmədi.
Peyğəmbərimiz demişkən,
artıq elə bir dövrə gəlmişik ki, hərəkətsizlik hərəkətlilikdən daha faydalı hala
gəlib. Hər gün eşidirik ki, terrorçü qruplaşmalara qoşulmaq üçün Bakıdan, Sumqayıtdan,
Qobustandan və.b yerlərdən xeyli gənc həbs edilir. Amma təbliğat işləmir. Heç təbliğat
üçün material da yoxdur. Əgər çıxış yolu kütləvi həbslərdə görülürsə bu yanlış
yoldur. Bu çıxış yolu deyil. İnsanlar fikir və söz azadlıqlarında, vicdan
azadlıqları ilə hüquqlarını sərbəst şəkildə həyata keçirə bilməlidirlər.
Uşaqlar qadağan edilən
hər şeyə daha çox meyl etdikləri kimi dinlar da qadağalara daha kəskin iradə
nümayiş etdirirlər. Bu, təsqadüfi deyil və insan psixologiyasının
qanunauyğunluqlarından irəli gəlir.
Dövlət yetkililəri
düşünməlidirlər ki, ideoloji radikalizm əvvəllər əhəmiyyətsiz dərəcədə zəif olsa
da niyə birdən-birə indiki qədər inkişaf etməyə başladı? Məncə, bunun səbəbi isə
savadsızlıq və cılızlıqdadır. Biz insanların qəlbinə, şüuruna və əxlaqına təsir
göstərə biləcək heç bir mükəmməl düşüncə sistemi yarada, sosial sifarişə cavab
verəcək tərzdə fəaliyyətimizi qura bilmiriksə, günahı başqasında yox, özümüzdə görməliyik.
Müdriklər deyirlər; “kamil insan hər şeyi özündə, cılız insan özgədə axtarar!“
Biz də bu kəlamla barışmalıyıq. Əgər barışmasaq başımız hələ çox ağrıyacaq.
Dini quruma rəhbərlik
edən şəxsin əvvəlcə ictimai statusunu, dindarlar tərəfindən nə qədər
sevildiyini, bu sahədə biliyini, insanlara sevgi ilə təsir etmək kimi qabiliyyətini
nəzərə almaq çox vacib məsələlərdəndir. Mən həmin şəxsləri qətiyyən təhqir
etmirəm. Amma onların bu işdə ortaya çıxara biləcəkləri yeganə nəticənin
ziddiyyətdən başqa bir şey olmayacağını görürəm. Dahi Kofutsi deyirdi ki, “qisas
almaq istəyirsənsə iki qəbir qazmalısan”.
Bəli, biz daxili
problemlərimizin çozülməsində sülh imkanlarının mövcud olduğu halda bundan
istifadə etmiriksə, deməli qorxuruq. Aqressivlik qorxu əlamətidir. Əksər
hallarda bu mövqe qarşı tərəfi qəhrəmana çevirir. Ona görə hesab edirəm ki, müəyyən
fikirlərdə dəyişiklik etmək lazımdır.
Yeri gəlmişkən, yaxın
günlərdə qələmə aldığım ikinci kitab işıq üzü görəcək kitabım bu məsələləri
daha dərindən incələyəcək. Adı “Din və Həqiqət” olan bu kitabda bu və digər bənzər
məsələlərlə bağlı bütün ziddiyyətli məsələlərə aydınlıq gətirilir. Materializm
və idealizm, kvant fizikası, təkamül nəzəriyyəsi və fiq elmi, quran fəlsəfəsini
qısa şərhi, spritualizm və metafizika bəhsi kimi mövzuların yeni və sağlam təfəkkürün
formlaşmasına müəyyən töhfələr verəcəyinə inanıram. Hər halda cəmiyyətdə barış
və sülh yaratmaq üçün hamı kimi mən də bilik və bacarığımdan maksimum istifadə
etməliyəm.