Bugünlərdə Moderator.az-a “Buxar” Kollektiv Müəssisəsinin rəhbərliyi tərəfindən şikayət məktubu daxil olub. Məktubda “Buxar”KM-ə məxsus torpaqların müəssisənin keçmiş mühasibi, bir müddət Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində çalışan Tamara Həmidova tərəfindən mənimsənilməsi ilə bağlı iddialar yer alır: “T.Həmidova bir müddət bizim müəssisədə mühasib vəzifəsində çalışıb. Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsində fəaliyyətə başlayıb ki, məhz bu dönəmdə T.Həmidovanın adı müxtəlif qalmaqallarda hallanmağa balayıb. Belə ki, T.Həmidovanın “Buxar” KM-i tərk etməsindən sonra bəlli olub ki, xanım mühasib müəssisəyə məxsus 4294 saylı pasportu oğurlayıb və həmin sənədləri saxtalaşdıraraq notarial qaydada təsdiq etdirib. Məlum saxtakarlıqla bağlı olaydan xəbər tutan kimi dərhal məsələni araşdırmaq üçün hüquqi müstəvidə lazımi addımlar atmağa başladıq. Ilk növbədə olayla bağlı Səbail Rayon Prokurorluğunu məlumatlandırdıq. Bundan sonra iş Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinə göndərildi. Lakin 9-cu polis bölməsinin 21 dekabr 2013-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edildi. Bundan sonra həmin qərardan Səbail Rayon prkurorluğuna şikayət ünvanladıq. Səbail Rayon Prokurorluğu 5 fevral 2014-cü il tarixində Səbail Rayon Polis İdarəsinin 21 dekabr 2013-cü il tarixli qərarını ləğv edərək məsələni araşdılrmaq üçün işi Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərdi”.
Düyünə düşən iş və ya ikinci rədd qərarı
Şikayətçi tərəfin
bildirdiyinə görə, bu dəfə də cinayət işinin başlanması Səbail Rayon Polis İdarəsi
tərəfindən rədd edilir: “Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsi 4 mart
2014-cü il tarixində eyni əsasla cinayət işinin başlanmasını rədd edir. Bundan
sonra məsələnin araşdırılması üçün Bakı Şəhər Prokurorluğuna şikayət ərizəsi ilə
müraciət etdik. Bakı Şəhər Prokurorluğu Səbail Rayon Polis İdarəsinin istintaq
şöbəsinin 4 mart 2014-cü il tarixli qərarını ləğv edərək işi yenidən araşdırmaq
üçün Səbail Rayon Prokurorluğuna göndərdi. Lakin Səbail Rayon Prokurorluğu sadəcə
tərəflərdən məsələ ilə bağlı izahat almaqla kifayətləndi ki, bu da təbii ki,
bizi qane edə bilməzdi. Bu azmış kimi “Buxar” KM-nin Əmlakın
İntentarlaşdırılması Bürosu tərəfindən verilmiş 29 aprel 2003-cü il tarixli
texniki pasportun içərisindəki sənədlərin ardıcıllığı pozulur, müəssisənin yerləşdiyi
torpaq sahəsinin baş planı tamamilə tanınmaz vəziyyətə salınır. Bizim bütün səylərimizə
baxmayaraq nə sənədlərin BŞİH-nin arxivində olub-olmaması barəsində sorğu təqdim
edilmir, nə də qanunsuz olaraq pasportun surətlərini notarial qaydada təsdiq edən
notarius prokurorluğa çağırılaraq izahat alınır”.
