“Nə olsun dolaşmır dildə-ağızda
Gözləyib cücəni sayaq
payızda” deyən Azərbaycan Yazıçılar
Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, çağdaş Azərbaycan şerinin məşhur
simalarından olan Sabir Sarvanın bu günlərdə doğulub boya-başa çatdığı Ağsu
rayonunda yaradıcılıq gecəsi keçirilib. Moderator.az xəbər verir ki, Ağsu Rayon
İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin təşəbbüsü ilə yüksək səviyyədə
təşkil edilən tədbirə insanlar böyük ruh yüksəkliyi ilə gəlib. Tədbirin
aparıcısı olan şairin yaxın dostu, tanınmış şair-publisist Əjdər OL şair Sabir Sarvanın yaradıcılığı barədə yüksək
fikirlər söylədi. Bakıdan təşrif buyurmuş
Sabir müəllimin dostlarından şair Məmməd Aslan, AYB-nin katibi Rəşad Məcid,
ədəbiyyatşünas İlham Abbasov,Türkiyəli
araşdırmaçı İmdad Avşar, Mövlud Topraq, publisit Həmid Ormanlı(Qaralov),
jurnalist İlqar Məmmədov və. başqaları Sabir Sarvan yaradıcılığından, onun şerlərinə
güc verən yüksək məziyyətlərindən söhbət
açdılar.Tanınmış muğam ustaları Elnarə Abdullayeva və Abgül Mirzəliyevin
ifaları və bədii qiraət ustası Ağalar Bayramovun ifasında şairin müxtəlif
mövzularda yazdığı şerlər böyük maraqla dinlənilib. Tədbir boyu şair yeni şerlərini
oxuyub, oxucuların suallarına yadda qalan cavablar verib. Gecədə Azərbaycan Respublikasının Sosial Müdafiyə
Naziri Səlim Müslümovun bir oxucu kimi əvvəldən
axıradək iştirak etməsi yerli oxucular tərəfindən dərin rəğbətlə
qarşılanıb.
Elvin
Rafaeloğlu