Bürokratik süründürməçilik və Tamara Həmidovanın
“quruculuq prosesi”
Şikayətçinin sözlərinə
görə, hüquqi müstəvidəki bürokratik süründürməçilik davam etdiyi müddətdə T.Həmidova
“quruculuq prosesini” davam etdirir: “T.Həmidovanın
qeyri-qanuni zəbt etdiyi torpaq sahəsi Nizami rayonu, Çobanzadə küçəsində
yerləşən 105 kvadrat metrlik ərazidir. “Buxar” KM-nin yerləşdiyi əraziyə
bitişik ümumi istifadədə olan torpaq sahəsi T.Həmidova tərəfindən qanunsuz
olaraq zəbt edilib, ərazidə tikinti işləri aparılır. Qardaşı Cəlal Həmidovun
adından istifadə edərək ərazini hasarlayan T.Həmidova dövlət orqanlarının müvafiq
qərarına əhəmiyyət verməyə lüzum görmür. Halbuki, sözügedən ərazi sənaye, nəqliyyat,
rabitə və digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla su kəmərinin
mühafizə və sənaye zonalarını yaşayış massivindən ayıran sanitar-mühafizə
zolağı kimi istehsal obyektlərinin yerləşdirilməsi,
fəaliyyəti və istismarına lazımi şərait yaradılması məqsədi ilə nəzərdə tutulan
ərazidir. Sözügedən torpaq sahəsi şəhərin şərq hissəsini su ilə təchiz edən
1200-1400 mm-lik diametrə malik yeraltı su kəmərinin üzərində yerləşir. Azərbaycan
respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun
01.05.2012-ci il tarixli məktubunda da göstərilir ki, “həmin ərazidən
qanunvericilikdə nəzərdə tutulan hallar istisma olmaq müəyyən edilmiş qaydada
bostan və tərəvəz bitkilərinin becərilməsi üçün istifadə oluna bilər”. Adıçəkilən
qurumun Bakı şəhər şöbəsinin rəhbəri N.A.Məlikovun 06.05.2013-cü il tarixində Həmidov
Cəlal Əli oğluna mübahisəli ərazi ilə bağlı verdiyi ilk sənəddə göstərilir ki,
“qeyd olunan torpaq sahəsi kommunukasiya xəttinin mühafizə zonasında və sənaye
zonasını yaşayış massivindən ayıran sanitar-mühafizə zonasında yerləşdiriyindən,
onun Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 62-ci maddəsinə əsasən mülkiyyətə
verilməsi mümkün deyildir”. Lakin maraqlıdır ki, 19 sentyabr 2013-cü il
tarixində N.Məlikovun imzası ilə T.Həmidovanın xeyrinə başqa bir qərar verilir.
Fəqət 05 avqust 2014-cü il tarixli, 13667 nömrəli ekspert rəyinə və mütəxəssis
araşdırmaları barədə 07 noyabr 2014-cü il tarixli 17-3/1473 saylı arayışa əsasən
qeyd olunan fərdi yaşayış evinin, digər tikililərin həqiqətən magistral su kəmərinin
üzərində tikilməsi tam sübuta yetirilib”.
Dövlət qurumlarının ötür-ötür əməliyyatı
“Buxar” KM rəhbərliyinin
bildirdiyinə görə, hazırda iş Respublika Prokurorluğu ilə FHN-nin İstintaq İdarəsi
arasında “yol ölçür”: “Müəssisəmizlə bağlı məlum işin araşdırılması Baş
Prokurorluq tərəfindən FHN-nin İstintaq İdarəsinə təqdim edilsə də, “naməlum səbəblərdən”
iş yenidən prokurorluğa qaytarıldı. Hazırda iş Azərbaycan Respublikası
Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar Nazirlikləri, Dövlət
Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində
qanunların icrasına nəzarət idarəsinin rəisi Rasim Hacıyevin nəzarətindədir.
Ümid etmək istəyirik ki, iş tezliklə FHN-nin İstintaq İdarəsinə göndəriləcək və
bu qurum məsələni obyektiv surətdə araşdırmaqla qanuni haqqımızı təmin edəcəkdir”.
Məsələ
ilə bağlı əlaqədar qurumların mövqeyini öyrənməyə çalışacayıq.
P.S.Mövzu ilə bağlı bütün maraqlı tərəflərin
mövqeyini işıqlandırmağa hazırıq.